Logo

ATU-da bp-nin dəstəyi ilə regionun ilk Kibertəhlükəsizlik Mərkəzi açılıb

16.04.2025 13:17 171 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində (ATU) bp şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Kibertəhlükəsizlik Mərkəzinin açılış mərasimi keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbirdə ATU-nun rektoru Yaşar Ömərov, bp-Azərbaycanın Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, bp-nin tərəfdaş şirkətlərinin nümayəndələri və ATU-nun professor-müəllim heyəti iştirak edib.

Açılış tədbiri çərçivəsində əvvəlcə ATU ilə bp-Azərbaycan arasında görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib. Daha sonra qonaqlar Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Rektor Yaşar Ömərov bp ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, regionda ilk olan bu mərkəzin yaradılması universitetin elm və tədris imkanlarının genişlənməsinə, eyni zamanda, informasiya təhlükəsizliyi sahəsində kadr potensialının güclənməsinə mühüm töhfə verəcək.

bp-Azərbaycanın Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə Kibertəhlükəsizlik Mərkəzinin əhəmiyyətini vurğulayaraq, bp-nin ölkədə təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb.

Tərəfdaş şirkətlərin nümayəndələri və universitetin professor-müəllim heyəti də çıxış edərək, mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.

Kompüter avadanlıqları və proqram təminatı ilə təchiz edilmiş, müasir standartlara cavab verən Kibertəhlükəsizlik Mərkəzi 1 ixtisaslaşmış laboratoriya və heyət üçün 1 köməkçi otaqdan ibarət olmaqla, Avtomatika və informasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərəcək.

Layihənin əsas məqsədi kibertəhlükəsizlik üzrə xüsusi kurikulum əsasında təlimlər təşkil etmək və regionda fəaliyyət göstərən dövlət, özəl və vətəndaş cəmiyyəti nümayəndələrinin rəqəmsal savadlılıq səviyyəsini artırmaqdır. Mərkəzdə nəzəri və praktiki təlimlərlə yanaşı, tədqiqat işləri də aparılacaq, mütəxəssislər və tələbələr real kiberhücum ssenariləri üzərində işləyərək peşəkar bacarıqlarını inkişaf etdirəcəklər.

Xəbər lenti