Logo

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

07.12.2023 21:00 156 baxış
IMG

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Ae Herbiq tipli HD190073 ulduzunun 2015-ci ildə alınmış spektral müşahidə materialının təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda qeyri-adi Ae Herbig tipli V1295 Aql ulduzunda 2015-ci ildə aparılan uzunmüddətli spektral müşahidələr zamanı ulduzun spektrinin bir sıra yeni xüsusiyyətlərinin aşkar edilməsindən danışıb. O, bildirib ki, hidrogenin Balmer seriyasının Hα və Hβ xətlərinin şüalanma komponentlərinin profillərində və spektrofotometrik parametrlərində dəyişikliklər müəyyən edilmişdir. Bu dəyişmələrin həm qısamüddətli (bir gün ərzində), həm də uzunmüddətli (bir neçə il ərzində) vaxt ərzində baş verdiyi aşkar olunmuşdur. Tədqiqatların nəticəsinə əsasən, məlum olmuşdur ki, hidrogenin Hα xəttinin profillərində mavi udulma komponentinin güclənməsi ilə ulduzun spektrinin dəyişkənliyi artır. Bu isə həmin anda ulduzdan kütlə atılmasının və ya düşməsinin mövcudluğunu göstərir. Yalnız 2015-ci ildə alınan materialının analizi göstərdi ki, 98 günlük bir zaman intervalında, bu xətlərin sinxron dəyişkənliyi təxminən 40 günlük xarakterik vaxtla baş verir.

Hα və Hβ xətlərinin şüalanma komponentlərinin profillərindəki dəyişikliklərin monitorinqi göstərdi ki, xətlərdə əsas dəyişkənlik ayrı-ayrı komponentlərin qanadlarında baş verir. Hidrogen şüalanma xətlərinin yarımeni 250 km/s, kontiniumu səviyyəsindəki tam eni 350 km/s-dir. Belə sürət yalnız akkresiya olan disklərdə müşahidə olunur.

Bundan başqa, məruzədə HeI 5876, [OI] 6300, 6363, NaI D1, D2, SiII 6347 və 6371 xətlərinin təhlilinə də yer verilib. Bildirilib ki, bu xətlərin profilləri onların güclü xromosferdə yarana biləcəyini göstərir.

Maraqlı məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti