Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç, birinci katib İvan Xlebakov və səfirliyin nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qonaq olublar.
Bu barədə TƏHSİL.BİZ -ə muzeydən məlumat verilib. Muzeyin direktoru akademik Rafael Hüseynov qonaqlarla görüşüb.
Görüş zamanı akademik Rafael Hüseynov qeyd edib ki, Belarus Respublikası bütün məsələlərdə ardıcıl olaraq hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Uzun illərə bağlanan, qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlər bu gün də davam edir. 2024-cü ilin aprel ayında Azərbaycanda keçirilmiş Belarus Mədəniyyət Günlərində və VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Belarus Respublikası ilə əlaqələrin davamlılığı birgə layihələrin həyata keçirilməsinə yol açıb. Həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq sazişi imzalanaraq bu sahədə əlaqələrin möhkəmlənməsinə səbəb olub. Söhbət zamanı həmin saziş əsasında bu il aprelin 18-dən 20-dək Ədəbiyyat Muzeyində reallaşacaq, 1941-1945-ci illər müharibəsində iştirak etmiş Belarus ədiblərinin həyat və yaradıcılığından bəhs edən “Ürəyin qanı ilə” adlı bədii-sənədli sərginin açılışından və hazırlıq işlərindən bəhs olunub.
Sonra akademik Rafael Hüseynov Ədəbiyyat Muzeyinin yaranma tarixindən ətraflı danışaraq qeyd edib ki, bu il həm də 1941-1945-ci illər müharibəsinin 80 illiyi keçirilir. Akademik qonaqları Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) haqqında da məlumatlandırıb. Direktor onları Mehdi Hüseynzadəyə həsr edilmiş ekspozisiya ilə, onun həyat və yaradıcılığı ilə bağlı apardığı tədqiqatla tanış edib və vaxtilə Avropa Şurası Parlament Assambleyasının xətti ilə Sloveniyada səfərdə olarkən Nova Qoritsa şəhərində Mehdi Hüseynzadənin məzarını ziyarət etdiyini, ona olan böyük xalq sevgisinin şahidi olduğunu və bu ehtiramın nəticəsi olaraq onun təşəbbüsü ilə xatirə muzeyinin yaradıldığını qeyd edib.
Daha sonra səfirə Rafael Hüseynovun müəllifi olduğu “Sözün meracı”, Mehdi Hüseynzadəyə həsr edilmiş “İki xalqın övladı” kitabları və “Söz məbədi” bukleti hədiyyə edilib.
Muzeydən xoş təəssüratla ayrılan qonaqlar rəylər və təəssüratlar kitabına ürək sözlərini yazıblar.