Logo

ADNSU doktorantının məqaləsi “Science” jurnalında dərc olunub

09.09.2025 08:51 49 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universitetinin birgə doktorantı, Azərbaycan-Fransız Universitetində (UFAZ) tədrislə məşğul olan Zaur Bayramovun elmi məqaləsi “Science” jurnalında çap olunub.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

“Palçıq vulkanlarının aktivliyinin və səssiz maqnitudası 6 olan fay sürüşməsinin çox uzaq məsafədən dinamik şəkildə tətiklənməsi” adlı məqalə 2025-ci il 4 sentyabr tarixli buraxılışda dərc edilib və jurnalın 47 impakt faktorla elm aləmindəki nüfuzunu bir daha təsdiqləyib. Bu hadisə həm ADNSU, həm də Azərbaycan elmi üçün əlamətdar uğurdur. Zaur Bayramovun baş müəllif olduğu bu nəşr, son illərdə Azərbaycandan belə nüfuzlu jurnalda yer alan nadir elmi işlərdən biridir. Qeyd edək ki, məqalədə ADNSU da müəllif institutları sırasında qeyd olunub.

Tədqiqat 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş Kahramanmaraş zəlzələlərinin Qərbi Xəzər regionunda – Kür çökəkliyi ərazisində yaratdığı geodinamik dəyişikliklərə həsr olunub. Beynəlxalq tədqiqat qrupu peyk radar (InSAR), GPS, seysmik müşahidə və süni intellekt alətləri ilə apardığı araşdırmalar nəticəsində regionda eyni vaxtda həm 56 palçıq vulkanında aktivlik, həm də 7 müxtəlif fay boyunca səssiz (aseysmik) sürüşmə hadisələrinin baş verdiyini müəyyən edib. Bu proseslərin episentrdən 1000 kilometr uzaqlıqda qeydə alınması, müasir geofizika üçün nadir və dəyərli müşahidə kimi qiymətləndirilir.

Tədqiqatın nəticələri sübut edir ki, böyük zəlzələlər yer qabığında min kilometrlərlə uzaqda yerləşən zonalarda belə dinamik təsir yarada bilər. Belə ki, Kahramanmaraş zəlzələləri nəticəsində yaranan uzunmüddətli səth dalğaları Qərbi Xəzər çökəkliklərindəki dərin maye sistemlərinə təsir göstərərək yeraltı təzyiqləri dəyişib və nəticədə faylarda səssiz sürüşmə, həmçinin palçıq vulkanlarında püskürmələr baş verib. Hadisələrin ümumi təsir gücü Mw 6.1 maqnitudalı zəlzələyə ekvivalentdir.

Məqalə qlobal elmi ictimaiyyətin də diqqətini çəkib. “El País”, “The Conversation” kimi nüfuzlu beynəlxalq media orqanlarında tədqiqat geniş şəkildə işıqlandırılıb. Bu uğurla bağlı Zaur Bayramov Oksford Universitetində keçirilmiş elmi seminara dəvət alıb və 2024-cü ildə Vyana, Korsika və Orlean şəhərlərində baş tutmuş beynəlxalq konfranslarda mövzu üzrə çıxışlar edib.

ADNSU-nun bu tədqiqatda iştirak etməsi, Azərbaycanın elm və təhsil müəssisələrinin yalnız regional deyil, həm də qlobal miqyaslı elmi proseslərdə iştirak etdiyini göstərir. Bu nəşr ölkəmizin gənc tədqiqatçılarının beynəlxalq elmi jurnallarda əsas müəllif kimi yer ala biləcəyini və dünya elminə sanballı töhfələr verə biləcəyini nümayiş etdirir.

Xəbər lenti