“Həm Elm və Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi tərəfindən CFA (Ümumi Avropa Dil Çərçivəsi) əsasında ölkədə icbari təhsildə, yəni 9-cu sinfin sonunda şagirdlərin müəyyən səviyyəyə çatması nəzərdə tutulub. Bu, o deməkdir ki, şagirdlər 9 il ərzində A1, A2 və B1 səviyyələrini mərhələli şəkildə mənimsəməlidirlər”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri 2025/2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “İngilis dili (Game Changer)” dərslik komplektinin məzmunu və tədris texnologiyasının xüsusiyyətlərinə həsr edilmiş vebinarda yeni ingilis dili dərslikləri üzrə layihə rəhbəri Ülkər Babayeva səsləndirib.
O bildirib ki, hazırkı dərslik, yəni “GameChanger 6” şagirdlərin A1-A2 səviyyəsinə keçidini təmin edən dərslikdir. “GameChanger 5” A1 səviyyəsinin sonunu, “GameChanger 6” isə A2-yə keçidi təmin edir. Məqsəd 9-cu sinfin sonuna qədər şagirdlərin B1 səviyyəsinə çatmasıdır.
Ülkər Babayeva vurğulayıb ki, burada ən önəmli faktor dərslikdən çox müəllimlərin səviyyəsidir:
“C1 səviyyəsində olan müəllimlər şagirdləri B1 səviyyəsinə çatdıra bilərlər, amma B1 səviyyəsində olan müəllimlər üçün bu, çətin olacaq. Əgər müəllim özü çətinlik çəkirsə, uşaqları da həmin səviyyəyə çatdırmaq çətin olur”.