Logo

Qüdrət Qasımov: 55 illik ömrün 55 günlük həsrəti...

27.02.2022 21:03 1230 baxış
IMG

Azərbaycan xalqı hər zaman qəhrəman oğullar yetirib. Bu oğulların qəhrəmanlığı, nəinki Azərbaycan xalqına, bütün dünyaya səs salıb. Deyirlər ki, "qəhrəmanlar unudulmur". Əlbəttə, xatırlandıqca unudulmur.

Əziz oxucu, bu gün Sizlərə hər öyüdü bir dərs olan öz qəhramanımdan bəhs edəcəm. Qəhrəmanım insanlıq yolunu qəlbiylə keçdi. Qəlblərdə də əbədi sevgisini qazandı...

... "Hər bir qızın qəhrəmanı onun öz atasıdır!" - belə deyirlər. Atam dünən də, bu gün də mənim qəhrəmanımdır. O, hər zaman ətrafa qəlbinin gözüylə baxdı. Hər kəsi könlü, ruhu ilə duydu. Qəlbindən çöhrəsinə nur-işıq axdı. Amma təəssüf ki, 55 illik ömrünün üstünə yaş ələnmədi, əksinə, yüzlərlə, minlərlə sevənini gözü yaşlı qoydu. 

Atam - Qasımov Qüdrət İbrahim oğlu: 
- 4 yanvar 1967-ci ildə dünyaya göz açdı. 
- 4 yanvar 2006-cı ildə Həcc ziyarətində oldu. 
- 4 yanvar 2022-ci ildə sübh azanında haqqın dərgahına qovuşdu. 

Cənazəsi məscidə aparılarkən zöhr azanı səslənib. Allaha bağlı, etiqadlı olduğu üçün tanrının ona bəxş etdiyi ömür təsadüfləri də qəribədir. Atam belə bir insan idi. Qəlbinin altında haqq "tərəzisi" olan insan idi. Haqqı üstün tutardı müdam. 

O, mənim əlimdən tutub yazmağı öyrədən ilk müəllimim idi. Bizə yazmağı və oxumağı öyrətməklə yetinmədi. Öz inanclarını da övladlarına aşıladı. Həmçinin, Allahı sevməyi, namaz qılmağı, oruc tutmağı, halal zəhmətlə pul qazanmağı, həyatın hər cür çətinliklərinə sinə gəlməyi, dürüst olmağı, vətənpərvər ruhda böyüməyi, vətəninin hər bir daşını sevməyi, xalqına layiqli övlad olmağı öyrətdi. 

Atamdan bəhs edərkən şirin xatirələr gözümün önündə canlanır. İlk dəfə əlimdən tutub məktəbə aparmağını, namaz qılmağı öyrətməyi, hər saniyəsi böyük xoşbəxtliklə dolu keçən xoş gəzintilər, şirin söhbətlər, Universitete qəbul olduğum xəbərini eşidəndə gözlərində sezdiyim o fərəh hissi və sadalanacaq yüzlərlə tarixə çevrilən ömrün atalı anları...

Şükür! Atalı illərimin 20 ilinə... 
Heyf! Atamla keçən 20 ilin azlığına... 

Bir Allah övladı 55 illik ömür yolu yaşadı. Bir övlad isə qəhrəmanının yoxluğunu 55 gündür "yaşayır". 

Dildə rahat söylənilən, qəlbdə isə çətin, ağır gələn rəqəmdir - 55 ! Bir də 55 günü yaşamaq. (?!) 

Hər səhər yuxudan ayılanda tez yan otağa keçirəm, sanki atamı tapacaqmış kimi, axşam tərəfi pəncərədən boylanıram: "Aha, indi mənim də atam gələcək işdən" - yenə də eyni ümidlə gözlərimi qapıdan çəkmirəm, atam gələr deyə...

Lakin olmur... Atamı nə yan otaqda, nə pəncərədən boylandığım məhəlləmizdə, nə də hər dəfə döyülərkən, qəlbimdə kəpənəkləri uçurdan qapımızı  açanda tapa bilmirəm. Sonra çarəsizcə, əlimdə bir dəstə gül qəbiristanlığa - atamı ziyarət etməyə gedirəm. Yenədə tapa bilmirəm. Tapdığım sadəcə qara mərmərin üzərinə vurulmuş atamın şəkilidi.
Başa sala bilmədim deyəsən???
Mən atamın şəkilini yox atamın özünü istəyirəm!

Atasızlıq nədir, bilirsinizmi? Siz onu atasız olanlardan soruşun. Onun yoxluğunda atam belə edərdi, atam bunu sevərdi, deməkdi. 

Atasız olmaq nədir, bilirsinizmi? Mən deyim necədir, o olmaya-olmaya onu sevməkdir. "Mən atamın qızıyam" - deməkdir. "Sən atan xüsusiyyətdəsən" - dediklərində fəxr etməkdir. Atasızlıq "Ata" sözünə həsrət qalmaqdır.

Atasızlıq nədir, bilirsinizmi? Yatmağı sevməkdir, çünki onu yalnız yuxularında görə bilməkdir, atasızlıq. Atasızlıq yarı olmaqdır, həmişə bir boşluğu doldura bilməməkdir. Atasızlıq ad günündə ona gül alıb qəbir üstünə getməkdir, onun olduğu torpağa toxunub onu hiss etməkdir. Ata söhbəti açılan kimi, söhbəti dəyişdirməkdir - atasızlıq. Simasının gözlərinin önündən getməməkdir -  atasızlıq. Xatırlamaqdır - atasızlıq.Atasızlıq sınıq qəlbdi, qəhərdi, bir problemlə üzləşəndə atam var deyə bilməməkdi...Nazını onun qədər kim çəkər ki, o çəkirdi, "Qızımdı" - deyərək, bax budur atasızlıq. Bağrına basıb saçıma sığal çəkən əlləri axtarmaqdır -atasızlıq. Atasızlıq əslində, atasız qalan andan böyümək deməkdir, uşaqlığını böyük kimi yaşamaq deməkdir. İnsan atası öləndə böyüyürmüş: zahirən yox, daxilən! Tək qalırsan çünki, atasız qalırsan. Öldüsə böyüdün, deməkdi artıq, uşaglığını böyük kimi yaşamağa başlayırsan. Atanın varlığında hiss etdiyin kölgəni dayağı, yoxluğunda hiss etməməyə başlayırsan...

İndi bildinizmi, atasızlıq nədir? 
Bax, atasızlıq budur!

Ayşən Qasımbəyli,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti