Son zamanlar uşaqlara təhsil, tərbiyə verməli olan təhsil ocaqları direktorların, müəllimlərin davranışları ilə gündəmə gəlir. Direktorların pul yığma əmrləri, uşaqlara qarşı kobud davranışlar və s. bu kimi hallar son zamanlar gündəmə gəlməsinin səbəbi nədir?
Öncə qeyd edək ki, əksər məktəblərdə direktorlar özlərini nəinki məktəbin, uşaqların, valideynlərin, bəzən bütün qəsəbənin, kəndin rəhbəri kimi hiss edirlər. Məktəblərdə olan rüşvətxorluq halları, direktorların pul yığması faktları dəfələrlə gündəmə gətirilir. Ötən həftə isə, daha bir məktəb direktoru şagirdlərlə döydüyü üçün gündəmə gəldi. Müəllimin şagirdi döyməyə haqqı varmı? Əsla, döyərək tərbiyə vermək, göz qorxudaraq uyğunlaşdırmaq mümkün deyil.
Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu kimi hallar dünyanın bütün ölkələrində baş verir. Çünki insanlarla işləmək çox çətindir.
“Hazırda dünyada insanlar böhran halı yaşayır. Bu böhranın nəticəsində müəyyən mənfi davranışlar baş verir. Azyaşlılar, həddi-büluğa çatmayan uşaqlar daha çox mənfi davranışlar sərgiləyirlər. Uşaqların ailədə yaxşı rol modellərini görə bilməmək, bir problem var. Uşaqların, məktəblilərin yenə bir qisminin pis nümunə görmə ehtimalı daha çoxdur. Onların tərbiyəsinə mənfi təsir edən çox sayda amillər var. Buna internet, sosial media, ətraf mühit daxildir. Bu fonda daha çox əziyyət çəkən kütlə təhsil işçiləri olur. Bunlara rəğmən müəllimlər, direktor müavinləri və direktorlar peşəkar xüsusiyyətlərə malik olmalı və gördükləri mənfi münasibətlərə qarşı emosiyalara qapılmamalı və özünə hakim olmağa çalışmalıdır. Mənfi davranışların idarə olunması ilə bağlı nizam-intizam qaydaları məlum olmalı və şagirdlərə, valideynlərə, müəllimlərə bu məlumat göndərilməlidir. Şagirdlərdən hansı davranışların gözlənildiyi dəhlizlərdə, siniflərdə hamının görə biləcəyi yerlərdə asılmalıdır və eyni zamanda bu davranışların tam tərsi olaraq mənfi davranışların göstərildiyi halda hansı proseduranın da tətbiq olunacağı qeyd olunmalıdır”.
Ekspert bildirir ki, mənfi göstərildiyində, yəni məktəbin qaydalarına uyğun olmayan davranışlar sərgiləndiyində hansı addımlar atılacaq hamısı addım-addım qeyd edilməlidir. Bunun nəticəsində artıq bir cəza olmayacaq. Çünki şagird bilirdi ki, bu mənfi davranışın nəticəsi nədir. Əvvəldən bunu bilirsə, bu mənfi nəticə ilə qarşılaşacaq. Yəni bu durumda heç bir insan nə əsəbləşməyəcək, nə qəzəblənməyəcək, nə də şagirdi vurmaq məcburiyyətində qalmayacaq.
“Yəni hər bir müsbət və mənfi davranışın, müsbət və mənfi nəticəsi olacaq. Şagirdin müəllim tərəfindən vurulmağı müəllimin və direktorun qeyri-peşəkar olmasının nəticəsidir. Emosiyalarını ram etməməyin, cilovlaya bilməməyin nəticəsidir. Şagird mənfi davranışlar göstərə bilər. Bununla bağlı müəyyən nəticələr olmalıdır. Buna uzaqlaşdırma, məktəbdən tamamilə uzaqlaşdırma, 3 gün uzaqlaşdırma, sinifdə saxlamaq və s. aiddir”,- deyən ekspert bildirib ki, bu prosedurlar bütüm dünya təcrübəsində var. Və bu prosedurlar Azərbaycan təhsilində də tətbiq edilərsə, şagird-müəllim arasında olan mənfi davanışları azaldaq.