Dünyanın müxtəlif ölkələrindən tanınmış pediatrlar, uşaq diyetoloqları, ictimai səhiyyə, ərzaq təhlükəsizliyi və qidalanma üzrə mütəxəssislər, eləcə də UNICEF, ÜST və digər beynəlxalq təşkilatların nümayəndələri bu günlərdə Niderlandın paytaxtı Amsterdamda keçirilən “Dünyada körpələrin qidalanma problemləri” mövzusuna həsr olunmuş beynəlxalq sammitdə bir araya gəliblər.
Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirin əsas məqsədi qlobal miqyasda körpələrin sağlam və balanslı qidalanmasına mane olan amillərin araşdırılması, körpə yaşlarda ana südünün əhəmiyyətinin vurğulanması, körpələrin bağırsaq sağlamlığı və mikrobiotası ilə bağlı problemlərin dəyərləndirilməsi, eləcə də bu istiqamətdə birgə həll yollarının müəyyənləşdirilməsi olub.
Sammitdə ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə təmsil edib. Təranə xanım bir çox müzakirələrdə fəal iştirak edərək Azərbaycanın bu sahədəki təcrübəsini bölüşüb, həmçinin regional və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Körpələrin qidalanmasına dair vacib məsələlər gündəmə gətirildi
Tədbir zamanı Təranə Tağızadə erkən yaş dövründə düzgün qidalanmanın körpələrin inkişafına təsiri, sosial və iqtisadi amillərin uşaqların qida rejiminə olan təsiri, həmçinin körpələrdə balanslaşdırılmış qidalanmanın təşkili ilə bağlı müxtəlif müasir yanaşmalar haqqında geniş müzakirələrdə fikir bildirib. O, Azərbaycanda ana və uşaq sağlamlığı mövzusunda apardığı maarifləndirici tədbirlər, ilkin səhiyyə müəssisələrində həyata keçirilən monitorinq proqramları və valideynlərə yönəlmiş təlim layihələri barədə də iştirakçıları məlumatlandırıb. Praktiki nümunələrə diqqət çəkən Təranə Tağızadə Azərbaycanın müxtəlif bölgələrində uşaqların qidalanma vəziyyəti ilə bağlı apardıqları araşdırmalardan əldə olunan nəticələri paylaşaraq, erkən müdaxilələrin və təlimatlı pediatrik nəzarətin əhəmiyyətindən bəhs edib.
Sammitdə körpələrin qidalanması sahəsində son elmi yeniliklər və innovativ yanaşmalar ətrafında geniş müzakirələr aparılıb. Tədbir iştirakçılarına bir sıra aktual mövzularla bağlı tapşırıqlar təqdim olunub, onların üzərində birgə işlənilməsi təşviq edilib.
Müzakirə edilən mövzular arasında ana südünün keyfiyyəti və üstünlükləri, uşaqlarda bağırsaq xəstəliklərinin yayılma səbəbləri, bağırsaq mikrobiotasının rolu və ana südünün tərkibindəki əsas faydalı komponentlərin funksional əhəmiyyəti xüsusilə diqqət çəkib. Panel müzakirələrində müxtəlif ölkələrdən olan pediatrlar, diyetoloqlar və tədqiqatçılar bu sahədəki elmi yeniliklər, statistik məlumatlar və klinik müşahidələr əsasında tövsiyələrini bölüşüblər. Xüsusilə Çinin Çzyannan Qida Elmləri Universitetinin professoru Pen Çjou, Vaqeninqen Universitetinin professoru Kasper Hettinq və Amsterdam Universitetinin professoru Mark Benninq beynəlxalq sammitdə körpə qidalanması üzrə ən son elmi yenilikləri təqdim ediblər. Onlar erkən yaşda düzgün qidalanmanın uzunmüddətli sağlamlıq təsirləri və innovativ qida texnologiyalarının əhəmiyyəti barədə çıxış ediblər.
Körpə sağlamlığına innovativ yanaşma
Təranə Tağızadə bir qrup xarici həmkarı ilə birlikdə ana südünün tərkibindəki vacib faydalı komponentləri birləşdirən xüsusi cihazın hazırlanması ideyasını təqdim edərək, innovativ təkliflə çıxış edib. Təklif olunan bu cihaz müxtəlif səbəblərdən ana südü ilə qidalanmayan körpələr üçün alternativ qidaların hazırlanmasını və ana südünün bioaktiv tərkibinə mümkün qədər yaxınlaşdırılmış qida formullarının istehsalını mümkün etmək üçün nəzərdə tutulur. Bu ideya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və gələcəkdə birgə tədqiqat imkanları müzakirə olunub.
Sammitdə, həmçinin gələcək tibbi protokollarda əksini tapacaq son elmi nailiyyətlər, o cümlədən bağırsaq mikrobiotasının formalaşması ilə bağlı yenilənmiş yanaşmalar müzakirə olunub.
Ən maraqlı bölümlərdən biri isə körpələrdə mədə-bağırsaq sistemində inək və keçi südünün həzmi prosesini əks etdirən laborator təcrübələrin nümayişi olub. Bu eksperimental hissədə mütəxəssislər müxtəlif süd tərkiblərinin bağırsaq fermentasiyasına təsirini əyani şəkildə nümayiş etdirərək, onların orqanizm tərəfindən hansı səviyyədə mənimsənildiyini izah ediblər. Təcrübələr, müxtəlif süd növlərinin körpələrin orqanizminə fərqli təsir mexanizmlərinə malik olduğunu ortaya qoyub.
Sammitin sonunda bu cür beynəlxalq platformaların gələcəkdə daha geniş miqyasda təşkili və elmi innovasiyaların praktik səhiyyəyə tətbiqinin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, mütəxəssislər, həmçinin uşaq qida sənayesindəki əsas problemləri, qida əlavələrinin keyfiyyəti, marketinq strategiyalarının etik çərçivələri və qida təhlükəsizliyi məsələlərini də ətraflı müzakirə ediblər.
Beynəlxalq sammitin iştirakçıları Amsterdamdakı Micropia muzeyini də ziyarət ediblər. Mikrobiologiya sahəsində beynəlxalq platforma olan muzeyin əsas ideyası mikroblar haqqında məlumatların yayılması və tədqiqatçıları bu sahədə araşdırmalara təşviq etməkdir.