Logo

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

27.11.2023 23:31 183 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının cari ildə son iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İclası giriş sözü ilə institutun baş direktoru, akademik Akif Əlizadə açıb.

Tədbir 2023-cü ildə tamamlanmış “Qafqaz-Xəzər bölgəsinin iqlim, müasir tektonik proseslər, dəniz səviyyə dəyişmələri və topoqrafiya əlaqəsinin təhlili” (2020-2023) (akademik F.Qədirov, c.e.d. Z.Eminov, Geologiya və Geofizika İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu) mövzusunda elmi-tədqiqat işi üzrə hesabatların müzakirəsi ilə başlayıb. Bu elmi-tədqiqat işi çərçivəsində tədqiqatlar hər iki institutun əməkdaşlarının birgə səyi nəticəsində həyata keçirilib.

Akademik Fəxrəddin Qədirov və Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Xəzərin səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillərdən danışaraq iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansı komponentləri, iqlimə dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik, tektonik amillər və digər məsələlərə aydınlıq gətiriblər. Həmçinin Azərbaycanın dənizsahili ərazilərinin müasir və gözlənilən iqlim şəraiti haqqında geniş məlumat təqdim ediblər. Bildirilib ki, ən aşağı temperatur Abşeron yarımadasından şimalda yerləşən ərazilərdə müşahidə olunur (13,50 C). Yağıntılar ən az Abşeron yarımadası və adalarda (114 – 291 mm), ən çox (1158-1235 mm) Lənkəran ovalığında müşahidə edilir.

F.-r.e.d. Qalina Martınova “Azərbaycanın müalicəvi neftlərinin (Naftalan) biomarkerləri və adamantoidləri” (2021-2023) mövzusunda etdiyi təqdimatda müalicəvi Naftalan neftinin xüsusiyyətlərindən danışaraq bu təbii neməti Suraxanı, Qərbi Sibir, Krım, Kamçatka, Xorvatiyada hasil edilən neftlə müqayisəli təhlilini verib.

Elmi şuranın iclası elmi-tədqiqat işinin proqramının institutun tematik planına daxil edilməsi haqqında qərarın müzakirəsi ilə davam edib. AR ETN Neft və Qaz İnstitutu ilə yeni ildən başlayaraq birgə yerinə yetiriləcək “Şimali Qafqaz və Mərkəzi İran mikroplitələrinin kolliziya bağlanma vilayətində Paleozoy (Devon-Perm) və Mezozoy (Trias-Yura) təkamül proseslərinin geodinamik modelləri (palinspastik yenidənqurmalar” (2024-2026) mövzusu haqqında AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin çıxışı dinlənilib.

AMEA-nın müxbir üzvü Dadaş Hüseynov isə “Geologiya və Geofizika İnstitutunun 2023-2025-ci illər üçün İnkişaf Strategiyası” haqqında məlumat verib.

Akademik Fəxrəddin Qədirov və BDU-nu təmsil edən Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov Geologiya və Geofizika İnstitutundakı Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” baza kafedrasının fəaliyyəti haqqında danışıblar.

Elmi şuranın iclası AMEA-nın müxbir üzvü T.Kəngərlinin “YUNESKO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması üzrə yerinə yetirilən işlərdə Geologiya və Geofizika İnstitutunun iştirakı”, həmçinin “Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (Kollokvium) 2023-cü ildəki fəaliyyəti haqqında” çıxışları ilə davam etdirilib.

İclas iştirakçıları Geologiya və Geofizika İnstitutunun 2023-cü ildəki redaksiya-nəşriyyat (“ANAS Transactions, Earth Sciences”; “Stratiqrafiya, neft sedimentologiyası, geokimya” jurnalları) fəaliyyəti haqqında akademik Fəxrəddin Qədirovun hesabatını dinləyiblər.

“Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzinin fəaliyyəti haqqında şöbə müdiri Nazim Sadıqovun, “Geologiya və Geofizika İnstitutu kütləvi informasiya vasitələrində (2023-cü il üzrə)” mövzusunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərlinin, GGİ-də doktorantura üzrə kadr hazırlığı haqqında şöbə müdiri, y.e.ü.f.d. Səadət Ələkbərovanın hesabat xarakterli təqdimatı dinlənildikdən sonra Elmi şura bir sıra təşkilati məsələlərin üzərində dayanıb, həmçinin çoxsaylı təklif və suallara aydınlıq gətirilib.

Sonda digər cari məsələlər müzakirə olunub.

Xəbər lenti