Araşdırmalar göstərir ki, hər gün 30 dəqiqəlik məşq yaddaşı yaxşılaşdırır.
TƏHSİL.BİZ xəbər verir ki, aparılan tədqiqatların nəticəsi gəzintinin və ya velosiped sürməyin həm həmin gün, həm də sonrakı günlərdə idrak performansını yaxşılaşdırdığını göstərir.
Velosipedlə işə gedib gələnlər və günə yüksək templi gəzinti ilə başlayanlar üçün erkən saatda edilən məşqlərin faydaları məlumdur. Artıq alimlər idman məşqlərinin həmin günü yaxşılaşdırmaq üçün təkcə yaxşı bir ideya deyil, həmçinin sonrakı günlərdə yaddaşın gücləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edirlər.
London Universitet Kollecində aparılan araşdırma göstərir ki, 30 dəqiqəlik orta templi və ya şiddətli məşq və ən azı 6 saatlıq yuxu ertəsi gün idrak performansını yaxşılaşdıra bilər. Araşdırmanın müəllifi Mikaela Blomberqin sözlərinə görə, fiziki fəallıq beyin üçün faydalıdır və yaxşı yuxu da buna kömək edir.
Tədqiqatlar onu da qeyd edir ki, fiziki aktivlik idrak funksiyasını yaxşılaşdırmaqla yanaşı, demensiya (beyin funksiyalarında hüceyrə zədələnməsi ilə xarakterizə olunan, əsasən yaddaş, düşüncə, oriyentasiya, anlama, hesablama, öyrənmə qabiliyyəti, dil və mühakimə kimi koqnitiv funksiyalarda əhəmiyyətli azalma ilə nəticələnən xəstəlikdir – red.) riskini də azaldır.
Fiziki aktivliyin beyin qan dövranının sürətlənməsinə və neyromediatorların stimullaşdırılmasına səbəb olduğu üçün faydalı olduğu düşünülür. Tədqiqatçılar belə aktivliyin qısamüddətli təsirlərilə yanaşı, gözləniləndən uzun davam etdiyini söyləyirlər. Onlar 8 gün boyunca hər hansı koqnitiv pozğunluğu və ya demensiya xəstəliyi olmayan 50-83 yaş aralığında olan 76 yetkin şəxsin günlük yaşamlarına fiziki fəaliyyət daxil olduqdan sonra yuxu proseslərini akselerometrlə izləyiblər. Hər gün iştirakçılara diqqət, yaddaş və idrak fəallığını yoxlamaq üçün koqnitiv testlər verilirdi. Araşdırmanın nəticəsində bəlli olub ki, hər gün 30 dəqiqə orta və ya şiddətli templə məşqlər edən iştirakçıların epizodik və qısamüddətli hafizəsi 2-5% yaxşılaşıb.
Tədqiqat zamanı gün ərzində hərəkətsiz keçirilən hər 30 dəqiqəlik müddətin hafizəyə mənfi təsir etdiyi müşahidə olunub, lakin bu hərəkətsiz zamanın tam olaraq necə keçdiyinin də nəticəyə təsiri olduğu qeyd olunur. 6 saatlıq yuxu yatan insanların fiziki aktivlik səviyyəsindən asılı olaraq daha az yatanlara nisbətən epizodik yaddaş, diqqət və fiziki reaksiya sürətinin yuxarı olduğu müşahidə edilib.
Bunlarla yanaşı, insanların qocaldıqca idrak qabiliyyətinin zəifləməsinin normal və yaşlanmanın bir hissəsi olduğu vurğulanıb. Tədqiqatın məqsədi idrak qabiliyyətinin yaxşılaşması və sosial fəaliyyətimizin artması üçün edilə biləcək kiçik addımları müəyyənləşdirməkdir. Tədqiqatın növbəti mərhələsində yüngül idrak pozğunluğu olan insanların üzərində təcrübə aparılacağı planlaşdırılır.