Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində universitetin məzunu, filologiya üzrə fəlsəfə doktoru Mehriban Abdullayevanın müəllifi olduğu "Практика устной речи", "Азербайджанский язык как иностранный" və "Русско-Азербайджанский разговорник" adlı dərsliklərin təqdimat mərasimi keçirilib.
Tədbirdə Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Xarici Dillər Mərkəzinin professor-müəllim heyəti, tələbələr və respublikanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən dosent Könül Həsənova qeyd edib ki, bu nəşrlər Azərbaycan dilinin xarici auditoriyaya düzgün, sistemli və səmərəli şəkildə tədrisi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, dilin öyrədilməsində praktik materialların olması həm müəllimlər, həm də öyrənənlər üçün böyük dəstəkdir.
Kitabların müəllifi Mehriban Abdullayeva çıxışında nəşrlərin ərsəyə gəlmə mərhələlərindən, qarşıya qoyulan məqsədlərdən və bu vəsaitlərin xarici auditoriyaya yönəlmiş funksional rolundan danışıb. O vurğulayıb ki, təqdim edilən dərsliklər Azərbaycan dilinin xarici dil kimi tədrisində boşluğu dolduran və bu sahədə çalışan mütəxəssislərə real töhfə verən mənbələrdir.
Tədbirdə çıxış edən digər iştirakçılar da kitabların elmi-metodik əhəmiyyətini vurğulayaraq onların həm əcnəbilər, həm də dil müəllimləri üçün dəyərli vəsait olduğunu qeyd ediblər. Bildirilib ki, bu nəşrlər Azərbaycan dili və mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət edən əhəmiyyətli resurslar sırasında yer alır.
Təqdimat mərasimi müzakirələr və iştirakçıların müvafiq sahədə təcrübə paylaşımı ilə davam edib.
Bu cür təşəbbüslər ADPU-nun elmi-intellektual potensialının və ana dilimizin qlobal miqyasda tanıdılmasına verdiyi töhfənin bariz nümunəsidir.
Bəhman Hüseynli