Noyabrın 18-də COP29 çərçivəsində “Təhsilin yaşıllaşdırılması və gələcəyin planlaşdırılması” mövzusunda tədbir keçirilib. ISESCO və Kembric Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə müxtəlif ölkələri təmsil edən spikerlər iqlim dəyişmələrinin təhsil sisteminə təsirlərindən, eləcə də təhsilin yaşıllaşdırılması mövzusunda mövcud təcrübələrdən danışıblar.
Nazir müavini Həsən Həsənli təhsil sistemində qiymətləndirmənin əhəmiyyətindən söz açıb. Bildirib ki, qiymətləndirmə qarşıya çıxan problemlərin kökünü müəyyən etmək və ona effektiv yanaşmaq üçün vacib bir vasitədir.
H.Həsənli əlavə edib ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə iqlim savadlılığının PISA qiymətləndirməsinə daxil edilməsi təşəbbüsü 2029-cu ildə həyata keçiriləcək. Bu təşəbbüs ölkələrin iqlim dəyişikliklərinə qarşı daha sistemli və koordinasiyalı tədbirlər görməsi üçün mühüm addım olacaq.
Tədbir çərçivəsində yaşıl təhsil sisteminə dair tövsiyələr səsləndirilib və müzakirələr aparılıb.