ADA Universitetində tələbələrin peşəkar inkişafını və əmək bazarına daha hazırlıqlı keçidini dəstəkləyən Karyera Hazırlığı Həftəsinin açılış mərasimi olub.
ABB-nin baş sponsorluğu və ADA Universiteti Fondunun dəstəyi ilə təşkil edilən Karyera Hazırlığı Həftəsi tələbələrin iş dünyası ilə birbaşa təmas qurmalarına, müxtəlif sənaye sahələrindən olan mütəxəssislərlə fikir mübadiləsi aparmalarına, idarəetmədə olan peşəkarların təcrübələrini öyrənmələrinə fürsət təqdim edib.
Bu barədə TƏHSİL.BİZ -ə ADA Universitetindən məlumat verilib.
Açılış mərasimində dövlət və özəl sektoru təmsil edən qonaqlar, tərəfdaş şirkətlərin nümayəndələri, ADA Universitetinin professor-müəllim və tələbə heyətləri iştirak ediblər. Tədbirdə çıxış edən ADA Universitetinin prorektorları Günay Ziyadova və Elkin Nurməmmədov, eləcə də ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildiriblər ki, bu təşəbbüs yalnız universitet tələbələri üçün deyil, eyni zamanda, ölkənin milli və peşəkar insan resursu potensialının inkişafına töhfədir.
Qeyd edək ki, Karyera Hazırlığı Həftəsində iştirak etmək üçün bu il 850-dən çox tələbə müraciət edib. Onlardan təxminən 500 nəfəri müsahibə mərhələsindən sonra təlim proqramına seçilib. Seçilmiş tələbələr 8 gün ərzində müxtəlif sahələri təmsil edən şirkətlərin rəhbərləri və ekspertləri ilə görüşəcəklər.
Proqram çərçivəsində təşkil olunan təlim və sessiyalarda tələbələr bankçılıq, konsaltinq, informasiya texnologiyaları, telekommunikasiya və digər sahələrin xüsusiyyətləri barədə məlumat əldə edəcəklər. Onlara, eyni zamanda, iş müsahibəsində özünü təqdimetmə, emosional zəka kimi yumşaq bacarıqlar, biznes etikası, şəxsi brendin formalaşdırılması, sahibkarlıq və innovasiya sahəsində biliklər təqdim olunacaq.
Təlimlərdə iştirak edən şirkətlərin nümayəndələri tələbələrlə təcrübə və tövsiyələrini paylaşacaq, onları əmək bazarının real tələbləri ilə tanış edəcəklər. Bu il Karyera Hazırlığı Həftəsində “Deloitte”, “Baker Tilly”, “Ernst & Young”, “Nobel Energy”, habelə Azərbaycan Hava Yolları, “Azərkosmos” və digər 20-yə yaxın nüfuzlu şirkət və dövlət qurumu iştirak edir.
“ADA Universiteti bu təşəbbüs vasitəsilə biz tələbələrin iş dünyasına daha sürətli və səriştəli şəkildə daxil olmağımıza, real iş mühiti barədə hərtərəfli öyrənməyimizə və karyera seçimlərimizdə doğru qərarlar verməyimizə dəstək göstərir. Tanınmış şirkətlərin rəhbərlərinin ADA-ya dəvət edilməsi isə onların bizi yaxından tanımaları üçün əvəzsiz fürsətdir”, - deyə Karyera Hazırlığı həftəsində iştirak edən ADA tələbəsi Nigar İsmayılova bildirib.
Karyera Hazırlığı Həftəsi mayın 2-də 150-dək yerli və xarici şirkətin, dövlət qurumlarının iştirakı ilə keçiriləcək Karyera Sərgisi ilə yekunlaşacaq. Karyera Hazrılığı həftəsini uğurla başa vuran 100-dən çox tələbə mükafatlandırılacaq, hər bir qurum seçdiyi 5 tələbəyə təcrübə, gələcəkdə isə iş fürsəti təqdim edəcək.