“2025–2026-cı tədris ilindən başlayaraq regionşünaslıq istiqamətində yeni bir mərhələyə qədəm qoymağı planlaşdırırıq. Bu məqsədlə artıq müvafiq təhsil proqramları üzrə sifarişlərimizi Elm və Təhsil Nazirliyinə təqdim etmişik. Bundan sonra universitetimizdə regionşünaslıq daha çox ölkə mərkəzli deyil, konkret regionlar üzrə aparılacaq”.
Bu fikirləri TƏHSİL.BİZ -ə müsahibəsində Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev deyib.
O bildirib ki, bu yanaşma çərçivəsində ilk olaraq Mərkəzi Asiya regionu üzrə kadr hazırlığına başlamaq nəzərdə tutulub. Həmin region üzrə təqdim ediləcək xarici dil özbək dili olacaq.
Bu istiqamətdə artıq Özbəkistandakı tərəfdaşlarla ilkin razılaşmalar əldə olunub. Oradan dəvət ediləcək müəllimlərin siyahısı müəyyənləşib. Regionşünaslıq çərçivəsində tələbələrə özbək dili xarici dil kimi tədris olunacaq:
“Bundan əlavə, Türkologiya kafedramızın əməkdaşlarından biri Özbəkistana birillik elmi ezamiyyətə göndəriləcək. Məqsəd həmin əməkdaşın özbək dilini dərindən öyrənməsi və universitetin özbək dili üzrə kadr potensialının formalaşdırılmasıdır”.
Daha bir mühüm yeniliyi diqqətə çatdıran rektor əlavə edib ki, 2026–2027-ci tədris ilində “Qafqazşünaslıq” ixtisasının açılması planlaşdırılır:
“Bu istiqamətdə də hazırlıq işləri görülür. Qafqazşünaslıq çərçivəsində təklif ediləcək xarici dillərdən birinin erməni dil olması nəzərdə tutulur”.