“Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsində II yerin qalibi Aqşin Kərimlinin yazısını təqdim edirik.
Ey xalqın möhtərəm müəllimləri!
Gələcəyimiz sizə bağlıdır. Millətin ümidgahı sizsiniz.
Xalqın intellektual səviyyəsini yüksəldin, övladlarını inkişaf etdirin.
Tədrisinizlə dünyanı dəyişə bilərsiniz.
Abbas SƏHHƏT,
şair, həkim, müəllim
Borc, məsuliyyət, vicdan bildiyimiz kimi, etikanın kateqoriyalarıdır. Amma və lakin heç bir peşə etikası, əlbəttə ki, mövzumuz olan pedaqoji etika cəmiyyətdə mövcud olan mənəvi-etik sistemdən ayrı şəkildə düşünülə bilməz. Müəllimin peşə borcu və məsuliyyəti adi peşə nöqteyi-nəzərindən bəsit səslənə bilər. Ancaq pedaqoji etikada kateqoriyaların ardıcıllığı bir-birini təkrar etmir, ona görə də borc və məsuliyyət pedaqoji etikada çox vacib yerlərdən birini tutur.
Sözsüz ki, məsuliyyət hissinin müxtəlif dərəcədə inkişaf etdiyi insanlar var. Pedaqoji etikada məsuliyyət hissindəki kəskin fərqlər arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Daha dəqiq ifadə etsək, borc və məsuliyyət şagirdlərə sevgi ilə yanaşı, müəllim peşəsi üçün müstəsna önəmə sahibdir.
Bir nüansı da qeyd etmək lazımdır ki, pedaqoji etikada borc və məsuliyyət anlayışları arasında incə qırmızı xətt mövcuddur, bu anlayışlar arasında dəqiq sərhədlər olmalıdır. Müəllim peşəsində dəqiq ifadə olunmuş məsuliyyət olmadan, borc müəllim-şagird, müəllim-valideyn arasında ciddi münaqişələrə səbəb ola bilər. İki anlayışın qarışdırılması adətən məsuliyyətin sıxışdırılması, kiçildilməsi hesabına baş verir. Yalnız yüksək inkişaf etmiş məsuliyyət hissi olan şəxsiyyət müəllim ola bilər.
Borc və məsuliyyət anlayışlarından kənarda pedaqoji nəzəriyyə mövcuddurmu? Məhz bu kateqoriyaların qarşılıqlı inkişafı nəticəsində müəllimlə şagird arasında əlaqələri daha aydın görə bilərik. Rus yazıçısı Aleksandr Fadeyevin təbirincə desək, “Bizim uşaqlarımızın, xalqımızın gələcəyi müəllimin əlindədir, onun qızıl ürəyindədir”. Müasir müəllim təkcə şagirdlərə çoxlu informasiya ötürən deyil, eyni zamanda cəmiyyət qarşısında məsuliyyət və əxlaqi borcunun dərk edilməsinə kömək edən şəxsdir. Boşuna deyil ki, müəllim nəinki şagirdlərin, ümumilikdə şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin birmənalı olaraq etibar etdiyi şəxsdir. Cəmiyyət ən dəyərli, ən qiymətli sərvətini - uşaqları, ümidini, gələcəyini məhz müəllimə etibar edir.
Müəllimlik yeganə peşədir (risk edib deyirəm) ki, onun öhdəsində böyük əxlaqi və sosial məsuliyyət var. Bəzi normalar, vərdişlər müəllim üçün qəbul edilən deyil, necə deyərlər, müəllimlik “ləkə” götürmür. Onun borcu gənc nəslə təlim və tərbiyə verməkdir. İstənilən halda məsuliyyət və borc hissi müəllim peşəsindən ayrı düşünülə bilməz. Müəllim ikiqat məsuliyyət daşıyır: şagirdin qarşısında və obrazlı ifadə ilə desək, bütün ölkənin və cəmiyyətin qarşısında. Söhbət bir məsələnin digərinə tabe edilməsindən yox, onların rasional, məntiqli şəkildə bir-birinə uyğunlaşdırılmasından gedir. Etiraf etmək lazımdır ki, pedaqoji prosesdə məsuliyyət heç vaxt kölgədə qalmamalı, hər bir şagird müəllimin qayğısını hiss etməlidir. Heç bir səbəb (əslində bəhanə) bunun izahı ola bilməz və olmamalıdır da. Dövrdən, şərtlərdən asılı olmadan keçirilən məktəb islahatında bu məsələ həmişə prioritet olmalıdır. Çünki bu həll olunmasa, gələcəkdə məktəb qarşısına qoyduğu təlim-tərbiyə işinin təkmilləşdirilməsi vəzifəsinin öhdəsindən gələ bilməyəcək.
Ümumiyyətlə, pedaqoji proses zamanın tələbinə uyğun formada həyata keçirilməlidir. XXI əsrdə yaşayırıq, elm və texnologiya elə bir sürətlə inkişaf edir ki, bu gün aktual olan yenilik sabah üçün məqbul sayılmır. Məktəblərdə dərs dediyimiz şagirdlər istisnasız hamısı elə XXI əsrdə anadan olanlardır. Təhsilverənlərin isə əksəriyyəti XX əsrdə dünyaya gəliblər. M.Lermontovun təbirincə desək, sanki “Atalar və oğullar” münasibəti yaranıb; belə olan halda uçurumun daha da dərinləşməməsi üçün biz müəllimlər məhz XXI əsrin insanı olmalıyıq. Təhsilalanlar hər gün yüzlərlə informasiya alır, müasir şagird daha çox bilmək istəyir. Amma... amma informasiya bolluğu heç də həmişə mənəvi cəhətdən yetkin olmağa kömək etmir. Məktəblərdə bu problemlə bütün müəllimlər qarşılaşır, sosial şəbəkələrdə, mətbuatda daim şikayətlər eşidirik.
Nə etməli? Necə öhdəsindən gəlməliyik? İlk növbədə, onu qəbul etməliyik ki, hazır reseptə uyğun həll yolu axtarmaq yerinə mərhələli şəkildə həll yolu fikirləşib tapmaq lazımdır. Əvvəla, şagirdlərə hörmət və diqqət göstərilməsi vacibdir. Bu isə özlüyündə təlim vəzifələrinin dəyişilməsini tələb edir. Hazırda məktəb elə bir dövrünü yaşayır ki, təkcə bilik yox, cəmiyyətin həyat təcrübəsi ilə bağlı biliklər yüksək qiymətləndirilir. Məhz belə də olmalıdır. Abstrakt, şagirdə əlavə yük yaradacaq, ona faydası olmayan biliklər konkret, dövrlə ayaqlaşan biliklərlə əvəz olunmalıdır. Çünki məktəbli bilikləri ayırd edərkən özünün mənəvi-psixoloji vəziyyətini də nəzərə alır; mücərrəd, nəsihətçilik ruhunda olan biliklər artıq onun üçün darıxdırıcıdır. Halbuki nəsihətçilik ruhunda təlim bir neçə əsr əvvəl aktual, hətta məqbul sayılsa da, bu gün məktəblini həqiqətdən uzaqlaşdırır. Unutmaq lazım deyil ki, şagird daim dəyişir, yeniliyə can atır, o artıq dünənki şagird deyil.
Müəllim paralel olaraq şagirdi ilə addımlamalı, zamanla ayaqlaşmalıdır. Məhz şagirdinə münasibəti müəllimi yaradıcı edir. Müəllimin işi birbaşa insanın formalaşması ilə bağlıdır və bu da onun üzərinə xüsusi, heç nə ilə müqayisə olunmayan məsuliyyət qoyur.
Maksim Qorkinin qanadlı ifadəsi ilə desək, “Təbiət insana ayaq üstə gəzməyi öyrədəndə ona əl ağacı əvəzinə ideallar verdi”. Klişe səslənəcək, lakin ideallar və mənəvi zənginliklər olmadan həyat anlamını itirir. Müəllim harada, hansı şəraitdə, hansı fənni tədris etməsindən asılı olmayaraq, müəllim üzvü olduğu toplumun mənafe və idealları naminə çalışmalıdır. Bunu qavramaq üçün isə müəllimin köməyinə pedaqoji etika, borc və məsuliyyət hissi gəlir.
Yeri gəlmişkən, idealların aşılanması deyəndə, mən sadə inamı nəzərdə tutmuram, dəyərlərə möhkəm əqidə aşılanmasını nəzərdə tuturam. Lakin bu proses kor-koranə inam olmamalıdır. İnam ötürmək rahatdır, ona inanmaq asandır. Şübhə şəxsiyyətə xasdır, hətta onu irəli aparır, bəzən hərəkətverici qüvvəsi ola bilir.
Bəs şagird həmin ideallara şübhə etsə, onda necə? Müəllim uğursuz olduğunu qəbul edib, ideallarından imtina etməlidirmi? Təbii ki, xeyr. Şagird məhz belə anlarda kimə müraciət edəcəyini dəqiq bilməlidir. Müəllim yeganə şəxsdir ki, toplumun ideallarını təbliğ edərkən, paralel olaraq şagirdlərdə oradakı çatışmazlıqları, əskiklikləri görməyi öyrətməli, həll yollarını tapmaqda mayak rolunu oynamalıdır.
Təəssüf ki, bəzən əksini görürük. Müəllimlər formal inamla qane olur, doğru, yaxud çoxlu suallar verməyən şagirdlər bizi daha çox qane edir. Şəxsi həyatla bağlı mövzuları çıxsaq, düşünürəm ki, müəllim və şagird arasında qadağan edilmiş mövzu olmamalıdır. Şagirdlərin ilk baxışda “toxunulmaz”, “müqəddəs” mövzularda şübhələri müəllimi qorxutmamalı, əksinə şagirdlər o mövzuları cəsarətlə sorğulamalıdır.
Biz müəllimləri müasir dövrdə ən çox narahat edən məsələlərdən biri, bəlkə də birincisi şagirdlərin ciddi informasiya axınına məruz qalmasıdır. Bu proses yalnız ölkəmizdə baş vermir, bütün ölkələrdə gedən prosesdir, sırf bu problemə görə “özünütəcrid” siyasəti yeridə bilmərik. Günahı birbaşa informasiya axınının üzərinə ata bilmərik. Məsələyə fərqli bucaqdan baxmaqda həmişə fayda vardır. Şagirdlərdə şübhə pedaqoji prosesin elə özündə yol verilən səhvlərlə bağlıdır. Şübhə normaldır, şagirdlər yetkinləşdikcə şübhələr arta bilər. Burada ziddiyyətli məqam odur ki, düşünürük ki, ideallarımızda şübhə yeri qalmayan “zonalar” ola bilməz. Eyni zamanda müəllimin fəaliyyətsizliyi nəticəsində, ən qorxulu ehtimal olan - müəllim ideallarına şübhə edəndə ona qarşı inamsızlıq cəmiyyət üçün itkiyə çevrilir.
Müəllimin məsuliyyəti çoxcəhətlidir. O, əxlaqi, daxili məsuliyyətə, yüksək mənəvi müvazinətə malik olmaqdan başlayıb cəmiyyət qarşısında məsuliyyətə qədər olan sahəni əhatə edir. Bunlarsız məktəbdə sağlam psixoloji mühit yaratmaq olmaz. Nəticədə müəllimin şagirdlərlə işi xeyli çətinləşir.
Müəllimin borc və məsuliyyət hissinin üzərində bu qədər durmağımızın səbəbi onlara nəzarətin elə müəllimin öhdəsində olmasıdır. Müəllim böyüməkdə olan şəxsiyyətin şüur və davranışının formalaşmasında fövqəladə önəm daşıyır. Məsələnin maraqlı tərəfi odur ki, müəllim bu işdə onda uğurlu olur ki, şagirdin nüfuzunu qazansın. Onsuz bu proses mümkün deyil, ən yaxşı halda keyfiyyət göstəricisi aşağı olacaq. Pedaqoji nüfuz o zaman müəllimə qismət olur ki, humanizm müəllimin öz işi üçün xüsusi məsuliyyətə əsaslansın.
Müəllimin bəşəriyyət qarşısında insanlıq fəlsəfəsi təkcə bilikləri ötürməklə bitmir. Əgər belə olsaydı, müəllim haqda çox danışmağa dəyməzdi. Sosial həyat bacarıqlarının - müstəqil düşünmək, sərbəst hərəkət etmək, sadə maliyyə savadlılığının və s. ötürülməsi dövrümüzün “olmazsa, olmaz” tələblərinin önündə gəlir. Çünki gələcəkdə şəxsiyyət kimi formalaşmaq birmənalı olaraq müstəqil şəkildə düşünüb hərəkət etməkdən keçir. Halbuki şagirdlərin yalnız yazılı həqiqətləri əzbərləyib tutuquşu kimi təkrarlaması ən rahat və asan yol kimi görünsə də, müsbət heç nə vəd etmir. Məsələn, artıq süni intellekt iş həyatımıza inanılmaz sürətlə daxil olmaqdadır. Ən nikbin proqnozlara görə, 50 il sonra bu gün üçün lazımlı bir çox peşə nəinki gərəkli olmayacaq, ümumiyyətlə, nə zamansa mövcud olması barədə gələcək nəsillər keçmişin nostalgiyasından bəhs edən filmlərdə görə biləcəklər.
Bəzən bizə elə gəlir ki, müəllim şagirdlər üçün rol modeldirsə, o şagirdi daim nəzarət altında saxlamalı, ondan lazımi davranışlar tələb etməlidir. Nəzarətsiz uşaqlar özlərini tələb olunan şəkildə aparmır və s. Halbuki daimi nəzarət hər yerdə mümkün deyil. Ona görə də müəllimin şagirdə müstəqillik, müvafiq davranış modellərini aşılaması daha məqsədəuyğundur. Belə olarsa, şagird nəzarətin olmadığı hallarda belə doğru qərarlar qəbul edəcək; səhv etsə onun üçün həyat təcrübəsi olacaq. Tərbiyə prosesini o zaman uğurlu hesab etmək olar ki, məktəbli özü daxilən, könüllü və dərk edilmiş şəkildə hərəkət edir. Başqa halda isə biz mənəvi tərbiyədən təəssüf ki, danışa bilmirik, çünki hərəkətin daxilən dərk edilməsi yoxdur, qavrama xarici şəraitə aid olur.
Yaddan çıxarmamalıyıq ki, ailədə böyüyən uşaq davranışlarını valideynlərinin davranışları əsasında qurur. Məktəbdə müəllimlə tanış olduqdan sonra şagirdlər nail olmağa çalışdıqları mənəvi idealı görürlər. İlkin mərhələdə şagirdlərdə müstəqil tənqidi düşüncə formalaşmayıb, bu bacarığı onlar sonralar qazanırlar. Müəllimin əsas işi şagirdi bu keçidə hazırlamaqdır. Müəllimlik peşəsinin ən yüksək məsuliyyət ölçüsü də elə buna əsaslanır. Beləliklə, şagirdin müstəqil düşüncə ilə tanışlığının, obrazlı desək, mümkün qədər əzabsız olması birbaşa müəllimdən asılıdır. Müəllimin dünyagörüşü, davranışı, həyatı qavrayışı, hadisələrə yanaşması hansısa formada şagirdlərə mütləq təsir edir.
Xoşbəxtlikdən və ya bədbəxtlikdən müəllimin istənilən hərəkəti, sözü insanların yaddaşında ömürboyu qala bilir. Belə hal nadir hallarda digər peşələrdə də müşahidə oluna bilər. Bu səbəbdən müəllimin özünə nəzarət etməsi çox vacibdir.
Müəllimin mənəvi məsuliyyəti şagirdlərinin yetkin insan olması daşıdığı borcdur. Amma müəllim fəaliyyətində formallığa yol verirsə, yəni dedikləri ilə davranışları arasında ziddiyyət yaranırsa, bəşəri vəzifəsi məhdud olacaq. Onun fəaliyyəti “repetitor”luğa çevriləcəksə, o məktəbdə “saat”ını sayacaqsa, müəllim insanlıq tarixinə sözünü etdiyimiz sehrli toxunuşu edə bilməyəcək.
Nəhayət, son sözü yazıçı və pedaqoq İsmayıl Şıxlıya verirəm: “Müəllim qəlblərdə, zəkalarda müqəddəslik və müdriklik toxumu səpən qüvvə olmalıdır. Əziz müəllimlər, gəlin göylərdən od gətirən Prometey kimi fədakar olaq!”.
Aqşin KƏRİMLİ,
Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin müəllimi