Logo

Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

12.12.2025 10:55 35 baxış
IMG

Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor studiyası tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib və tədbir iştirakçıları Ümummilli Liderin həyat yolu və çoxşaxəli fəaliyyəti ilə bağlı xatirələrə bir daha nəzər salıblar.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib.

Tədbiri açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan milli dəyərlərinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətləri diqqətə çatdırıb. O, xüsusilə Heydər Əliyevin Azərbaycan dili, folkloru, ədəbiyyatı və mədəni irsinin qorunmasına verdiyi strateji əhəmiyyəti qeyd edərək vurğulayıb ki, Ümummilli Lider ən çətin tarixi mərhələlərdə belə milli mədəniyyətin yaşadılması üçün mühüm qərarlar qəbul etmiş, ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsinə, milli-mənəvi dəyərləri özündə ehtiva edən filmlərin çəkilməsinə böyük dəstək vermişdir.

Hikmət Quliyev Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışını Azərbaycanın siyasi, iqtisadi və dövlətçilik tarixində dönüş nöqtəsi kimi səciyyələndirib. Alim vurğulayıb ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində həmin dövrdən başlayaraq ilk növbədə siyasi sabitliyin əldə olunması, dövlət müstəqilliyinin qorunması və iqtisadi suverenliyin təmin edilməsi istiqamətində fundamental qərarlar qəbul olunub və əməli addımlar atılıb. “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsi və digər strateji təşəbbüslər Heydər Əliyev siyasətinin uzaqgörənliyinin və sistemliliyinin təcəssümüdür. Bu layihələr Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, regional əməkdaşlıq platformalarında aparıcı rol oynamasına mühüm töhfə verib”, – deyə Hikmət Quliyev əlavə edib. O, həmçinin Ümummilli Liderin “Mən İlham Əliyevə özüm qədər inanıram” fikrinin Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilməsinin rəmzi ifadəsi olduğunu bildirib. Alim vurğulayıb ki, Ulu Öndərin ideya və ideallarının, yarımçıq qalan işlərinin həyata keçirilməsi məhz həmin siyasi kursunun layiqli davamçısı, bu gün dünya liderləri içərisində xüsusi yerə malik olan İlham Əliyev tərəfindən mümkün ola bilərdi. Odur ki, “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə xidmətləri təkcə özünün fiziki ömrü ilə məhdudlaşmır, onun Azərbaycan xalqına ən böyük töhfəsi məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir” deyə bilərik.

Hikmət Quliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ideyalarının müasir qlobal şəraitdə, texnokulturoloji proseslərin getdiyi hazırkı çağda da xüsusi aktuallıq daşıdığını vurğulayıb. Təsadüfi deyil ki, Azərbaycanda texnoloji inkişafın əsasları ölkəmizin aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidinin təməllərini atan Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilib. Bu siyasət Azərbaycan Prezidenti tərəfindən də uğurlu davam etdirilməkdədir. Hikmət Quliyev bu kontekstdə müasir dövrün çağırışları – rəqəmsallaşma, süni intellektin tətbiqi ilə bağlı meydana çıxan məsələlərə də toxunub. Alim, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Prezident İlham Əliyevin səsləndirdiyi fikrə – kibertəhlükəsizliyin təkcə virtual deyil, həm də fiziki təhlükəsizliyi ehtiva etməsinə nəzər yetirərək qeyd edib ki, çağdaş şəraitdə alimlərin, tədqiqatçıların və ziyalıların üzərinə düşən elmi, ictimai və mənəvi məsuliyyət daha da artıb. Alim bu kontekstdə mədəni təhlükəsizlik, milli ideoloji dayaqların gücləndirilməsi istiqamətində folklorşünas alimlərin üzərinə düşən vəzifələrə nəzər yetirib. Qeyd edib ki, folklor resurslarında yaşayan dəyərlər, milli və mədəni kimliyin formalaşdırılması, yaşadılması və gələcək nəsillərə ötürülməsi sahəsində olduqca böyük potensiala malikdir. Hikmət Quliyev qeyd edib ki, Heydər Əliyev ideyalarının yaşadılması, Prezident İlham Əliyevin elm və mədəniyyət sahələri qarşısında müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində Folklor İnstitutunun da üzərinə böyük vəzifələr düşür.

Daha sonra Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin “Mən azərbaycanlıyam” ifadəsinin yalnız milli kimliyin təsdiqi deyil, həm də Azərbaycanın tarixi varlığı, dövlətçilik ənənələri və milli ideologiyasının təməlini ehtiva edən ən güclü konseptual aforizmlərdən biri olduğunu bildirib. Alim vurğulayıb ki, Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas prinsipləri formalaşdırıb və müasir dövlətçilik ideyalarının bərqərar olmasına ciddi təsir göstərib.

Tədbirdə “Heydər Əliyev və Ana dilimiz”, “Folklordan kimliyə: Heydər Əliyevin mədəni irs strategiyası” mövzularında məruzələr dinlənilib.

Tədbirin sonunda filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları, milli mədəniyyətə və mənəvi dəyərlərə verdiyi yüksək dəyər bu gün də Azərbaycan elminə, ziyalı mühitinə və mədəni siyasətinə istiqamət verən strateji xətt kimi aktuallığını qorumaqdadır. O vurğulayıb ki, Folklor İnstitutu Ulu Öndərin zəngin irsini və Prezident İlham Əliyevin mədəniyyət və elm sahələrində müəyyənləşdirdiyi strateji prioritetləri əsas tutaraq, milli‐mənəvi dəyərlərin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Xəbər lenti