Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri Azərbaycan Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə olub.
Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamda Seyid Əzim Şirvaninin yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirdiyi, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynadığı əksini tapıb.
AMEA rəhbəri vurğulayıb ki, sənəddə Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə böyük şairin 190 illiyinə dair Tədbirlər planını hazırlayaraq həyata keçirilməsi tapşırılıb. Bu Sərəncam Seyid Əzim Şirvaninin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğ olunması zərurətini ortaya qoyur.
Rəyasət Heyəti tərəfindən Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması qərara alınıb.