İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və şöbənin əməkdaşı Aytən Əhmədovanın həmmüəllifi olduqları məruzə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Raspoznavaniye-2023) XVII beynəlxalq elmi-texniki konfransına təqdim olunub.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
“Tibdə rəqəmsal əkizlərin ümumi arxitekturası” mövzusunda məruzə ilə çıxış edən A.Əhmədova rəqəmsal əkizlər texnologiyasının təqdim etdiyi geniş imkanlardan danışıb. Qeyd edib ki, rəqəmsal əkiz canlı və ya cansız fiziki obyektlərin rəqəmsal surəti olaraq müəyyən seçimlərin, həllərin tətbiqinin təsirlərini test etməyə və proqnozlaşdırmağa, həmçinin əldə olunmuş nəticələri asanlıqla vizuallaşdırmağa imkan verir.
“Rəqəmsal əkiz və onun real həyatdakı qarşılığı arasında fasiləsiz və etibarlı məlumat axınını təmin edən əlaqə tələb olunur”, – deyən A.Əhmədova rəqəmsal əkizlərin səhiyyə sahəsində tətbiqinin üstünlüklərindən danışıb. O, səhiyyənin rəqəmsal əkizin inqilabi təsir göstərə biləcəyi sahələrdən olduğunu bildirib.
Məruzəçi aralarında fasiləsiz məlumat mübadiləsi olan fiziki obyekt və virtual obyektin əmələ gətirdiyi tibbi rəqəmsal əkizlərin ümumiləşdirilmiş arxitekturasını təqdim edib. Tədqiqatçının sözlərinə görə, tibbi rəqəmsal əkizin müvafiq fiziki obyektlərindən 4G/5G, əşyaların interneti, süni intellekt texnologiyaları vasitəsilə mütəmadi toplanan sensor məlumatların həcmi artdıqca rəqəmsal əkiz də inkişaf edir və daha “ağıllı” qərarların qəbulunu təmin edir. O, fərdiləşdirilmiş tibbin formalaşmasında rəqəmsal əkiz texnologiyasının tətbiqinin müsbət rola malik olduğunu da əlavə edib.