Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Elm və Təhsil Naziliyinin (ETN) birgə qərarı ilə respublikanın bütün ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi BDU və ADA-da keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, növbəti seçim turları hər iki ali təhsil müəssisəsində keçirilən mərhələlər tələbələrin yüksək fəallığı və yaradıcı yanaşmaları ilə seçilib.
Tədbirlər zamanı iştirakçılar müxtəlif janrlarda ifalar təqdim edərək səhnədə öz istedadlarını nümayiş etdiriblər. Musiqi, poeziya və bədii kompozisiyalarla müşayiət olunan çıxışlar auditoriyanın alqışları və münsiflərin marağı ilə qarşılanıb.
Tələbələrin çıxışlarında səhnə mədəniyyəti, emosional təqdimat və estetik zövq aydın şəkildə hiss olunub. Münsiflər heyəti hər bir nömrəni diqqətlə izləyərək, onların bədii dəyərini və yaradıcı orijinallığını dəyərləndirib.
Müsabiqənin əsas qayəsi gənc nəslin bədii yaradıcılığa marağını artırmaq, onların mədəni potensialını dəstəkləmək və Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğini genişləndirməkdən ibarətdir.