Logo

Qəhrəman müəllimin şərəfli ömür yolu

11.02.2022 14:55 905 baxış
IMG

Ömərov Qoşqar Səxavət oğlu 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla  Azərbaycan Dövlət Pedaqoji Universitetinin  riyaziyyat-informatika fakültəsinin tələbə adını qazanıb.

2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturasına daxil olsa da, hərbi xidmətə yola düşüb. 2016-2018-ci illərdə magistr təhsili alıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq  Masazır kənd 5 nömrəli tam orta  məktəbdə  riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bununla yanaşı, bir sıra özəl kurslarda da  riyaziyyat fənnini tədris edib.

Artıq arzusuna çataraq müəllim kimi gələcəyə ümidlə baxırdı. Qoşqara riyaziyyatı sevdirən, onda müəllim olmaq həvəsini yaradan, həm də öz riyaziyyat müəllimi olan atası Səxavət Ömərov olmuşdu. Belə çalışqan, istedadlı  olması da ailədən bəhrələnirdi. İstər şagird, istər tələbə, istərsə də müəllimlik fəaliyyəti dövründə savadı, intellekti, tərbiyəsi ilə  seçilən Qoşqar Ömərov hər kəsin hörmətini, rəğbətini qazanmışdı. Artıq müəllim kimi fəaliyyətə başladığı ilk vaxtlardan şagirdlərinin də sevimlisi olmuşdu. Yeni uğurlar, nailiyyətlər əldə edən gənc müəllim qarşısına qoyduğu bütün məqsədlərin öhdəsindən layiqincə gəlirdi. Əldə etdiyi bütün uğurlarının   qarşısında isə onun sadəliyi, mərdliyi və möhkəm iradəsi dayanırdı...

Qoşqar Ömərov ailənin sonuncu övladı olmasına baxmayaraq sanki bütün ailənin ümidləri ona idi. Subay idi. Ailəsinin bütün təkidlərinə baxmayaraq  hələ də üzərinə düşən missiyasını tamamlamadığını düşünürdü. Bəlkə də buna görə ailə qurmaq haqqında fikirləşmirdi. Müəllimlik müqəddəs peşədir, bu peşəyə sahib olan Qoşqar Ömərov məsuliyyətini dərk edirdi. Bir müəllim kimi şagirdlərinə hər zaman vətən, torpaq  sevgisini aşılayırdı. Atasının da sözlərinə görə,  ailəsində də hər zaman söhbət edərkən torpaqlarımızın işğal altında olmasının onu çox narahat etdiyini deyirmiş. 26 illik qısa  ömrünə ən müqəddəs yüksək zirvəni sığdıran Qoşqar müəllim uca Şəhidlik zirvəsini fəth etdi.

Vətən, yurd sevgisi onun bütün gələcək arzularından öndə getdi, gələcək nəsillərə, öz şagirdlərinə örnək bir yol seçdi. Bir gün şagirdləri onu sinif otağında gözləyən zaman xəbər gəlir ki, Qoşqar müəllim 21 sentyabr 2020-ci ildə vətənin çağırışına könüllü  qoşulur. Vətən məni çağırır deyib son dəfə ailəsi ilə sağollaşıb ordu sıralarına  yollanır. Vətənini, xalqını düşünərək geridə ailəsini, onu sevənlərini və öz arzularını qoyub 27 sentyabrdan - müharibə başlandığı gündən Füzuli cəbhəsindən müharibəyə qatıldı. Döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilir. Bir pedaqoqun düşmənə dərs verməsi idi bu. Döyüs yoldaşlarının da dediyinə görə, 38 gün müharibədə düşmənə qarşı sarsıdıcı zərbələr endirərək son ana qədər  əzm göstərmisdi. Yaralı və şəhid olmuş döyüş yoldaşlarının çıxarılmasına köməklik göstərmişdi. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişdir.  Noyabrın 3-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə qəhrəmanlıqla  şəhid  olur. Noyabrın 4-ü artıq bütün kənd və Qoşqarı sevənlər onun şəhid xəbərini alır. Qoşqar Ömərov noyabrın 5-i öz doğulub boya-başa çatdığı Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində  dəfn olunur.

Fevralın 9-u Qoşqarsız qeyd olunan artıq ikinci doğum günü idi. Yaşasaydı, 28 yaşını qeyd edəcəkdi. Onu sevənlər bu gün də onun məzarının başına toplaşırlar. Xatirəsini hər zaman əziz tuturlar. Qoşqar Ömərov bu gün tək onu tanıyanların deyil, bütün Azərbaycanın fəxridir. Şəhadətindən 1 il 3 ay keçsə də, ailəsi və  onu sevənlər hələ də yoxluğu ilə barışa bilməyib, lakin yeganə təsəlli onun Vətən uğrunda  Şəhidlik zirvəsinə ucalmasıdı. Bu gun tarix yazan müəllimdən geriyə təmiz adı, şərəfli ömür yolu bizlərə əmanətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qoşqar Ömərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Türkan AYDINLI

Xəbər lenti