Logo

"Köpək" filminin uğursuz taleyi - Şahanə Müşfiq yazır

11.02.2022 22:53 590 baxış
IMG

Şahanə MÜŞFİQ
 

1895-ci il ilk film nümayiş olunandan bu günə kimi dünya film sənayesi böyük inkişaf yolu keçib. Filmlər üçün ayrılan büdcələr artırılıb, yeni çəkiliş formaları sənaye texnikasının inkişafına gətirib çıxarıb.

Filmin, kinonun cəmiyyətin inkişafına təsiri şübhəsizdir. Məhz buna görə də zaman-zaman bu sahədə senzuraya ehtiyac yaranıb. Kino yarandığı gündən geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş elə filmlər də olub ki, seksual, dini, siyasi, ya da sosial səbəblərdən senzuraya, qadağalara məruz qalıb. Belə senzura və qadağalar hələ səssiz kinonun zamanlarından tətbiq olunmağa başlayıb.

Kino tarixində bu günə kimi nə qədər filmin bu cür senzura və qadağalara məruz qaldığını demək mümkün deyil. Dünya kinematoqrafiyasında ayrı-ayrı ölkələrdə qadağan olunmuş filmlərə misal olaraq "Hannibal soyqırımı", "Ovsunçu", "Şeytan öldü", "Anadangəlmə qatillər", "Serbiya filmi", "Skum", "Qırxayaq 2", "Qrotesk", "Texas kütləvi qırğını", "Miki" və sair kimi filmləri misal göstərə bilərik. Vəhşət, qətliam, şiddət və qorxunun həddindən artıq çoxluğu ilə əlaqədar psixoloji travma yaradacağı ehtimal olunan bu filmlərin dünyanın müxtəlif ölkələrində nümayişinə qadağalar qoyulub. 

Bu gün isə Amerika Bədii Filmlər Assosiasiyasının Qiymətləndirmə və Kodlaşdırma Administrasiyası ekran əsərlərini senzuraya məruz qoymur, kadrların kəsilib-çıxarılmasını tələb etmir. Çünki onlar filmlərə xüsusi şifrələr verirlər. Auditoriya filmin şifrəsinə baxaraq, ekran əsərinin mahiyyəti haqda təsəvvür əldə edə bilir. Məsələn, "G" şifrəsi hər yaşda olan tamaşaçılar üçün nəzərdə tutulmuş filmlərdir. "PG" şifrəsini almış filmə baxmaq üçün uşaqlar valideynlərinin razılığını almalıdırlar. Çünki bu filmlərdə bəzi kadrlar uşaq auditoriyası üçün ifrat açıq və ya sərt ola bilər. "PG-13" kodlu filmə yaşı 13-dən aşağı olan uşaqlar baxa bilməzlər. "R" kodu o deməkdir ki, əgər 17 yaşı tamam olmamış yeniyetmə bu filmə baxmaq istəyirsə, mütləq kinoteatra valideynləri ilə birlikdə gəlməlidir. "NC-17" kodu ümumiyyətlə, bu filmə 17 yaşına çatmamış yeniyetmələrin baxmasına qadağa qoyur. Və nəhayət, "X" kodu filmin reklamından tutmuş kinoteatrlarda, efirdə nümayişinə qədər hər şeyə qadağa qoyur. 

Azərbaycanda qadağan olunan filmlər 

Bəs görəsən, Azərbaycanda bu sahədə vəziyyət necədir? Telekanallarda, kinoteatrlarda nümayiş olunan filmlərə ölkəmizdə hansı məhdudiyyətlər qoyulur? Ümumiyyətlə, məhdudiyyətlər, senzura olmalıdırmı? Təbii ki, Sovet hakimiyyəti dövründə bütün yaradıcı sahələr kimi film sənayesi də ciddi təzyiqlərə, senzuraya məruz qalıb. İndi isə Azərbaycanda filmlərin dövlət reyesteri var. Filmin hansı kateqoriyaya aid olması müəyyən edilir. Bunu müvafiq qurum həll edir ki, hansı yaş kateqoriyalı tamaşaçı üçün nəzərdə tutulub. Nəticədə qadağan olunmuş mövzu və filmlər heç bir maneəsiz yayımlanır. Pornoqrafiyanı, zorakılığı təbliğ edən, dini, irqi dözümsüzlüyü olan, qanuni hakimiyyəti devirməyə səsləyən filmlər qeydə alına bilməz. Bir məqam da var ki, distribyutorlar bəri başdan hansı filmin qadağan oluna, ya da narazılığa səbəb ola biləcəyini təxmin edirlər. Ona görə də belə filmləri birmənalı şəkildə Azərbaycana gətirmirlər.

Azərbaycanın öz istehsalı olan filmlər də var ki, ya nümayişinə qadağa qoyulub, ya da çəkilişlərdən sonra fərqli səbəblərdən üzə çıxarılmayıb. Həmin filmlərə misal olaraq "Köpək", "Dağıdılmış körpülər", "Ehram Tv" və başqalarını misal göstərə bilərik.

ABŞ və Azərbaycanın birgə istehsalı olan "Dağıdılmış körpülər" 1996-cı ildə rejissor Rafiq Puyyanın quruluşunda lentə alınıb. Ssenari müəllifi Rüstəm İbrahimbəyov, Rafiq Puyya olan ekran işində baş rolları Piter Rekel (Cef Vəlizadə), Rebeka Buş (Suzan), Fatimə İbrahimbəyova (Ceyran), Bəhruz Vüsuqi (Maykl) və başqaları canlandırıblar.

1996-cı ildə çəkilən filmin ilk baxışı 19 noyabr 2004-cü ildə baş tutub. Filmin süjeti oğulun ana haqqında xatirələri əsasında qurulub. Ana ilə balanı isə bütöv Azərbaycanı iki yerə - şimal və cənuba bölən sərhəd ayırır. Anası Cənubi Azərbaycandan olan Cef Vəlizadə yaşadığı ABŞ-dan Azərbaycana gəlib film çəkmək fikrinə düşür. Burada onu maraqlı hadisələr və sürprizlər gözləyir. Ekran əsərinə bir sıra sənədli materiallar da əlavə olunub, "Nyu Vörld Order" (New World Order) mahnısından istifadə edilib. Bu film Azərbaycan efir məkanına çıxarılmayıb, televiziyalarımızda nümayiş etdirilmir.

Rejissor Ayaz Salayevin quruluşunda lentə alınan "Ehram Tv" filmi 2009-cu ildə çəkilib. Filmin adı sonradan dəyişdirilərək "Üçbucaq Tv" adlandırılıb. Rejissorun sosial-kulturoloji film adlandırdığı ekran əsəri ilə bağlı ilk gündən söz-söhbət yarandı, mətbuatda filmdə siyasi məqamlar olduğuna görə Mədəniyyət Nazirliyi tərəfindən qadağalar olduğu yazıldı. Ayaz Salayev, filmin çəkildiyi "Azərbaycanfilm" kinostudiyası və nazirlik iddiaları təkzib etsələr də, ekran əsəri bu günə kimi nümayiş etdirilməyib.  

Bəxtsiz "Köpək" 

Azərbaycan kinematoqrafiyasında qadağalı filmlər deyəndə ilk ağıla gələn sözsüz ki, "Köpək" filmidir. 1994-cü ildə Azərbaycan kinosunun ən böyük uğuru kimi doğulan "Köpək" elə beşikdəcə boğuldu, televiziyalarımızda nə səsi eşidildi, nə efir üzü gördü. Rejissor Tofiq Tağızadənin son filmi olan "Köpək" ehtiyac üzündən, bir parça çörək möhtaclığından köpəyə dönmüş yazıq insanların faciəsindən bəhs edir. Qarınlarını doyurmaq üçün iş axtaran bir qrup insan aldadılaraq qul kimi işləməyə, tabe olmağa, satqınlığa, yaltaqlığa məruz qoyulur. Əvvəlcə dirənən, qürurunu yendirməyən insanlar sonradan bir dilim çörək ucbatından hər şeyə tabe olmağa məcbur qalırlar. Eyni zamanda, "Köpək"də insanın insan kimi qalması, bu uğurda mübarizəsi təsvir olunur. Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifi Loğman Kərimov, rəssamı Mayis Ağabəyov, quruluşçu operatoru Rafiq Quliyevdir. Rolları Məmməd Səfa, Fuad Poladov, Muxtar İbadov, Nuriyə Əhmədova, Yaşar Nuri və başqaları ifa edirlər. Film sovet hakimiyyətinin mənzərəsini əks etdirir. Ssenari absurd janrında yazılıb. Filmin qayəsini sovet hakimiyyətindəki mənfi hallar, insanların incidilməsi, repressiyaya məruz qalması, bəzi insanların şəxsi mənafelərinə görə satqınlıq etməsi və s. təşkil edir. Filmdə konkret insan və məkan adları yoxdur. Çünki bu, həm də bəşəri mövzudur. Tamaşaçı filmi izləyərkən kimin insan, kimin köpək olduğuna özü qərar verir. Ssenarinin özündə obrazların adları sifətlərlə əvəz olunub. Məsələn, boynuyoğun, satqın və s.

Loğman Kərimov filmin ssenarisini təxminən 1988-1989-cu illərdə yazdığını deyir. O illərdə, daha dəqiq desək, 1988-ci ildə Bakıda tələbələrin, ziyalıların iştirakı ilə Sovet hakimiyyətinin xalqımıza qarşı apardığı anti - azərbaycan siyasətinə etiraz əlaməti olaraq "Azadlıq" meydanında başlayan mitinqlər "Köpək" filminin ssenarisinin yazılmasına təkan verir. Eyni zamanda, qəzetlərin birində oxuduğu bir xəbər də ssenariyə təsirini göstərir. Həmin xəbərdə deyilirdi ki, hansısa xarici ölkələrin birində kimlərsə adada öz hakimiyyətlərini elan edərək insanları qul kimi işlədirlər. Hökumətin də sən demə, bu hadisədən xəbəri yox imiş.

"Köpək" filminin bir çox epizodları Bakıda çəkilib. Köpək damları Azərbaycan kinostudiyasının həyətində qurulub. Fəhlələrin işlədiyi, daş daşıdığı səhnələr Şamaxı yolundakı düzəngahda lentə alınıb. Filmdə iştirak edən qara köpək 18-19 dəfə Azərbaycan çempionu olub.

Film üçün xüsusi musiqi yazılmayıb. Filmdə dünya klassik musiqisindən, Ennio Morikkonenin "Xaç atası" filminə bəstələdiyi musiqidən istifadə olunub.

Xalq artisti Məmməd Səfanın canlandırdığı baş qəhrəman hər vəchlə bu bərbad məkandan qaçmağa, canını və qürurunu xilas etməyə çalışır. Amma nə qədər getsə də, yenə də eyni yerdən uzaqlaşa, qaça bilmir və başa düşür ki, buradan qaçmaq qeyri-mümkündür. Sovet dövründə də belə idi. Hakimiyyətə tabe olmayıb qürurunu qorumaq istəyənlər xalq düşməni elan edilir, həbsə atılır, sürgünə göndərilirdi. Onları satanlar isə elə öz ətrafındakılar, onlarla eyni taleyi yaşayanlar idi. Filmdəki baş qəhrəmanı satan satqın obrazı kimi. Mərhum Xalq artisti Yaşar Nurinin canlandırdığı bu obraz öz faciəsini öz diliylə ifadə edir, "mən də çox dirəndim, amma tabe olmaqdan başqa yolum yoxdur" - deyir, onlara sədaqətlə xidmət etdiyini sübut etmək üçün onu satacağını öncədən bildirir. Hətta bu obraz sədaqətinə görə itlər cəmiyyətinə üzv qəbul edilir və "Köpək medalı" ilə təltif olunur. Filmin ssenarisinin başqa bir səhnəsində iş axtaran insanları avtobusla düzənlik əraziyə gətirirlər. Fuad Poladovun ifa etdiyi obraz uzaqdan onlara yaxınlaşır. O, hər addım atdıqca siması dəyişir, gah Stalin, gah Hitler, gah da Qorbaçov olur, daha sonra öz simasını alır. Tofiq Tağızadə filmi çəkərkən bu hissədə də dəyişiklik edib.

Filmin əvvəlində qəhrəmanın uşağın istəyi ilə it olub hürməsi epizodu rejissorun tapıntısı kimi mükəmməldir. Həmin anda bunu bir balacanın könlünü xoş etmək üçün həvəslə, sevə-sevə eləyən qəhrəman sonra bütün film boyunca təzyiqlərlə məruz qalır və məhz bu vasitə ilə alçaldılır. Deməli, hərəkətlərimizin əsas mahiyyəti düşdüyümüz situasiyadan asılıdır.

"Köpək"in  montajı bitən vaxtlarda filmin sponsoru müflis olur, ona görə də film nümayiş edilmir. Ümumi qənaət isə belədir ki, keçid dövrü, zamanın iqtisadi çətinlikləri və sponsorun müflisləşməsi bitmiş bir filmin nümayişinə və tamaşaçıya çatdırılmasına mane olub. Film, səhv etmiriksə, yalnız bir dəfə Orxan Fikrətoğlunun ATV-də yayımlanan "Filmin sonu" proqramında nümayiş olunub. Təəssüf ki, ondan başqa heç bir kanalda, kinoteatrda "Köpək" filmi bu günə qədər göstərilməyib.

"Köpək" filminin göstərilən səbəblərdən başqa, izləyicidə yarada biləcəyi psixoloji travmaları da nəzərə alsaq, efir məkanlarında və kinozallarda nümayiş edilməməsini anlamaq heç də çətin deyil. Bütün hallarda peşəkarların, mütəxəssislərin yenidən bu filmə müraciət etməsi və dəyərləndirməsi mümkündür. Mövzusunun ağırlığına və uzun illərdir uğursuz taleyinə baxmayaraq, "Köpək" filmi rejissor işi, aktyor oyununa görə yenə də Azərbaycan kinematoqrafiyasında özünəməxsus yer tutan filmlər sırasındadır.

Xəbər lenti