Elm və Təhsil Nazirliyi yanında İctimai Şura və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə əməkdaşlığı və tələbə gənclərin iştirakı ilə görüş baş tutub.
TƏHSİL.BİZ xəbər verir ki, görüş çərçivəsində ilk olaraq universitetin prorektorları ilə İctimai Şura üzvləri arasında ali təhsildə idarəetmə, tələbələrin sosial rifahı və tədrisin keyfiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar universitetin bir sıra fakültə və inzibati sahələrini əhatə edən infoturda iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından 300-dən çox tələbənin iştirakı ilə panel görüş başlayıb. Tədbirin açılışında Azərbaycan Texniki Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva, daha sonra isə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək ali təhsildə ictimai nəzarətin əhəmiyyəti, tələbələrlə açıq dialoqun rolu və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə məlumat veriblər.
Davamında ETN yanında İctima Şuranın katibi Günay Əkbərovanın moderatorluğu ilə sədr müavini Pərvanə Məmmədova, üzvlərdən Elçin Əzimli, Mirzə Cəfərzadə və Heydər Eminli ilə bərabər tələbələrlə interaktiv panel müzakirələr təşkil olunub. Onlar təhsil prosesi ilə bağlı fikirlərini bölüşüb, mövcud çətinlikləri səsləndiriblər. Müzakirələr zamanı təcrübə imkanlarının genişləndirilməsi, qərarların qəbulunda tələbə iştirakının artırılması və universitet həyatında fəallığın təşviqi kimi mövzular ön plana çıxıb.
Tədbirin təşkilinə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri (NAYORA) Rafael Hacıbəyli dəstək göstərib. Bu cür təşəbbüslər tələbələrin fikirlərinin dinlənilməsi və ali təhsil sistemində iştirakçılığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şura bu istiqamətdə silsilə görüşlərin davam etdirilməsini planlaşdırır.
1/7