Logo

Şöbə müdiri: "Özəl bağçalarda dövlət hesabına təhsil pulsuz olmayacaq"

12.07.2024 22:53 344 baxış
IMG

"Məktəbəqədər müəssisə qayğı mərkəzi kimi qəbul edilir. Uşaq sadəcə, yesin, yatsın, bu kifayət edir".

Bu sözləri APA-ya müsahibəsi zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Həmin müsahibəni təqdim edirik:

- İlahə xanım, artıq uzun müddətdir ki, "məktəbəqədər tərbiyə" anlayışı "məktəbəqədər təhsil" anlayışı ilə əvəz olunub. Elm və təhsil naziri Emin Əmrullayev də qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə, qayğı ilə yanaşı, tədris işi də aparılmalıdır. Hədəf bu tədrisin keyfiyyətini yüksəltməkdir. Bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrində tədrisin keyfiyyəti üzrə qiymətləndirmə necə aparılır?

- İndiyədək valideynlər, məktəbəqədər təhsil sahəsində çalışanlar, ümumilikdə, cəmiyyət tərəfindən məktəbəqədər müəssisə qayğı mərkəzi kimi qəbul edilir. Uşaq sadəcə, yesin, yatsın, bu kifayət edir. Müasir dövrün tələbləri bu yanaşmanın dəyişilməsini qaçılmaz edir. Qeyd edim ki, təhsil sahəsində PIRLS, PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə proqramları var.

Azərbaycan hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatda (Progress in International Reading Literacy Study) iştirak edir.

Bundan başqa ölkəmiz İqtisadı Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir 15 yaşlı uşaqlar arasında keçirilən Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı - PİSA (Programme for International Student Assessment) və 4 ildən bir 4-cü və 8-ci siniflər arasında təşkil edilən Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramına (TIMSS) qoşulub. Hər üç tədqiqatın nəticələri və araşdırmalar göstərir ki, uşaqların akademik nəticələrinə təsir edən faktorlardan biri də onların məktəbəqədər təhsilə cəlb olunmalarıdır.

Çünki beş yaşa qədər olan dövr uşaqların inkişafı üçün çox vacibdir. Bu dövrdə uşaqların sosial-emosional və fiziki bacarıqları inkişaf edir. Bu mərhələdə azyaşlılar müsbət, pozitiv öyrənmə mühiti ilə əhatə olunmalıdırlar. Çünki uşaqlar bu yaş dövründə ətrafda baş verən və olan hər şey haqqında məlumat almağa və öyrənməyə can atırlar. Kiçik bir kağız parçası belə onlarda maraq oyadır. Bunun üçün bahalı oyuncaqlara ehtiyac yoxdur.

Məktəbəqədər dövrdə qayğı ilə yanaşı, qeyri-formal öyrənmə komponenti mühüm elementdir. Artıq iki ildir ki, məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tərkibinə keçib. Amma tələb-təklif arasında fərq olduğuna görə Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində alternativ modellər tətbiq edilir. İcmaəsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları bunlara misaldır. Sözsüz ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, keyfiyyəti də önəmlidir. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər keçiririk. Monitorinqlər beynəlxalq standartlara uyğun hazırlanmış çərçivə sənədi və alətlərlə aparılır. İnfrastrukturdan tutmuş məzmun, kommunikasiya, bağça sənədləri, qida və s proseslər yoxlanılır.

- Ölkə üzrə 1668 məktəbəqədər təhsil müəssisəsi var. Bu müəssisələrdə təhsil verənlərin sayı isə 17 mindən çoxdur. Lakin məktəbəqədər təhsil müəssisəsi olmayan kəndlər, ərazilər hələ də qalmaqdadır və ya valideyn olduğu ərazidən uşağını müəssisəyə aparmaq üçün uzun bir məsafə qət etmək məcburiyyətində qalır. Təhsil isə hamı üçün əlçatan olmalıdır. Bu istiqamətdə hansı işlər aparılır?

- Doğrudur ki, ölkə üzrə 1668 bağça, 6254 qrup var. Eyni zamanda, ölkə üzrə boş yerlərin sayı 57 237 olaraq proqnozlaşdırılır. Bağçaların böyük hissəsi Bakının payına düşür. Paytaxtda təxminən 330-dan çox məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bəzi regionlar var ki, bağçaların sayı azdır. Hər kənddə bir bağça tikmək uzun və bahalı bir prosesdir. Dünyada bununla bağlı uğurlu təcrübələr var. Onlardan biri icma əsaslı məktəbəqədər təhsil qruplarıdır. Altıncı ildir ki, ölkəmizdə fəaliyyət göstərən icma əsaslı qrupların 80%-i regionların payına düşür. Bu, çox uğurlu modellərdən biridir. Üç-dörd yaşlı təxminən 16 550 uşaq həmin qruplara cəlb edilib. Bu il əlavə olaraq 140 mərkəzdə icma əsaslı təhsil qrupları açılacaq. Bu, ümumilikdə, 1168 qrup deməkdir. Belə qruplar əsasən, bağça olmayan ərazilərdə yaradılır. Tədris prosesinə valideynlər də cəlb edilir. Çünki valideynlər uşaqların həm də ilk müəllimləridir.

 

Xəbər lenti