“Bu stadion Bakıdakı uşaqlar üçün unikal fürsətdir”.
TƏHSİL.BİZ xəbər verir ki, futbol əfsanəsi, Ukraynanın məşhur oyunçusu Andrey Şevçenko Bakıda 247 nömrəli məktəbin stadionunun açılışında çıxış edərək Azərbaycan xalqına, Futbol Federasiyasına və Təhsil Nazirliyinə təşəkkürünü bildirib.
Şevçenko qeyd edib ki, bu təşəbbüs FİFA prezidenti Kanni İnfantinonun dəstəyi ilə reallaşıb və uşaq futbolunun gələcəyi üçün çox vacibdir:
“Mən Kiyev kənarında böyüyəndə daha yaxşı futbol meydançasının arzusunda idim. Bu gün isə Bakıda uşaqlar üçün unikal bir fürsət yaradılıb”, – deyə o bildirib.
Futbol ulduzu Azərbaycanın gözəl və təsirli bir ölkə olduğunu vurğulayaraq, ilk dəfə burada olduğunu və çox xoş təəssüratlarla ayrıldığını söyləyib.
Şevçenko futbol təhsilinin, ümumiyyətlə təhsilin gənc nəsil üçün vacibliyini qeyd edib və bu layihənin uşaqlar üçün əhəmiyyətli bir dəstək olacağını bildirib:
“Bu stadion uşaqların həm idman, həm də təhsili üçün mühüm rol oynayacaq”, – deyə o vurğulayıb.