Logo

Gələcəyin müəllimlərinə “Ekoloji mədəniyyət” fənni tədris olunacaq

16.04.2025 08:50 75 baxış
IMG

Artıq dördüncü ildir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında ölkəmizdə ekoloji maarifləndirmənin, ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunur.

Bu barədə TƏHSİL.BİZ -ə ADPU-dan məlumat verilib.

2022-2024-cü illər ərzində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti bu məsələlərlə bağlı birgə elmi-praktik konfranslar təşkil edib, dəyirmi masalar, müzakirələr keçirib. Müzakirələrdə vətəndaşların ekoloji təfəkkürə yiyələnməsi, ekoloji təfəkkürün əxlaq normasına çevrilməsi, yaşıl dünya: problemlər, perspektivlər, ətraf mühit və qanunvericilik, cəmiyyətdə ekoloji biliklər və ekoloji mədəniyyətin formalaşdırılması və s. məsələlərə xüsusi diqqət ayrılıb.

Yeni təfəkkür tərzinə malik müəllimlər yetişdirmək üçün davamlı tədbirlər həyata keçirilməlidir. Təsadüfi deyil ki, tədqiqatçılar ekoloji təhsili uşaqlarda ekoloji mədəniyyətin inkişafına yönəlmiş sistemli bir pedaqoji fəaliyyət hesab edirlər. Bunun üçün isə ilk növbədə, ekologiya sahəsində yüksəkixtisaslı kadrlar, həmçinin ekoloji biliklərə malik müəllimlər hazırlanmalıdır. Bu vacib məsələ, təbii ki, müvafiq ali məktəblərin, xüsusilə ADPU-nun üzərinə düşür. Aparılmış müzakirələrin məqsədi bu istiqamətdə yol xəritəsinin hazırlanması olub.

Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və kafedra müdiri coğrafiya elmləri doktoru Məhəmməd Abduyevin iştirakı ilə keçirilən görüşdə gənc müəllimlərdən gözləntilərin əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, ekoloji çirklənmə, onun qarşısının alınması, ekoloji mədəniyyətin formalaşdırılması, milli və beynəlxalq ekoloji hüquqi savadlılıq, monitorinq aparmaq, sərbəst qərar qəbul etmək, vətəndaş mövqeyi ortaya qoymaq, həmçinin ekoloji maarifləndirmə sahəsində elmi tədqiqat işlərini genişləndirməyin vacibliyi vurğulanıb.

Müzakirələrin nəticəsində 2025/2026-cı tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakültəsində pilot layihə kimi “Ekoloji mədəniyyət”in seçmə fənn kimi tədris olunması ilkin olaraq razılaşdırılıb.

Xəbər lenti