Logo

Heyvandarlıq ixtisası: Peşə perspektivləri və reallıqlar

05.12.2024 18:23 244 baxış
IMG

Heyvandarlıq ixtisası: Peşə Perspektivləri və Reallıqlar

Son illər Azərbaycan təhsil sistemində yeni ixtisasların açılması və mövcud ixtisasların modernləşdirilməsi istiqamətində ciddi addımlar atılır. Bu yeniliklər arasında “Heyvandarlıq” ixtisasının təsis edilməsi də xüsusi diqqət çəkir. Məqsəd kənd təsərrüfatı sektorunun inkişafını təmin etmək, müasir yanaşmalarla heyvandarlıq sahəsində kadr hazırlamaqdır. Lakin bu sahədə peşə perspektivlərinin reallıqla nə qədər uyğun gəldiyi geniş müzakirə tələb edir. Təhsil eksperti Kamran Əsədov hesab edir ki, hər yeni ixtisas ölkədə işsizliyi azaltmaq, iqtisadiyyatı gücləndirmək və inkişaf üçün baza yaratmaq məqsədinə xidmət etməlidir. Təəssüf ki, hazırkı reallıqda bu məqsədə nail olmaq müəyyən problemlərlə üzləşir.

Heyvandarlıq ixtisasının açılması müasir tələblərə uyğun, yüksək ixtisaslı kadrların hazırlanması baxımından müsbət addım kimi qiymətləndirilə bilər. Bu sahə üzrə təhsil almış mütəxəssislərin genetik seleksiya, qida təhlükəsizliyi, heyvan sağlamlığı və məhsuldarlığın artırılması kimi strateji əhəmiyyət kəsb edən istiqamətlərdə fəaliyyət göstərə biləcəyi nəzərdə tutulur. Dünyanın qabaqcıl ölkələrində – məsələn, Hollandiya, Avstraliya və Yeni Zelandiyada heyvandarlıq ixtisasına sahib olan mütəxəssislər yüksək texnologiyalarla işləyərək kənd təsərrüfatının əsas sütunlarından biri olan bu sahənin inkişafına töhfə verirlər.

Lakin Azərbaycanda bu ixtisası bitirən gənclərin qarşılaşdığı real iş imkanları daha məhduddur. Ölkədə kənd təsərrüfatı sektorunun struktur problemi, texnoloji gerilik və müasir fermaların azlığı bu sahədə ixtisaslaşmış kadrlara olan tələbatı aşağı salır. Statistikaya əsasən, Azərbaycanın əmək bazarında kənd təsərrüfatı sektoru üzrə ixtisaslı kadrların yalnız 20%-i öz ixtisasına uyğun işlə təmin olunur. Yerdə qalan mütəxəssislər ya başqa sahələrdə iş axtarır, ya da ümumiyyətlə, işsiz qalır. Bu isə cəmiyyətdə belə bir yanlış fikirin formalaşmasına gətirib çıxarır: “Heyvandarlıq ixtisası bitirənlər şobanlıqdan başqa bir iş tapmayacaq”.

Kamran Əsədov bildirir ki, bu stereotipi aradan qaldırmaq və heyvandarlıq sahəsini cəlbedici etmək üçün bir neçə vacib addım atılmalıdır. İlk növbədə, dövlət və özəl sektor arasında əməkdaşlıq çərçivəsində müasir heyvandarlıq fermalarının yaradılması vacibdir. Bu müəssisələr həm yerli kadrların ixtisaslarına uyğun işlə təmin edilməsinə, həm də onların beynəlxalq səviyyədə rəqabətədavamlı bacarıqlara yiyələnməsinə imkan verəcək. Hazırda Azərbaycan fermerlərinin əksəriyyəti hələ də ənənəvi metodlarla fəaliyyət göstərir və müasir elmi yanaşmalardan uzaqdır.

İkinci mühüm məsələ, təhsil proqramlarının təkmilləşdirilməsi və praktiki biliklərin artırılmasıdır. Heyvandarlıq ixtisası üzrə təhsil alan tələbələr üçün yalnız nəzəri dərslər deyil, həm də real istehsalat təcrübəsi təmin olunmalıdır. Məsələn, Türkiyədə heyvandarlıq fakültələrində tələbələr müasir texnologiyalarla təchiz olunmuş fermalarda praktiki məşğələlər keçir, məzun olduqdan sonra isə asanlıqla öz sahələrində iş tapırlar.

Üçüncü vacib istiqamət kənd təsərrüfatı sektorunda startapların təşviqidir. Dövlət heyvandarlıq sahəsində yenilikçi ideyalara dəstək göstərməli, müasir texnologiyalara əsaslanan startaplara subsidiyalar ayırmalıdır. Bununla gənc mütəxəssislər yalnız iş yeri axtarmaqla kifayətlənməz, həm də özləri yeni iş yerləri yaradar.

Kamran Əsədovun fikrincə, ali təhsilli heyvandarlıq mütəxəssisləri yalnız şobanlıqla məşğul olmamalıdır. Əksinə, bu kadrlar elmi tədqiqatlar, texnologiya tətbiqi, ekoloji davamlılıq və istehsalın optimallaşdırılması kimi yüksək ixtisas tələb edən sahələrdə işləməlidir. Lakin bunun üçün ölkədə işəgötürmə mədəniyyəti dəyişməli, kənd təsərrüfatı sektoru dövlət siyasətinin prioritetlərindən birinə çevrilməlidir.

Nəticə olaraq, heyvandarlıq ixtisası yalnız diplom əldə etmək üçün deyil, həm də Azərbaycanın kənd təsərrüfatı sektorunun müasir səviyyəyə çatdırılması üçün strateji rol oynayan bir sahə olmalıdır. Təhsil və iqtisadiyyat arasında əlaqənin düzgün qurulması sayəsində bu sahə həm işsizliyi azaldacaq, həm də ölkənin iqtisadi inkişafına töhfə verəcək.

 

Bəhman Hüseynli

Xəbər lenti