Qarabağ Universitetinin rektoru Şahin Bayramov hazırda qısamüddətli təhsil proqramlarının hazırlanması və təqdim olunması üzərində işlədiklərini bildirib.
TƏHSİL.BİZ “Report”a istinadən xəbər verir ki, rektor bu barədə diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində danışıb.
O qeyd edib ki, Qarabağ Universitetinin Qarabağ və Şərqi Zəngəzur bölgəsində təhsil, tədqiqat və innovasiya mərkəzinə çevrilməsi hədəflənir:
"Bu missiyanı yerinə yetirmək üçün gələcəyin peşəkarlarını yetişdirməyə, elmi araşdırmalar aparmağa və gələcək üçün innovativ həllər yaratmağa çalışırıq. Universitet olaraq bölgənin ümumi inkişaf proseslərinə dəstək vermək öhdəliyimizi anlayırıq. Bu ərazilərdə ekosistemin formalaşmasına da kömək etməyə çalışırıq. Torpaqlarına geri dönən insanlara dəstək olmağa çalışırıq. Böyük bir universitet olaraq torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərə iş imkanları da təqdim edirik. Hazırda həmin insanlar üçün qısamüddətli təhsil proqramlarının hazırlanması və təqdim olunması üzərində işləyirik ki, onların məşğulluq məsələlərinə kömək edək”.
Rektor onu da diqqətə çatdırıb ki, burada təhsil alan tələbələrin qəbul balı yüksəkdir.
“Ölkəmizdə maksimum qəbul balı 700-dür. Universitetimizdə ilk kurs tələbələri arasında 600 və daha yuxarı bal toplamış 101 tələbə var. 500 və daha yuxarı bal toplamış isə təxminən 400 tələbəmiz mövcuddur. Bu göstəricilər bizim üçün çox sevindiricidir. Orta qəbul balı isə 470-dir. Qarşıdakı iki-üç il ərzində Xocalı şəhərində Kənd təsərrüfatı fakültəsinin açılması nəzərdə tutulur”, - o əlavə edib.