Logo

Respublika Təhsil Şurası haqqında yayılan məlumatlara aydınlıq gətirildi

15.02.2022 10:18 1379 baxış
IMG

Respublika Təhsil Şurasının sədri Samir Mehdi-zadə son günlər rəhbərlik etdiyi təşkilat barədə yayılan, həqiqəti əks etdirməyən məlumatlara aydınlıq gətirib.

Bu barədə "Tehsil.biz"ə açıqlama verən Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə bildirib:

"Son günlər Təhsil Şurası İctimai Birliyi haqqında yayılan məlumatlar həqiqətdən kənardır və bir nəfər tərəfindən təhsil ictimaiyyətini çaşdırmağa yönəlib. Bu iddialara cavab olaraq, aşağıdakı faktları ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirik:

Bunun üçün bir qədər əvvələ qayıtmağa ehtiyac var. Belə ki, 2018-ci ildə Şuranın ilk sədri Əjdər Ağayevin xəstələnməsindən sui-istifadə edən bir qrup sabiq üzv təşkilatı qeyri-qanuni yollarla ələ keçirməyə cəhd etdilər. Həmin şəxslər ilk dəfə 2018-ci il noyabr ayının 17-də qanuni üzvlərin təxminən 90 faizinin iştirakı olmadan keçirilən iclasa kənar şəxsləri dəvət edərək, qeyri-qanuni Ümumi Yığıncaq keçirdilər. Həmin iclasda heç zaman Şura üzvü olmayan bir çox şəxslər rəhbərliyə “seçildilər”. Şuranın fəaliyyətində heç bir iştirakı və xidməti olmayan Əli-zadə Hikmət Abdul oğlu saxta yolla 1-ci dəfə sədr “seçildi”. Saxtakar qrupun üzvləri saxta, qanunsuz sənədlər tərtib edərək, Ədliyyə Nazirliyinə göndərdilər. Ədliyyə Nazirliyi həmin iclasda iştirak edən üzvlərin adlı siyahısını tələb edib, sənədləri geri qaytardı. İfşa olunduqlarını başa düşən saxtakar qrup, Hikmət Əli-zadəni bizimlə danışıq aparmağa göndərdi. H.Əli-zadə 2019-cu ilin yanvar ayının əvvəlində şəxsən mənə zəng edərək, görüşməyimizi xahiş etdi və biz Böyükağa Mikayıllı ilə onunla görüşməyə razılıq verdik. Bir neçə dəfə keçirilən görüşlərdə H.Əli-zadə acizanə surətdə bizdən xahiş etdi ki, “mənim sədr olmaq fikrim yox idi, məni oyuna salıblar. İndi geriyə yolum yoxdur, Şura üzvləri məni tanımırlar, mənə heç kim səs verməyəcək, ona görə siz mənə kömək edin, mən sədr seçilim”. Biz ona bildirdik ki, siz saxtakarlıqla seçilmisiniz, Nizamnaməyə əsasən Şuranın İdarə Heyəti, sədri, sədr müavinləri, katibi üzvlərin iştirak etdiyi Ümumi Yığıncaqda açıq səsvermə yolu ilə seçilir. Biz istənilən şəxsin qanuni üzvlərin iştirakı ilə açıq səsvermə yolu ilə seçilməsini tələb edirik, qanuni yolla seçilən şəxsin də sədrliyini qəbul edirik.

Daha sonra 2019-cu ilin yanvar ayının 31-də Təhsil Şurasının qanuni – 2013-cü ildə seçilmiş İdarə Heyəti üzvlərinin iştirakı ilə iclas keçirildi və Ümumi Yığıncağın 16 fevral 2019-cu il tarixdə Ədliyyə Nazirliyinin təsdiq etdiyi 144 nəfər qanuni üzvün iştirakı ilə keçirilməsi qərara alındı. Lakin qanuni üzvlərin onlara səs verməyəcəyini yaxşı bildikləri üçün, Təşkilat Komitəsinin xəbəri olmadan iclasa 2 gün qalmış Təhsil Şurasının rəsmi facebook səhifəsini, saytını qanunsuz yolla ələ keçirib idarə edən, İdarə Heyətinin üzvü olmayan, Birliyin 20 illik fəaliyyətində heç bir xidməti olmayan Arif İbrahimov elan verdi ki, “2018-ci ildə üzvlüyə qəbul edilmiş üzvlər də 16 fevralda Ümumi Yığıncağın iclasında iştirak edə bilərlər”. Halbuki, biz İdarə Heyətinin üzvü kimi 2013-cü ildən sonra keçirilən bütün iclaslarda iştirak etmişdik, bilirdik ki, 2018-ci ildə İdarə Heyətinin 27.01.2018-ci il tarixdə cəmi bir iclası keçirilib, həmin iclasda mən və Böyükağa Mikayıllı iştirak etmişik, lakin Nizamnaməyə əsasən heç kimin üzvlüyə qəbulu barədə səsvermə keçirilməyib. Bunu Arif İbrahimovdan soruşduqda, o bildirib ki, bizdə protokollar var. Beləliklə, 16.02.2019-cu il tarixdə Ümumi Yığıncaq İdarə Heyətinin qərarına əsasən təkcə qanuni üzvlərin deyil, 100 nəfərə yaxın Şura üzvü olmayan şəxslərin iştirakı və səsvermələri ilə keçirildi, yeni İdarə Heyəti, sədri, müavinləri və katibi “seçildi” və Əli-zadə Hikmət Abdul oğlu ikinci dəfə saxta yolla “sədr” elan edildi. Saxtakar qrupun üzvləri Şuranın möhürü və ştampını qanunsuz yollarla – heç bir əmr olmadan əldə edərək, Ədliyyə Nazirliyinə təşkilatın guya 233 üzvü olduğunu göstərən sənədləri və siyahını təqdim etdilər.

Bu qanunsuzluğa etiraz edən bir qrup Şura üzvü olaraq qərara gəldik ki, qanuni haqlarımızı müdafiə etmək üçün məhkəməyə müraciət edilsin. Biz Səbail Rayon Məhkəməsində 16.02.2019-cu il tarixli Ümumi Yığıncağın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırdıq. Arif İbrahimov və digərləri məhkəməyə saxta olduğu şübhə doğurmayan 2 protokol – 27.01.2018 və 12.11.2018-ci il tarixli protokolların surətlərini təqdim etdilər. Həmin saxta protokollara əsasən, 27.01.2018-ci ildə Şura üzvlüyünə guya 54 nəfərin, 12.11.2018-ci ildə isə guya 36 nəfərin qəbulu məsələsi həll edilib. Bakı Apelyasiya Məhkəməsi 4 iclasda saxta protokolları araşdırdı və məhz bu iki protokolun qanunsuz tərtib edilməsinə görə 16.02.2019-cu il tarixli Ümumi Yığıncağın protokollarının etibarsız hesab edilməsi və yekun nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul etdi. Saxtakarlıq edən şəxslər Ali Məhkəməyə kassasiya şikayəti versələr də, Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin dəyişdilrilmədən saxlanılması barədə qərar qəbul etdi.

Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsindən və Ali Məhkəmənin 08.09.2020-ci il tarixli qərarından:

“...Həmçinin iş materiallarına əlavə edilmiş 27.01.2018-ci il tarixli 1 nömrəli protokoldan çıxarışda adları qeyd olunan 54 nəfərin üzvlüyə qəbul edilməsi göstərilsə də həmin siyahı 27.01.2018-ci il tarixli protokolda öz əksini tapmamışdır”. Saxtakarlığın dərəcəsinə baxın ki, adlar qeyd etmədən protokola 54 nəfər üzvün qəbul edildiyini yazıblar. Hansı 54 nəfərin, kimdir onlar?

Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsindən və Ali Məhkəmənin 08.09.2020-ci il tarixli qərarından:

“Cavabdeh tərəfindən üzvlərin qəbul edildiyi iddia olunan digər bir sənəd isə İdarə Heyətinin 12.11.2018-ci il tarixli protokoludur. Həmin protokolda isə Ümumi Yığıncaq tərəfindən seçilən nə sədr, nə də ki, katib iştirak etməmiş, lakin buna baxmayaraq iclas aparılmış və əlavə olaraq 36 üzvün qəbulu məsələsi həll edilmişdir. Bundan başqa, 12.11.2018-ci il tarixli protokoldan çıxarışda 36 üzvün adı göstərilsə də, 12.11.2018-ci il tarixli protokolda yalnız 35 şəxsin adı qeyd edilmişdir.”

Təsəvvür edin ki, Şuranın Ümumi Yığıncaq tərəfindən seçilmiş sədrinin, sədr müavininin, katibinin iştirakı və xəbəri olmadan, digər İdarə Heyəti üzvlərinə xəbər vermədən bir neçə nəfər İH üzvü yığışaraq, guya 36 nəfəri üzvlüyə qəbul ediblər.

Sonda Məhkəmə Kollegiyası bu iki saxta protokolun qanunsuz tərtib edildiyinə görə yekun nəticəyə gəlir:

“Məhkəmə kollegiyası qeyd edir ki, 16.02.2019-cu il tarixdə keçirilən ümumi yığıncaqda iştirak edən üzvlərin qanuni əsaslarla seçilməsinə dair cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən, həmçinin 16.02.2019-cu il tarixli ümumi yığıncaq qanunvericiliyin və Birliyin nizamnaməsinin tələblərinə uyğun şəkildə keçirilmədiyindən, iddia tələbi təmin edilməlidir”.

Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsindən:

“Təhsil Şurası” İçtimai Birliyinin Ümumi Yığıncağının 16.02.2019-cu il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilsin və iclasın nəticələri ləğv edilsin.”

Məhkəmə qətnamə və qərarlarında açıq-aydın qeyd edilib ki, 27.01.2018 və 12.11.2018-ci il tarixli protokollar qanunsuzdur. Məhkəmə qərarı qanuni qüvvəsini alaraq, 25.02.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında icra edildi.

Beləliklə, Təhsil Şurası İctimai Birliyinin 2015-ci ildə Ədliyyə Nazirliyi tərəfindən təsdiq etdiyi 144 üzvünün iştirakı ilə iclasın keçirilməsi məsələsi aktuallaşdı. 03.02.2021-ci il tarixdə Təşəbbüs Qrupunun iclası keçirildi və 25.02.2021-ci il tarixdə Ümumi Yığıncağın iclasının keçirilməsi qərara alındı. Bütün qanuni üzvlərə dəvət göndərildi, lakin saxtakarlıq edən şəxslər ifşa olunacaqlarını bildikləri üçün iclasa qatılmaqdan imtina etdilər. 25.02.2021-ci il tarixdə tamamilə qanuni əsaslarla, yetərsay olmaqla Ümumi Yığıncağın iclası keçirildi və açıq səsvermə yolu ilə İdarə Heyəti, onun sədri, sədr müavini və katibi seçildi. İclas zamanı qeyd edildi ki, bir müddətdən – hüquqi məsələlər qaydaya salındıqdan sonra Ümumi Yığıncağın iclası keçiriləcək və İdarə Heyətinin, onun rəhbərliyinin tam tərkibdə yenidən seçilməsi məsələsinə baxılacaq.

Ümumi Yığıncağın iclasından sonra sənədlər hazırlandı, tələb edilən sənədlər möhür və ştamp düzəldilən idarəyə verildi. Qanunla tələb edilən bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edildi, dövlət reyestrində dəyişiklik aparıldı və 25.02.2021-ci il tarixli Ümumi Yığıncağın qərarları Ədliyyə Nazirliyi tərəfindən təsdiq edildi. Sənəd saxtakarlarının qanunu bərpa edənləri saxta möhür düzəldilməsində ittiham etmələri absurddur, gülüncdür.

Təəssüf ki, sənəd saxtalaşdıran saxtakarlar cəzasız qaldıqlarından ruhlanaraq, məhkəmədə iddia qaldırmağa cəsarət etdilər. Əsas olaraq onu göstərdilər ki, “Məhkəmə qaydasında 27.01.2018-ci il tarixli və 12.11.2018-ci il tarixli protokollar ləğv edilməyib.” Halbuki, AR Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. Yəni, hər iki protokolun saxta və qanunsuz olması faktı məhkəmə tərəfindən araşdırılıb təsdiqini tapdığına görə ləğv edilməsi vacib deyildir.

Lakin buna baxmayaraq, məhkəmənin tələbini nəzərə alaraq, 27.01.2018-ci il tarixli və 12.11.2018-ci il tarixli saxta protokolların ləğv edilməsi üçün məhkəmədə iddia qaldırıldı və həmin protokollar ləğv edilərək, 30.12.2021-ci il tarixdə qanuni qüvvəsini aldı.

Səbail Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli qətnaməsindən:

“Təhsil Şurası İctimai Birliyinin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları etibarsız hesab edilsin və həmin iclasların nəticələri ləğv edilsin.”

Bir vacib hüquqi məsələni də oxucuların diqqətinə çatdırmaq istərdik - hər hansı bir sənədin etibarsız hesab edilməsi onun qəbul edildiyi andan yox hökmündə olması deməkdir.

Beləliklə, qeyd edilənləri nəzərə alaraq, həmçinin 25.02.2021-ci il tarixli iclasda üzvlərə verdiyimiz sözə əməl edərək, 16.01.2022-ci il tarixdə Ümumi Yığıncağın iclası keçirildi. İclasda Şuranın İdarə Heyətinin sədri, sədr müavini və katibi istefa verdilər, İdarə Heyətinin yeni tərkibini seçmək üçün, İH-nin yeni üzvlərindən Şura rəhbərliyində təmsil edilmək arzusunda olanlar üçün şərait yaradıldı. Namizədlər irəli sürüldü və açıq səsvermə vasitəsilə 25 nəfərdən ibarət İdarə Heyətinin yeni üzvləri seçildi: Abbasov Ənvər Məhəmməd oğlu, Bağırov Cəfər Talıb oğlu, Bağırova Fəridə İzzət qızı, Babaşova Gülnurə Haqverdi qızı, Camalov Kamal Həsən oğlu, Cəbrayılov İntiqam Hilal oğlu, Cələbiyev Nuralı Zərbalı oğlu, Əliyev Piralı Behbudalı oğlu, Əliyeva Həqiqət Şamil qızı, Əsədov Seyyub Əsəd oğlu, Əsgərova Almaz Ələsgər qızı, Günəşov Elman Ağadadaş oğlu, Həmidov Sabir Əhmədiyyə oğlu, İlyasov Müseyib İbrahim oğlu, Quliyev Nüsrət İlyas oğlu, Mahmudov Nəbi Məcid oğlu, Mehdiyev Əli Hüseyn oğlu, Mikayılov Böyükağa Əlisəfa oğlu, Mirzəyeva Təranə Mirzə qızı, Rəhimova Elmira Əşrəf qızı, Rüstəmov Fərrux Abbas oğlu, Rəsulov Şəfaqət Həbib oğlu, Rəşidov Rəşad Məmməd oğlu, Zeynalov Ramil Saməddin oğlu, Mehdizadə Samir Ramiz oğlu.

İdarə Heyətinin yeni tərkibi seçildikdən sonra gündəlikdə dayanan İH sədrinin seçkisi məsələsi həll edildi. Üzvlərin təklifi və açıq səsvermə yolu ilə Mehdi-zadə Samir Ramiz oğlu sədr, Bağırov Cəfər Talıb oğlu, Əsgərova Almaz Ələsgər qızı, Əliyeva Həqiqət Şamil qızı, Mirzəyeva Təranə Mirzə qızı sədr müavinləri, Mikayılov Böyükağa Əlisəfa oğlu katib vəzifəsinə yekdilliklə, 5 il müddətinə seçildilər. Nəzarət-Təftiş Komissiyasına İsmayılov Mayıl Yolçu oğlu sədr, Məlikova İradə Telman qızı və Hidayətova Raifə Mürvət qızı üzv seçildilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeyd edilən dəyişikliklər təsdiq edilmiş, dövlət reyestrindən çıxarış verilmişdir.

Respublika Təhsil Şurasının qanuni seçilmiş rəhbərliyi haqqında məqsədli şəkildə yayılan böhtan kampaniyasının iflasa uğrayacağına şübhə yoxdur. Birliyimiz təhsilin inkişafına öz töhfəsini verməkdə bundan sonra da davam edəcəkdir".

Xəbər lenti