Logo

Şagirdləri döyən müəllimlər niyə işdən çıxarılmır? - Deputatdan REAKSİYA

14.01.2022 09:58 1105 baxış
IMG

Bu günlərdə Bakının 9 və 117 nömrəli orta məktəblərində müəllimlərin şagirdlərə qarşı rəftarı gündəmdədir. Belə ki, 9 nömrəli məktəbin direktoru Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi Leyla Əliyevanı isə fiziki tərbiyə müəllimi şagirdlərin gözü qarşısında  başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Bu barədə şagirdin anası məlumat verib. 

9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Həmçinin, 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub. 

Paytaxtın iki məktəbində müəllimin şagirdi döyməsi və başını divara çırpması cəmiyətdə haqlı narazılığa səbəb oldu. Lakin təəssüf ki, aidyyəti qurumlar bu məsələyə kifayət qədər həssaslıqla yanaşmır. Sual olunur, müəllim hansı əsasla şagirdi döyə, ona işgəncə verə bilər? Belə müəllimlər niyə işdən azad edilmir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Etibar Əliyev cavablandırıb. O bildirib ki, müəllim tərbiyə etmək funksiyasını öz üzərindən atmamalıdır:

“Bütün dünyada məktəbin qorunması üçün ciddi işlər aparılır. Keyfiyyətli təhsil mühiti anlayışı həm də şagird-müəllim, müəllim-valideyn münasibətlərini özündə ehtiva edir. Məktəblərdə psixoloji gərginliyin azaldılmasında direktorların rolu böyükdür. Və məktəb psixoloqlarının hazırlanmasına ciddi diqqət yetirmək lazımdır. Məktəblərdə nizam-intizam qaydalarının pozulmasında şagirdlərin mobil telefonlara ifrat dərəcədə aludə olmalarının da rolu az deyil. Şagirdlər biliklərə yiyələnməli, fiziki hazırlığa cəlb olunmalı və tərbiyə almalıdır. Tərbiyə konsepsiyasına yenidən baxılmalıdr. Müəllim şagirdinə öz övladı kimi yanaşmalıdır. Valideyn-müəllim münasibətləri sivil formada tənzimlənməli, şagird ayrı-seçkiliyinə yol verilməməlidir. Məktəbə mütəmadi olaraq alimlər, yazıçılar dəvət olunmalıdırlar. Pandemiya ilə əlaqədar məktəblərdə maarifçilik işləri bir qədər səngidi. Hər halda müəllim tərbiyə etmək funksiyasını öz üzərindən atmamalıdır. Şagird davranışlarındakı neqativ halları hiss edirik. Təsadüfi deyildir ki, klassik pedaqoqlar tərbiyə faktorunu təhsildən önə çəkirdilər".

Deputat bildirib ki, indi bir sıra ölkələr çağımızın tələblərinə uyğun olaraq yeni tərbiyə konsepsiyası hazırlayır:

"Məktəb icbari təhsil pilləsinin şagirdlərinin davranışını xüsusi olaraq diqqətdə saxlamalıdr. Peşə təhsili təşviq olunmalıdır. Hər bir valideynin məktəbdən gözləntisi var. Məktəblə cəmiyyət arasında qarşıdurmanın yaranmasına meyilli insanlar da az deyil. Bunun səbəbləri araşdırılmalıdır. Sosial şəbəkələr şagirdlərimizin fənn olimpiadalarındakı uğurlarını işıqlandırmır. Lakin məktəbdə hər hansı xoşagəlməz hadisələri manipulyasiya edirlər. Hər halda neqativ halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Şagirdlərin dərsdən yayınması hallarının qarşısı alınmalıdr. Valideynlər uşaqlarının dərsdən sonrakı davranışları ilə maraqlanmalıdırlar. İndiki dövrdə müəllimin tənbeh olunmasının tərəfdarı deyiləm. Baş verən hadisənin səbəblərini araşdırmaq lazımdır. Müəllimin gözdən salınması yaxşı hal deyil. O, şagirdləri arasında nüfuzunu itirir. Bütün dövrlərdə cəmiyyət həmişə müəllimin tərəfində olub. Ancaq müəllimlər də ehtiyatı əldən verməməlidirlər, emosiyalarını cilovlamalıdırlar. Ötən əsrin məktəbi ilə indinin məktəbi eyni deyil”.

Xəbər lenti