Qarabağlı fəxrlərimizin ruhu şad olur
22-ci yazı
İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.
Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.
Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.
İyirmi ikinci yazımız Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru olmuş Seyfəddin Tağı oğlu Qəndilovla bağlıdır.
Seyfəddin Qəndilov 1930-cu il sentyabrın 26-da Tərtər rayonunda anadan olmuşdur. Orta məktəb təhsilini başa vurduqdan sonra, 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alaraq ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, 1953-1956-cı illərdə isə həmin universitetin aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildə Bakı Dövlət Universitetində komsomol komitəsinin katibi kimi başlayan Seyfəddin Qəndilov burada 1958-ci ildə assistent vəzifəsində çalışmışdır. Sonrakı illərdə müxtəlif ali məktəblərdə, o cümlədən 1958-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda dosent, 1962-1966-cı illərdə Bakı Dövlət Universitetində dosent, 1966-1971-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuşdur. 1971-ci ildə o, yenidən indiki Bakı Dövlət Universitetinə qayıdaraq professor və kafedra müdiri vəzifələrini tutmuşdur. Seyfəddin Qəndilov 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik etmişdir.
Seyfəddin Qəndilov 1958-ci ildə tarix elmləri üzrə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun çoxillik səmərəli araşdırmalarının nəticələri 400-ə yaxın məqalədə, bir sıra monoqrafiyada və dərsliklərdə əksini tapmışdır.
Uzun illər ərzində tarixçi-politoloq, siyasi icmalçı olaraq Seyfəddin Qəndilov özünün əhatəli siyasi biliyi, zəngin elmi-pedaqoji səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti sayəsində respublikamızda və onun hüdudlarından kənarda tanınmışdır. Alimin tədqiqatlarının aparıcı istiqamətini siyasi tarix, beynəlxalq həyat və xarici siyasətlə bağlı problemlərin öyrənilməsi təşkil etmişdir.
Seyfəddin Qəndilovun müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərini geniş işıqlandıran kitabları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Onun iyirminci əsrdə Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsində cərəyan edən siyasi proseslərlə bağlı silsilə yazıları, radio və televiziya ilə beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrin şərhinə dair müntəzəm çıxışları yüksək peşəkarlıq nümunəsi kimi yadda qalmışdır.
Professor respublikada ali təhsilin təkmilləşdirilib elmi əsasda yenidən qurulması sahəsində görülən işlərdə də yaxından iştirak etmişdir. Onun bilavasitə rəhbərliyi altında 1995-ci ildə Təhsil Nazirliyinin işçi qrupu tərəfindən "Ali məktəblərdə humanitar elmlərin tədrisi və tədqiqinin təkmilləşdirilməsi konsepsiyası", 1997-ci ildə isə Nazirliyin ekspert qrupu tərəfindən "Humanitar elmlər üzrə ali təhsilin istiqamət və ixtisaslarına dair dövlət standartları" barədə sənədlər işlənib hazırlanmışdır.
Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilmişdir. Onun mötəbər beynəlxalq konfrans, elmi simpozium və nüfuzlu toplantılardakı çıxışları mütəxəssislərin marağına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ilk rektoru olan Seyfəddin Qəndilov göstərdiyi çoxşaxəli fəaliyyəti ilə respublikamızda dövlət qulluğu sahəsində kadr hazırlığı işinə layiqli töhfələr vermişdir. "Respublikanın Əməkdar Təbliğatçısı" və "Respublikanın Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülmüşdür.
Seyfəddin Qəndilov öz elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai həyatında da fəal iştirak edərək, əsl vətəndaşlıq mövqeyi tutmuş və milli dövlətçilik prinsiplərinə sadiq qalmışdır.
Əməkdar elm xadimi, professor Qəndilov Seyfəddin 2010-cu il iyulun 20-də ömrünün 80-ci ilində vəfat etmişdir.
Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Seyfəddin Qəndilovun dünyaya göz açdığı Tərtər şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.