Növbəti tədris ilindən Azərbaycan Tibb Universitetində (ATU) bakalavriat, baza ali tibb və magistratura pilləsində tədris planları yenilənəcək.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, bununla əlaqədar olaraq İctimai səhiyyə və Əczaçılıq fakültələrində ATU-nun rəhbər şəxslərinin iştirakı ilə görüşlər keçirilib.
Elmi işlər üzrə prorektor professor Nazim Pənahov Əczaçılıq fakültəsində magistratura pilləsində tədris olunan ixtisaslarla bağlı yenilikləri açıqlayıb. Qeyd edib ki, tədris planlarının yenilənməsi işinə universitet rəhbərliyi və kollektivi ilə yanaşı, əmək bazarının təmsilçiləri də cəlb olunublar.
Universitetin Tədris departamentinin müdiri Kamandar Yaqubov İctimai səhiyyə fakültəsində tədris edilən ixtisasların beynəlxalq təhsil sistemində mövcud olanlara uyğunlaşdırılması məsələsi ilə bağlı danışıb, bu barədə iclas iştirakçılarının fikirlərini öyrənib.
Hər iki fakültədə magistratura pilləsində ixtisas adlarının müasir standartlara uyğunlaşdırılması, əczaçılıq ixtisasında bakalavr tədrisi üçün tədris planlarının hazırlanması ilə bağlı göstərişlər verilib.