Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edib.
TƏHSİL.BİZ xəbər verir ki, səfər Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin Qəyyumlar Şurasının sədri prof. dr. Mustafa Aydının dəvəti ilə baş tutub.
Sammit çərçivəsində sərgilənən Bakı Ali Neft Məktəbinin stendi sərgi iştirakçılarının böyük marağına səbəb olub. Ali Təhsil Şurasının (YÖK) sədri prof. dr. Erol Özvar, Malayziyanın ali təhsil naziri Dr. Zambry Abd Kadir, eləcə də EURAS-ın prezidenti prof. dr. Mustafa Aydınla birgə BANM-in stendinə baxış keçirilib.
Stenddə Ali Məktəbin innovativ tədris proqramları, beynəlxalq əməkdaşlıqları, tələbə mübadilə imkanları, sənaye ilə inteqrasiya olunmuş təcrübə proqramları və elmi-tədqiqat layihələri barədə ətraflı məlumat təqdim olunub.
Səfər çərçivəsində BANM-in rektoru Elmar Qasımov Koç Universiteti, Sabancı Universiteti, Boğaziçi Universiteti və İstanbul Texniki Universitetinin rektorları ilə də görüşlər keçirib.
Sammitdə ali təhsil sistemlərinin beynəlmiləlləşdirilməsi, ortaq elmi-tədqiqat layihələri və tələbə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.
EURIE 2025-də iştirak etmək BANM üçün yeni tərəfdaşlıqların qurulmasına, əcnəbi tələbə cəlbi üzrə ixtisaslaşmış qurumlarla əməkdaşlığın yaradılmasına şərait yaradıb.