Logo

“Kimya və kimya texnologiyası” mövzusunda IV respublika elmi konfransı keçirilir

18.04.2025 08:37 93 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” mövzusunda IV respublika elmi konfransı keçirilir. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr edilib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirin açılış mərasimində çıxış edən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın kimya sənayesinin inkişafında və yenidən qurulmasında misilsiz xidmətlərini xatırladıb. O diqqətə çatdırıb ki, Kimya fakültəsi ölkədə kimyaçı kadrların yetişməsində xüsusi çəkiyə malikdir. Daha sonra prorektor BDU-da elmi tədqiqatların səviyyəsi, beynəlxalq bazalarda indeksləşməsi, eləcə də yeni ixtisasların yaranması haqqında məlumat verib.

Kimya fakültəsinin dekanı Fuad Kərimli Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz rolundan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. O bildirib ki, konfransa Azərbaycanın ali təhsil müəssisələrindən, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarından, xarici ölkələrin (Türkiyə, Özbəkistan, Böyük Britaniya) universitetlərindən 180-dən çox tezis qəbul olunub.

Akademiklər Dilqəm Tağıyev, Vaqif Fərzəliyev və Sumqayıt Dövlət Universitetinin prorektoru Elşad Abdullayev çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda neft-kimya sənayesinin inkişafındakı tarixi xidmətlərini diqqətə çatdırıb, elmi konfransların magistrant və tələbələrin gələcək elmi fəaliyyətlərində böyük rola malik olduğunu vurğulayıblar.

Konfransın plenar iclasında Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi Ofeliya Balayeva və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Elvin Əhmədovun məruzələri dinlənilib.

Konfrans işini iki gün ərzində dörd bölmədə davam etdirəcək.

Xəbər lenti