Logo

İntellektual bulud sistemlərinin kibertəhlükəsizliyinin təmini ilə bağlı mühüm nəticələr əldə olunub

05.09.2023 17:51 168 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın müəllifi olduğu “İntellektual bulud sistemlərinin kibertəhlükəsizlik və kiberdayanıqlılıq məsələləri” (Cyber resilience and cyber security issues of intelligent cloud computing systems) adlı məqalə “Results in Control and Optimization” jurnalında dərc edilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsi onun strukturunu təşkil edən komponentlərə əsasən aparılmalıdır. Bu texnologiyanın kibertəhlükəsizliyinin təkmilləşdirilməsində ilk addım onun təhdidlərinin dəqiq müəyyənləşdirilməsidir. Məqalədə bulud texnologiyalarının ayrı-ayrı laylarını təşkil edən komponentlərdən ibarət bulud informasiya sisteminin yeni kibertəhlükəsizlik etalon modeli təklif edilib. Yanaşmada virtuallaşma və xidmətlər layı, bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsində zəruri olan əsas komponentlər ətraflı təsvir olunub, bulud infrastrukturuna kiberhücumlar həyata keçirmək üçün hücumçular tərəfindən daxil edilən mətn tipli məlumatların toplandığı sosial media IoT sensor layı, buludun kiberdayanıqlılığı məsələləri daxil edilib. Məqalədə, həmçinin bulud sistemlərinin servis modellərinin kibertəhlükəsizlik məsələləri araşdırılıb, bulud texnologiyaları sistemlərinin təhlükəsizliyi üçün hücum modeli qurulub. Bulud texnologiyalarının kibertəhlükəsizliyi üzrə standartların və qanunvericilik aktlarının şərhi verilib. Bulud sistemlərinin kibertəhlükəsizlik və kiberdayanıqlılıq anlayışlarına təhlükəsizlik aspektlərinə görə aydınlıq gətirilib. İntellektual bulud sistemlərinin kiberdayanıqlılıq arxitekturası işlənib. Təklif edilmiş kiberdayanıqlılıq modelində bulud sistemlərinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik aspektləri müəyyən edilir və onların birləşdirilməsi əsasında bulud sistemlərinin kiberdayanıqlılıq aspektləri formalaşdırılır.

Məqalə SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant №3 LR-AMEA) çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, “Results in Control and Optimization” jurnalı “Süni İntellekt” kateqoriyasında 301 jurnal arasında 18-ci mövqedə qərarlaşıb. Jurnal “Scopus” beynəlxalq bazasında indeksləşir və elmmetrik göstəricilərə malikdir.

Xəbər lenti