AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu, Azərbaycan və Bakı Avrasiya universitetlərinin tələbələri üçün “Əlyazma əsərlərinin əhəmiyyəti” mövzusunda mühazirə oxuyub.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, təlimdə alim Azərbaycanın qədim əlyazma kitablarından, onların bədii tərtibat xüsusiyyətlərindən və bərpası prosesindən, o cümlədən əlyazma əsərlərinin əhəmiyyətindən söz açıb, çıxışında bərpa etdiyi bir sıra əlyazma nüsxələrini hazırladığı videoslayd əsasında tələbələrə nümayiş etdirib.
Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulur.