Azərbaycan Texniki Universitetində (AzTU) Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, AzTU-nun Humanitar fənlər kafedrasının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən “Kim məni xatırlasa” adlı tədbirdə fəxri qonaqlar kimi şairin ailə üzvləri və yaxınları Arzu Babayev, Pərixanım Əliyeva, Gülümsər Abbasova, Səriyyə Bağırova, Natavan Əliyeva, eləcə də Mədəniyyət Nazirliyinin nümayəndəsi Sənan Talıbov, Xalq aristi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səhnə danışığı” kafedrasının müdiri, professor Məmmədsəfa Qasımov, Azərbaycan Milli Konservatoriyasının sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə, kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, şair Əhməd Cavadın nəvəsi Almas Bağırova, şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə iştirak ediblər.
AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov şairin yaradıcılığına nəzər salıb, onun təkcə şair kimi deyil, həm də ictimai xadim kimi fəaliyyətindən bəhs edib.
AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Nəbi Xəzri yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib. O, şairin yaradıcılığında Xəzər dənizi və çinar ağacının onun yaradıcılığında xüsusi obrazlar olduğunu, onun təbiətə, gözəlliyə bağlılığını ifadə edib.
Nəbi Xəzrinin ailəsi adından çıxış edən şairin oğlu Arzu Babayev atasının 100 illik yubiley tədbirinin keçirilməsi, onun yaradıcılığının yüksək səviyyədə dəyərləndirilməsinə görə AzTU rəhbərliyinə təşəkkür edib və atasının yazdığı “Mənim ürəyimdir” şeirini səsləndirib.
Tədbir zamanı şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra AzTU məzunu, "TRT Müzik" kanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimlinin ifasında “Tək ümid qalsın”, Gənclərin Respublika Bədii Yaradıcılıq evi “Muğam” Dərnəyinin rəhbəri Ceyhun Qənbərovun ifasında “Kim sevməsə öz yurdunu” mahnıları ilə Nəbi Xəzri yaradıcılığı yad edilib. Tədbirdə həmçinin AzTU və ADMİU-nun tələbələri şairin sözlərinə yazılmış “Güllərim”, “Külək”, “Heç küsməyin yeridirmi, yar?”, “Nar ağacı nar çiçəyi”, “Azərbaycan” kimi sevilən mahnıları ifa ediblər.
Daha sonra ADMİU tələbələri Nəbi Xəzrinin 100 illik yubiley tədbiri üçün “Dəniz, göy, məhəbbət” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim ediblər. Sözügedən kompozisiyanın ərsəyə gəlməsində əməyinə görə ADMİU-nun professoru, Xalq artisti Məmmədsəfa Qasımova təşəkkürnamə təqdim olunub.