Logo

Əlyazmalar İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

30.03.2024 11:40 114 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib. 

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Anım mərasimini açan Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə Azərbaycan xalqının son iki əsrdə erməni faşizmi və terrorizminə məruz qaldığını, millətçi daşnakların yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində baş verən faciələrin günahsız insanların həyatına son qoyduğunu söyləyib. 31 Mart soyqırımı ilə bağlı Əlyazmalar İnstitutu tərəfindən ərsəyə gələn nəşrlərdən söz açan alim bu faciəyə dair tarixi faktları diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının əzmini, mübarizliyini, məğrurluğunu sındıra bilməyən bu qanlı cinayət milli birliyimizin daha da möhkəmlənməsinə səbəb olub və dövlətçiliyimizin bərpasına zəmin yaradıb.

Tədbirdə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Aynur Hacıqədirlinin “1918-ci il mart hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsidir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə təcavüzkar erməni daşnak birləşmələrinin öz havadarlarından güc alaraq xalqımıza qarşı törətdiyi qanlı soyqırımı aktını təsdiq edən tarixi sənədlərə istinad edən alim milli bayramımız olan Novruz ərəfəsində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin məhz milli və dini mənsubiyyətinə görə qətlə yetirildiyini diqqətə çatdırıb. O, erməni daşnak-bolşevik hərbi-siyasi rəhbərlərinin fitvası ilə dinc əhaliyə divan tutulduğunu, yaşayış məntəqələrinin dağıdıldığını, mədəniyyət abidələri, məscid və qəbiristanlıqların yerlə-yeksan edildiyini vurğulayıb. Məruzəçi ermənilərin bu qeyri-insani əməllərinin, törətdikləri soyqırımı aktlarının təkcə Bakı quberniyasında deyil, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə həyata keçirildiyi qeyd edib, tarixi məxəzlərdə kütləvi qətllər, talanlar və etnik təmizləmələrlə bağlı faktları gənclərin diqqətinə çatdırıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Fəridə Həsənova 31 Mart soyqırımı ilə bağlı hadisələrin gələcək nəsillərə çatdırılmasının düşmənin iç üzünün tanıdılması baxımından vacib olduğunu bildirib. O, məlum hadisəyə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini və bunun nəticəsində Ulu Öndərin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Məruzə ətrafında institutun Gənc Alim və Mütəxəssislər Şurasının digər üzvləri də çıxışlar ediblər. Gənclər nəzərə çatdırıblar ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 gün davam edən Vətən müharibəsində verilib. Nəhayət, Ermənistanın 30 illik işğalına son qoyulub, ordumuzun qəhrəmanlığı sayəsində ötən ilin sentyabr ayında antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib.

Tədbirin sonunda Əlyazmalar İnstitutunun gənc alim və mütəxəssisləri Məmməd Səid Ordubadinin 31 Mart hadisələrindən bəhs edən “Qanlı sənələr” əsərinin müxtəlif illərdə nəşr edilən çap nüsxələri ilə tanış olublar.

Xəbər lenti