“Beşinci “Yüksəliş” müsabiqəsində iştirak üçün qeydiyyatdan keçən iştirakçıların 11 923-ü kişi, 4 630-u qadındır. Ötən illərdəki “Yüksəliş”də iştirak etmiş 9976 nəfər bu il müsabiqədə təkrar iştirak üçün müraciət edib. Müsabiqəyə ilk dəfə müraciət edən namizədlərin sayı isə 6577 nəfərdir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün mətbuat üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət edib:
"Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyən edilib. Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır”.
Onun sözlərinə görə, müsabiqəyə müraciət edən namizədlərin 56.48 %-i dövlət, 41.05 %-i özəl sektorda, 1.49 %-i qeyri-hökumət təşkilatlarda (QHT), 0.98 %-i isə beynəlxalq qurumlarda çalışır:
“Qarşıda müsabiqənin növbəti – onlayn mərhələnin ümumi biliklər üzrə ilk sınaq imtahanı gəlir. Bu mərhələdə iştirakçılara Azərbaycan və dünya tarixi, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq”.