Logo

BDU-nun Şərqşünaslıq fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

18.04.2025 08:48 134 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.

Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsini, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığını təmin etmək kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadığını deyib.

Sonra Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev “Beynəlxalq münasibətlər müstəvisində parlament diplomatiyasının rolu” mövzusunda məruzə edib. Klassik diplomatiya və parlament diplomatiyası haqqında məlumat verən deputat parlamentlərin xarici siyasət kursunda yeri, beynəlxalq siyasi hədəflərin təbliği istiqamətində vəzifələrindən söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan diplomatiyası qüdrətli və qalib ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir, dünyanın və regionun lider dövlətinə çevrilməsi istiqamətində uğurla fəaliyyət göstərir: “Artıq Azərbaycanda beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi ənənəsi formalaşıb. Eyni zamanda, dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edirlər. Dünya ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşır. Təbii ki, bu cür əlaqələrin qurulması ölkələr arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəstəklənməsində təsirli amildir. Milli Məclis beynəlxalq platformalarda fəal iş aparır və ölkəmizin haqlı mövqeyinin dünyada tanıdılmasında xüsusi rol oynayır”.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan məruzədə diplomatiya sahəsində maraqlı məqamlara toxunulduğunu, görüşün tələbələr üçün faydalı olacağını bildirib.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti