Logo

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

18.04.2025 08:22 79 baxış
IMG

Aprelin 16-da Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyi tərəfindən birgə maarifləndirici tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, tədbirdə “Tütün və veyplərin zərərləri” mövzusunda çıxış edən AQTA-nın əməkdaşı Günay Quluzadə, Səhiyyə Nazirliyinin əməkdaşları Nərmin Azadova və Şəhla Kazımova tələbələrə elektron siqaretlərin (veyplərin) sağlamlığa təsirləri, tərkibindəki zərərli maddələr və asılılıq yaratma potensialı barədə ətraflı məlumat veriblər. Tütünün sosial və ekoloji təsirlərindən bəhs edən mütəxəssislər veyplərin parlaq rəngləri və şirin dadlarının gənclər arasında cəlbedici olduğunu, lakin bu məhsulların ciddi sağlamlıq riskləri daşıdığını vurğulayıblar.
Onlar söyləyiblər ki, tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Çıxışlarda bildirilib ki, dünyada heç də insanların hamısı siqaret çəkmir. Çəkənlərin isə çoxu bu vərdişdən imtina etmək arzusundadır və onlar siqaret çəkməni əsasən öz istəkləri ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Onlar çıxışlarında əlavə ediblər ki, hər bir insanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür.

Mütəxəssislər diqqətə çatdırıblar ki, ikincili (ətrafa yayılan) tütün tüstüsünün qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir. Çünki bu, yaşlı insanlarda xərçəng, ürək qan-damar və digər ciddi xəstəliklərin inkişaf etməsinə gətirib çıxarır. Dünyadakı uşaqların demək olar ki, yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Bu isə, astma xəstəliyi zamanı vəziyyəti ağırlaşdırır və təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Hər il ən azı 200 000 insan işlədikləri müəssisələrdə ikincili tütün tüstüsünü qəbul etmək səbəbindən ölür. Onlar qeyd ediblər ki, tütün tüstüsünün törətdiyi ölümcül təhlükələrdən yeganə qorunma yolu azad mühitin yaradılmasıdır.

Diskussiya formasında keçirilən tədbirdə mütəxəssislərlə iştirakçılar arasında fikir mübadiləsi də aparılıb və onlara sağlam həyat tərzinin əhəmiyyəti barədə bir sıra tövsiyələr verilib. Bildirilib ki, təhsil müəssisələrində bu cür maarifləndirmə tədbirləri gənclərin sağlamlığına yönəlmiş önəmli addımdır.

Sonda tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

 

 

 

 


 

Xəbər lenti