Logo

BDU-da elektromaqnit sahəsinə qarşı qoruyucu örtüklərin hazırlanması üçün nanokompozitlər sintez edilir

27.06.2024 13:23 287 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Flora Hacıyeva və Həbibə Şirinovanın həmmüəllifi olduqları “PP+Fe3O4+çoxlaylı karbon nanoboruları nanohibrid əsaslı polimer nanokompozitin strukturu, elektrik və maqnetorezistiv xüsusiyyətləri” (Structural, electrical and magnetoresistance feature of PP+Fe3O4+multi-walled carbon nanotubes nano-hybrid based polymer nanocomposite) adlı məqalə “Web of Science” bazasında Q2 kvartillı jurnallar siyahısına daxil olan “The Journal of Thermoplastic Composite Materials” (IF: 3.6) nəşrində dərc olunub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, universitetin əməkdaşları tərəfindən termoplastik polipropilen, Fe₃O₄ nanohissəcikləri və çoxlaylı karbon nanoboruları (ÇKNB) əsasında yeni hibrid polimer nanokompozit materiallar sintez edilib, quruluşu və xassələri araşdırılıb. Müəyyən edilib ki, ÇKNB-nin polimer matrisdə istiqamətlənməsi hesabına nanokompozitdə nizamlı quruluş formalaşır və bu da öz növbəsində nanokompozitdə fazalararası qütbləşmənin rolunu artıraraq dielektrik nüfuzluğunun artmasına səbəb olur. Həmçinin PP+ÇKNB+ Fe₃O₄ sistemində mənfi maqnit müqaviməti effekti tədqiq edilib və otaq temperaturunda bu effektin nanokompozitdə müşahidə olunması Fe₃O₄ nanohissəciklərinin spin polyarlaşması ilə əlaqələndirilib.

Qeyd edək ki, PP+ÇKNB+ Fe₃O₄ tipli nanokompozitlərin alınma texnologiyasının işlənilərək optimallaşdırılması və xassələrinin tədqiqi belə materialların maqnit sahə sensorları və elektromaqnit sahəsinə qarşı qoruyucu örtüklərin hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.

Xəbər lenti