Kulis.az Orxan Həsəninin Ayxan Ayvazın “Pəncərəsiz” romanı haqqında yazdığı “Yaxşı yazıçının pis roman yazması haqqında” yazısını təqdim edir.
“Pis yazıçı yaxşı romançı ola bilərmi?”
Türk tərcüməçi, esseist, yazıçı Tahsin Yücelin Orxan Pamukun “Qara kitab” romanı haqqında 1990-cı ildə yazdığı qalmaqallı məqaləsi belə başlayır. Tahsin Yücel bu məqalədə Orxan Pamuku türk dilini zəif bilməkdə, bu dilə hakim olmamaqda günahlandırır və tezisi üzərində cümlə-cümlə işləyib onu sübut etmək istəyir.
“Zarafat bir yana, Orxan Pamukun türkçəsi, doğrudan da, qeyri-kafidir” – o yazır.
“Bəs yaxşı yazıçı pis roman yaza bilərmi?”
Bu həftə Ayxan Ayvazın “Pəncərəsiz” romanı haqqında danışacağıq.
Beləliklə...
Üslub təkcə dil bacarıqlarından özünəməxsus, ustalıqla istifadə deyildir. Eyni zamanda mövzu, süjetin qurulması, obraz xüsusiyyətləri də üslubun imkanları siyahısına daxildir. Bacarıqlı oxucu Orxan Pamukdan, Cerom Selincerdən, lap Mövlud Süleymanlıdan bircə səhifə oxuyub asanlıqla müəllifi müəyyən edə bilər. Eyni zamanda müəlliflərin mövzuya münasibəti, obrazlı söyləsək paltara vurduğu naxışı da onları digər müəlliflərdən fərqləndirir.
Orxan Pamuk şərqin və qərbin mərkəzində sarsılmaz qala tək duran, nisgilli ürək tək döyünən İstanbulun və istanbulluların taleyini yazır, gahdan qədim Osmanlı zəmanəsinə yollanır, gahdan günümüzün gerçəkliyini bədii ədəbiyyatın dişinə verir və nəhayət, zamandan, dövrdən keçib eyni mövzunun başına dönür: Özümüz ola-ola necə başqası ola bilərik?
Öz kiçik taleyini şəhərlərin, mədəniyyətlərin, sivilizasiyaların taleyi ilə qoşa təsəvvür etmək.
Bu ümumiləşdirmələri digər yaxşı müəlliflər haqqında da aparmaq olar. İstənilən halda mövzuya münasibətin stimulu, çıxış nöqtəsi müəllifin öz taleyi və həyatı ilə əlaqəlidir. İstanbulda doğulan, boya başa çatan Pamukun başqa şəhərin taleyi haqqında düşünməsi absurd olardı.
Müharibə Selincerin həyatına qara daş kimi düşmüşdü. Elə buna görə onun bütün bədii əsərlərində gizli müharibə nisgili, xətti uyuyur. Müəllifi dərindən duyan arif oxucular üçün bu hissələr zümrüd kimi parlayır. Selincerin tamam özgə mövzuların qulpundan yapışmasını düşünmək çətin olardı. Onun yaradıcılığı və taleyi bir-birinə sırmanıb birləşib.
Təsəvvür edin, Mövlud Süleymanlı şəhər hekayələri, şəhər nəsri yazır. “Yel Əhmədin bəyliyi” povestinin sehrli havasının, mistik dünyasının Mövludun kəndə, miflərə səmimi, içdən münasibəti ilə şübhəsiz ki, əlaqəsi vardır.
Bu mənada Ayxan Ayvazın ilk romanında (təxmin edirəm, əvvəlki romanından imtina edib) intihar mövzusuna müraciət etməsi heç təsadüfi deyildir.
Yəqin, ədəbi mühitdə intihar haqqında roman yazmalı tək-tük müəllif varsa, onlardan biri Ayxan Ayvazdır. Onun fərd kimi taleyində intiharın özünəməxsus, ağrılı yeri vardır. Həm anası, həm də ən yaxın dostu həyatdan intiharla köçmüşdür.
Ötən günlərin birində çox sevdiyim Mirmehdi Ağaoğlu ilə Ayxan Ayvaz haqqında danışırdıq. Mirmehdinin bu sözləri hələ də qulağımda oxunur:
“Yaşadıqları Ayxanı çox tez müdrikləşdirdi”.
Yazmağın, özünü sözün qoynuna atıb ifadə eləməyin bir qaçış, xilas olduğunu düşünürəm. Bu roman da Ayxan üçün xilasın başqa adı idi. O, içindəki psixoloji ağırlığın, iztirabların söz kimi silinib çıxmasını istəyir. Müəllifin intihar haqqında yazmağı, qurub yaratmaq istədiyi dünyanın mərkəzinə intiharı qoymağı bu hissin amansız ağırlığından xilas olmaq istəyi ilə əlaqəlidir.
Yazmaq eyni zamanda yazdığın mövzudan xilas olmaqdır.
Bəs romanın bədii-estetik xüsusiyyətləri?
İsa adlı maraqlı bir qəhrəmanı baş obraz kimi götürən roman təhkiyə boyu İsanın xarakterini açmağa, müxtəlif hadisələrlə onu bəzəməyə çalışır. İsa yerində durmur, o daim yeni üfüqləri fəth etmək, qrup yoldaşlarının diqqətini özünə cəlb eləmək və ya onların diqqətindən qaçmaq istəyir. Ümumiyyətlə, İsanın nə istədiyi məlum deyildir. Onun xarakter bütünlüyü qüsurludur.
Fırtına kimi başlayan romanın ilk hissələri oxucunu tikan üstündə saxlayır və diqqətinə maraq toxumları səpir. Təhkiyəçi Mahir İsa ilə kafedə söhbətləşirlər (Delikates). Səhnə açılır və bənzərsiz nəsrin toruna düşürük. İsa intihar edəcəyini söyləyir. Beləliklə, onun adama yovuşmaz, mürəkkəb dünyasına baş vururuq və bu dünyanın qaranlıq, sirli, dumanlı sahəsində kor-kor dolaşırıq. Müəllif İsanın timsalında hamıdan fərqli həyat prinsiplərinə malik insanın dünyasına baş vurmaq istəyir.
Bu cəhd müəllif üçün çox təhlükəlidir. Birincisi ona görə ki, onu duymalı, nəfəsini ürəyində hiss etməlidir. Yəni, hamı üçün fərqli həyat prinsiplərinə malik olan insan onun üçün fərqli olmamalıdır. Müəllifin özünün də atmosferə düşməsi, müxtəlif səslərin titrəməsini ürəyində duyması obrazı anlamağa, oxucu üçün də tam aydın formaya salmağa səbəb olur. Müəllif bunun üçün əlavə güc sərf edir, bəzən qurğuda dəyişikliyə gedir, plan tez-tez pozulur, yazılır, zamanla bu dəyişikliklər əməllicə yükə çevrilir və bu yükün altından çıxmaq mümkün olmur. Belə bir obrazla işləmək müəllif üçün əsl savaşa çevrilir. İsa kimi obrazlar çox zaman müəllifə hadisəni diktə edir. Təcrübəli müəllif onu nizama salmağa, yeri gəlsə, əl qolunu bağlamağa, ümumi planın parçası etməyə çalışır. Təcrübəsiz müəllif isə onun şirin cazibəsinə düşür, tam azadlıq verir və nəhayət uğursuzluq gülümsəyir.
Romanın qumaşının, yəni müəllifin dili, sənətkarlığı dəyərli olsa da, ondan biçilən paltarın kobud olduğunu etiraf etməliyik.
Təhkiyəçi İsanın qrup yoldaşı Mahirdir. Mahir yazıçı olmaq istəyir. Romanda əsasən üç obrazı görə bilirik:
Mərkəzdə dayana İsa
Hadisələri nəql edən, İsanın xarakterini açmağa çalışan Mahir
İsa haqqında müxtəlif hadisələr uyduran, onu bir mənada mifləşdirməyə çalışan digər qrup yoldaşları.
Qrup yoldaşlarının İsa haqqında əhvalatlarında müəllif olduqca maraqlı texnikada istifadə etmişdi. Müəllif Mahirin dili ilə yazır:
“Gələcəyin Azərbaycan dili və ədəbiyyat müəllimləri idik guya ki. Hələ mənim kimilərin yazıçı olmaq kimi sevdaları da vardı. İsa haqqında quraşdırılan hekayələrə baxsaq, əslində mənim yox, çoxunun yazıçı olmaq üçün dəridən-qabıqdan çıxdığını görmək olardı”.
Romanın bir hissəsində ifadə olunan bu sözlər əslində bizə onu deməyə əsas verir ki, əsas qəhrəman İsa təkcə romanda deyil, elə romanın içində döyükən “reallıqda” da bir obrazdır. Bu obrazı onun qrup yoldaşları yaradıb və müxtəlif hadisələrlə onu bəzəyiblər. Romanda tələbələrin danışdığı əhvalatlar dünya ədəbiyyatından müxtəlif əsərlərə işarədir. Sadəcə tələbələrin fantaziyaları yetmədiyi üçün o əhvalatlar yarımçıq qalır.
Əhvalatlar ya İsanın uşaqlığı, keçmişi haqqında idi, ya da onun eşq həyatı. Günlərin bir günü İsa ofisiant xanım Ofeliya haqqında gəvələməyə başlayır:
“Onun yoxluğunda qızlarımız danışırdı ki, ofisiant xanım Ofeliyanı axtaranda başına qəribə bir iş gəlib. Bütün günü o küçə sənin, bu küçə mənim gəzib, heç yerdə Ofeliyanın izinə rast gəlməyib. Kafelər, restoranlar, mağazalar... Ofeliya yağlı əppək olub göyə çəkilibmiş. Günlərlə eyni yerdə dustaq kimi o üz-bu üzə hərlənən İsa axırda bezib və metroya girib. Və möcüzə! Ofeliya xanımla toqquşub. Yerə nəsə düşüb. Hekayəni danışanlar indi bu məqamı xatırlamırlar. Elə də, əhəmiyyətli deyil, əslində. Nəsə düşüb-düşüb də. Sonra? Hə, sonra... İsa Ofeliyanı görəndə şoka düşüb, bir həftədir günlərlə onu axtardığını deyir, Bakının dar küçələrində ürəyinin gurultusunu basdıra-basdıra qadının gedəcəyi yerləri ağlında götür qoy edə-edə heç özü də bilmirmiş hara getsin, harada tapsın itirdiyini?
“Nu... Mən neyləyim? – Ofeliya xanım soyuq rus leksikonunda soruşub.
...İsanın çiyninə yavaşca yumruq vurub və oradan uzaqlaşıb. İsa onun arxasınca baxanda görüb ki, Ofeliya xanım göyərçinə çevrildi və uçub yaxınlıqdakı binanın başına qondu”.
Çox sevdiyim Latın Amerikalı qısa hekayə ustası Eduardo Qaleanonu bu yerdə xatırlayıram. Onun “Qadınlar” kitabından bir hekayə hələ 2018-ci ildə diqqətimi oğurlamışdı. Paris küçələrində göyərçin ovlayan bələdiyyə fəhlələrini köhnə “Ford” markalı maşından düşən qadın çətiri ilə vurmağa başlayır. Fəhlələr bunu başa düşmür və qadından nə istədiyini soruşurlar. Qadın isə deyir: “Oğlum öldü”. Fəhlələr məyus olurlar, lakin ovlanan göyərçin və ölən oğul arasında əlaqə tapmırlar. Qadın isə dediyindən dönmür: “Oğlum öldü”, Fəhlələr onu təsəlli edirlər və bu dəfə qadın tövrünü dəyişib söyləyir: “Oğlum öldü və bir göyərçinə çevrildi”.
Bəlkə də, ya ölüm, ya ayrılıq üzündən itirdiyimiz bütün adamlar bir göyərçinə çevrilir və yoxa çıxır. Hər iki müəllif əbədi ayrılığın adını “göyərçin” qoyurlar.
Müəllifin niyyəti öz romanı ilə dünya klassikləri arasında nazik bir körpü açmaqdır. Lakin İsa haqqında əhvalatlar həddən ziyadə yeyindir. Düşünürəm ki, hətta bu əhvalatlar tələbələrin dilindən belə verilsə, yenə müəllif tərəfindən müəyyən rənglərdən istifadə olunmalıydı, dərinlik və çalar qorunmalıydı və əhvalatların sırf tələbələrin (yazıçı olmaq istəyib istedadı çatmayanların) dilindən nəql olunması müəllif üçün bəhanəyə çevrilməməliydi.
Bütün bunları nəzərə alanda demək olar ki, əhvalatların tələbələrin fantaziyasından çıxması uğurlu fənd deyildi. Beləliklə, əhvalatların tələbələrin fantaziyasından çıxması ümumi atmosferi dar, hətta qapalı saxladı. Bir-birini əvəzləyən əhvalatlar davamlı hərəkətin qarşısına çəpər çəkdi. Romanın geniş, əhatəli aləmi gözlərini qapadı.
Roman yazmaq bir şey haqqında danışarkən eyni zamanda başqa şey haqqında danışmaqdır. Romanın İsa xətti əvvəldən sonacan özündən əmin irəliləyir. Elə bil, nazik bir cığırda güc bəla addımlayırsan. Tələbə həyatına geniş yer ayırmaqla, Mahirin və tələbə yoldaşların həyatına işıq tutmaqla həm çevrəni genişləndirmək, həm də çoxsəsli dünya yaratmaq mümkün olardı. Köməkçi süjetlər hər zaman diapazonu açır. İsa obrazı bu dar cığırda elə dayanır ki, başqa kimisə ayaq üstə dayanmağa qoymur. Hamını öz varlığı ilə əzir.
Tələbələrin yaratdığı isə obrazı nəhayət sonda sərhədləri aşır və hamının reallığına çevrilir. Təşkilat, mitinq, polislər. Xarakter öz içindən dəyişib başqa bir formaya düşür, inkişaf yolu keçir, kiçik bir çevrənin maraq dairəsindən çıxıb böyük çevrəyə qoşulur. Lakin onun keçdiyi yol, obrazı mənəvi dəyişimə sövq edən məntiqə uyğun hadisələri romanda görə bilmirik. Sanki qabıq dəyişir, mahiyyət isə eyni qalır. Bu da hissələr arasındakı bağı, əlaqəni kəsir.
“Yaxşı yazıçı pis roman yaza bilərmi?” – əvvəlki sualımıza yenə qayıdırıq.
Cavab isə sadədir:
- Bəli!