“Uşaq dünən məktəbə gedib. Sinif rəhbəri oğlumu sinfə aparıb və uşaqlara belə təqdim edib: “Tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib”. Oğlum deyib ki, “Mən qız deyiləm, oğlanam”. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiz? Müəllimə də gülüb“.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalist Röya Rəfili öz feysbuk səhifəsində paylaşıb. Uzun müddət Almaniyada yaşayan azərbaycanlı jurnalist bu ilin sentyabrında orada yaşamasına icazə olmadığına görə deportasiya olunub. Ölkəyə gələndən sonra övladlarını məktəbə qoymaq istəyən jurnalist bir sıra problemlərlə qarşılaşdığını bildirib. Qarşılaşdığı problemlərdən biri də 11 yaşlı oğlunun saçının uzun olmasına görə məktəbdə müəllim və şagirdlər tərəfindən lağa qoyulması olduğunu deyir:
“O, Almaniyada saçını uzadırdı, bunu məktəbdə lağa qoymamaları, incitməmələri üçün ötən həftə sonu məktəbə gedib sənədləri təqdim etdiyim səlahiyyətlilərlə bu barədə danışmışam. Deyiblər ki, mentalitetimiz var, uzun saç olmaz. Dinləmişəm, sakitcə izah etmişəm, xahiş etmişəm ki, uşaqla problem olmasın, onun kifayət qədər travması var. Özü ilə yenə danışacam, istəyərsə, kəsərik, yoxsa məcbur edə bilmərəm. Sonra sinif rəhbəri Yeganə Qasımova ilə ayrıca danışmışam, xahiş etmişən ki, uşağa adaptasiya üçün dəstək olsun, saçına, özünə uşaqların gülməsinə imkan verməsin. Müəllimə də “uşağın saçını qısa zamanda kəsdirərsiniz”,- deyib. Mən də soruşmuşam ki, məktəbin daxili qaydaları varmı, varsa, verin oxuyaq. Yoxdur, varsa da, orada saç uzatmaq olmaz deyə bir bənd yoxdur. Məktəb niyə uşağın savadına yox, saçına-başına baxmalıdır ki?”
Röya Rəfili paylaşdığı postda bildirib ki, bütün bu danışıqlara baxmayaraq dərs günü müəllim bütün şagirdlər qarşısında övladını lağa qoyub:
“Bunu etdikdən sonra isə oğluma yaxınlaşaraq deyib ki, "O gün anana da demişəm, saçını kəsdirməlisən, tez kəs, qurtul ondan. O nə saçdır, saxlayırsan". Uşaq dünən evə gələndən sonra uzun müddət ağlayıb. Mən həmin müəllimənin o sözü deyə biləcəyinə inanmadım. Telefonda, sonra da axşam gəlib evdə balacadan soruşmuşam ki, dəqiq sinif rəhbərin deyib bunu? Axı, o, sənin birinci gün sinfə gələcəyini bilirdi... Mən müəlliməyə 11 yaşlı oğlumun birinci gün böyük qardaşı ilə məktəbə gələcəyini demişəm. Müəllimə çaşa bilməz burada, oğlumun geyimi oğlan üçün olanlardır, yubka yox, şalvar (idman forması tipli) geyinib, kurtkası qız üçün deyil, adı Amindir. Müəllimə nədənsə şübhələnirdisə, adını soruşa bilərdi.
Uşağı incitmədən cinsini soruşmağı 30 ilin pedaqoqu bilmirsə, o, nə iş görür məktəbdə? Niyə uşaqla davranış qaydalarını bilməyən insanlar doluşub məktəbə?
Oğlum bu gün məktəbə getmək istəmirdi, birtəhər başa salıb aparmışam. Bu gedişlə necə olacağını bilmirəm. Çox qorxularım var... Məsələ ilə bağlı vəkilimlə danışmışam və rəsmi şikayət etməyi düşünürəm... Oğluma isə başa sala bilmədim saçını niyə kəsdirməlidir. Çünki o, başına gələnlərin təhqir olduğunu mən demədən də bilir...”