İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Jose Pedro Torrubianun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, rektor Elmar Qasımov və İspaniya nümayəndə heyətinin üzvləri arasında akademik və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.
Görüşdə İspaniyanın Türkiyədəki səfirliyinin Təhsil proqramları şöbəsinin müdiri Cilberto Terente Fernandez, İspaniya Krallığının Elm, İnnovasiyalar və Universitetlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin Beynəlmiləlləşməsi üzrə İspan Xidmətinin (SEPIE) texniki məsləhətçisi Ana Kornexo Roman və İspaniyanın Xaen Universitetinin prorektoru Karmen Conti də iştirak ediblər.
Enerji keçidinin sürətləndirilməsi, tədqiqat və innovasiyalar, süni intellekt, akademik mübadilələr və tələbə dərəcələrinin birgə mobilliyi kimi strateji sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub. Təhsil və ekspert əməkdaşlığının genişləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.