Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrindən ibarət heyət Xankəndi şəhərinə səfər çərçivəsində Qarabağ Universitetində olublar.
TƏHSİL. BİZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev nümayəndə heyətinə Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi müharibə cinayətləri barədə məlumat verib. Hikmət Hacıyev bildirib ki, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək qonaqları salamlayıb və ali təhsil ocağının tədris prosesində əldə etdiyi uğurlar, habelə növbəti dövrdə qarşıya qoyulan hədəflərindən bəhs edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş tikinti-bərpa işləri barədə məlumat verib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov təqdimatla çıxış edərək işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları və quruculuq işlərinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universiteti ilə tanış olub. Nümayəndələr tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərgi zalına baxış keçirib, həmçinin incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi nömrələrini dinləyiblər.