Logo

BDU-nun doktorantı: "Multikulturalizm Azərbaycanda həyat tərzi, dövlət siyasətidir"

08.04.2021 17:10 980 baxış
IMG

Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın qovşağında yerləşən və tarix boyu ayrı-ayrı mədəniyyətlərin inkişafına şahid olmuş ölkədir. Müxtəlif zaman kəsiyində Azərbaycan fərqli etnos qruplarının dillərinə, dinlərinə, adət-ənənələrinə ehtiramla yanaşmış, ölkə daxilində və xaricində digər xalqların nümayəndələri ilə sıx dostluq münasibətləri qurmuşdur. Mədəniyyətlərarası dialoq və dinlərarası tolerantlığın mövcudluğu Azərbaycanı ayrı-ayrı etnos nümayəndələrinin birgə yaşayış məkanına çevirmişdir. Burada müsəlmanlar, xristian və yəhudilər qarşılıqlı dostluq və əmin-amanlıq içində yaşayırlar.

 

Multikulturalizm – müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşamasını dəstəkləyən, onların milli-mədəni fərqliliklərinə hörmət edən, etnik-mədəni dəyərlərini qəbul edən və dəstəkləyən inanc və davranışları özündə cəmləşdirən bir sistemdir. Multikulturalizm etnik rəngarəngliyin qorunmasını təmin edərək, ayrı-ayrı etnik qrup mədəniyyətlərinin fərqliliyini himayə etməyə təşviq edir. Lakin tarixin müxtəlif mərhələlərində dünyada izolyasiya, aparteid, mədəni assimilyasiya və irqi ayrı-seçkilik kimi digər məskunlaşma siyasətləri də mövcud olub. Təcridçilik siyasəti- yad insanların (xüsusən mədəni baxımdan yad olanların) öz ölkələrində məskunlaşıb, orada yaşamasını qəbul etmir, bu səbəbdən fərqli mədəniyyətlərin paralel mövcudluğunu istisna edir. Tarixi təcrübədə bu kimi irqi, etnik-dini ayrı-seçkilik iflasa düçar olub, iri miqyaslı konfliktlərin yaranmasına səbəb olmuşdur. Azərbaycanda belə hallara rast gəlinməyib, əksinə fərqli mədəniyyətə sahib etnoslara daima hörmət və anlayışla yanaşılmışdır.

 

İrqi, milli və dini ayrı-seçkiliyin tənqid olunduğu, birgəyaşayış və etnik-dini dözümlülüyün təşviq olunduğu bir zamanda Azərbaycanda multikulturalizmin bu səviyyədə inkişafı həm də bu prosesin insanlar arasında tarixən mövcud olduğunu sübut edir. Əsrlər boyu millətimizə məxsus sülhsevərlilik və humanizm ideyaları müasir dövrdə mədəniyyətlərarası dialoqun təminatçısı olmuşdur. Multikulturalizmin dövlət siyasətinə çevrilməsində əsas məqsədlərdən biri də Azərbaycanda digər etnik qruplara olan xoş münasibətini dünya miqyasında tanıtmaqdır.

 

Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Bu siyasətin inkişafında dövlət başçısının rolu böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan etmiş, onun inkişafı üçün böyük addımlar atmışdır. Belə siyasi mövqe ölkəmizin tarixi keçmişi ilə müasir dünya tələblərinin arasında inkişaf ortaqlığı yaradır. 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi dövlət başçısının Azərbaycanda yaşayan bütün xalqlara diqqət və qayğısının göstəricisidir. Dövlət başçısının göstərişi ilə Azərbaycanda dini abidələrin, məscid, kilsə və sinaqoqların bərpasına çox böyük önəm verilir.

 

Azərbaycan 2008-ci ildən “Bakı Prosesi” hərəkatının təşəbbüskarı olub, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun yaradılması üçün islam ölkələri ilə Avropa arasında vasitəçi rolu oymağa başlayıb. “Bakı Prosesi” hərəkatı çərçivəsində YUNESKO, İSESKO, BMT-nin Sivilizasiyalar Alyansının tərəfdaşlığı ilə ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına ev sahibliyi edib. Azərbaycanın multikulturalizm, tolerantlığın təmini adına atdığı bu addımlar mədəniyyətlərarası dialoqun təşviqi prosesində onun müstəsna rolunu bir daha qeyd edir. Eyni zamanda Heydər Əliyev Fondunun ölkəmizdə artıq həyat tərzinə çevrilən multikulturalizmin nailiyyətlərinin beynəlxalq arenada tanıtması, onun mədəni, sosial və siyasi mahiyyətinin təbliği yönündə fəaliyyəti əvəzsizdir.

 

Ölkəmizdə multikulturalizmin uğurlu icrasını sübut edən ən önəmli faktorlardan biri İkinci Qarabağ müharibəsində müxtəlif dini və etnik kökə sahib insanların öz doğma vətənləri olan – Azərbaycan uğrunda “dəmir yumruq” ətrafında birləşərək düşmənə layiqli cavab verməsidir.

 

Qeyd edilməlidir ki, müasir çoxmillətli cəmiyyətdə multikulturalizm siyasəti olmadan yüksək inkişaf göstəricisi əldə etmək mümkün deyil. Azərbaycanda bu istiqamətin inkişafı üçün atılan addımlar va həyata keçirilən tədbirlər planı çərçivəsində müxtəlif etnik qruplardan olan vətəndaşlara bərabər hüquqi, siyasi, ictimai və sosial sahələrdə tam bərabər mövqedə yanaşılır və onların gələcək inkişafına hər şərait təmin edilir. Zaman bir daha sübut edir ki, Azərbaycan xalqının ruhunu təcəssüm etdirən multikulturalizm siyasəti cəmiyyətin idarə olunması baxımından seçilmiş əvəzsiz modeldir.

 

Arzu Əkbərova

BDU-nun Tarixi muzeyinin əməkdaşı,

Tarix fakültəsinin doktorantı

Xəbər lenti