Logo

Ədəbiyyatla həyat arasında – Elnarə Akimova yazır...

11.07.2022 20:20 504 baxış
IMG

Kulis.az filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimovanın yazıçı Samirə Əşrəfin "Mənim üçün qızılgül" kitabı haqqında ““Mənim üçün qızılgül” – Tale mətnləri, yaxud ədəbiyyatla həyat arasında” adlı yazısını təqdim edir.

“Mənim üçün qızılgül” kitabı Samirə Əşrəfin yazıçı kimi fərdi keyfiyyətlərinin, bədii ifadə resurslarının gerçəkləşdiyi məkandır, yaddaş düşüncəsinin, yaşam təcrübəsinin bədii mətndə təzahür tapmasıdır. Avtobioqrafik kodların güclü olduğunu nəzərə alsaq, həm də tale ilə mücadiləsinin təcəssüm tapdığı ərazidir. Unutmaqmı? Həm də unutmaq! Cavanşir Yusiflinin yazdığı kimi, “Yazmaq unutmaq sənətidir. Amma bizə elə gəlir ki, biz nələrsə yada düşdükcə, xatirələr canlandıqca yazmağa başlayırıq. Yazanda hər şeyi arxada qoyub hər şeyi sürətlə unudursan...”

Samirə Əşrəfin hekayələrində bütünlükdə faktura müharibəyə köklənsə belə bütün psixoloji-fizioloji aksiomatikliyi ilə müharibə amili burada insan xarakterini, insan yaşantısını bəlirləyən əsas vasitə kimi çıxış edir. Hətta ən gözlənilməz, qaçmaq, unutmaq istədiyi (!) situasiyada belə: “İlahi, bu qədər həngamənin içində Cəbrayılın alınması haradan ağlıma gəldi? (“Saturasiya”)”

Samirənin real planda, ideya və qayə etibarilə bizə göstərdiyi, bəhs etdiyi, inikas və təcəssüm etdirməyə çalışdığı və obrazını yaratdığı zaman, birinci Qarabağ savaşı ilə başlanan dövrün ardınca gətirdiyi ağrılar, yaşantılardır. Amma burada nə 1990-cı illərin sərt həqiqətləri, nə də müstəqillik uğrunda çarpışmanın gerçək durumu və çətinlikləri var. Sadəcə keçmişini itirdiyi torpaqlarda dəfn edən, taleyin axışına qoşulub gündəlik ağrı və sarsıntıları ilə baş-başa qalan insanların həyatı: iflas, məhv olmuş arzular, tükənmişlik, yorğunluq – hekayələrdəki Qarabağ mövzusu büsbütün bu müstəvi üzərində qərarlaşmışdır: “Bozumtul gözlərini üzümə dikib, çoxdan aralı düşdüyü uzaq keçmişindən təzə xəbər gözləyirdi. Bilmirəm, bu anda mənim yadıma düşənləri o da xatırlayırdımı?...

...Həmişə viran qoyulmuş evimiz, ölüb getmiş illərimiz, ayağımızın altından qaçmış torpağımız yadıma düşəndə, onun yerə sərilmiş əyri-üyrü qaraltısı gözümün önündə canlanırdı” (“Eybəcər”).

Samirənin hekayələrində ən önəmli məqam hər hansı problemi illüstrə etməməyə çalışmasıdır, naturadan yayınıb potensialının yetdiyi hekayəçilik təcrübəsi və həyat materialı daxilində bədiiyyat yarada bilməsidir. Kitabda müəllifin əvvəldən axıra – müəyyən irili xırdalı ştrixlərlə torpaq itkisinə, qaçqınlıq ağrıları, fəsadlarına köklənməsi bədii konsepsiya daxilində bütöv təsir bağışlayır. Amma bu bütövlük hekayələrin struktur-tipoloji müqayisəsi, motiv səsləşməsi kontekstində deyil, ümumən funksiyaca eyni bir ahəngsizliyin müxtəlif məkan və ictimai münasibətlər koordinatlarında yaşayan insanlardakı əks-sədasını göstərmək hesabına başa gəlir. Bu hekayələrdə müharibə obrazı məxsusi məxrəc alır, hərb meydanından, arxa cəbhənin mənzərələrindən uzaq dünyanı obyektivə fokuslayaraq, ruhun bütün sosial, psixoloji, ekzistensial varlıq məqamlarında iştirak edir.

Samirə Əşrəf bu savaşdakı acı məğlubiyyətimizin fəsi nəticələrini, yaşatdığı dramatik olayları bir ailə xronikası üzərində yazır: ata, ana, bacı, qardaş, əmi, övladları, sinif yoldaşları, dostlar və s., bir sözlə, bütün doğma və yad adamlar... Bu insanların hər biri kitabda müharibə sonu həqiqətlərin - qaçqınlıq mənzərələri və acıların, doğurduğu dərin sosial kataklizmlərin mətnə gətirilməsi baxımından iştirak edirlər. Hekayələrdə yurdundan-yuvasından perik düşmüş insanların iztirablarını, sosial təzadlardan doğan mənəvi ağrılarını yaxından hiss edir, yarımçıq qalmış ümidlərin acılarını birlikdə yaşayırıq: “Atam Azərbaycan dili müəllimi idi. Ancaq o müəllimliyin daşını atmışdı, daha doğrusu, atmağa məcbur olmuşdu. O hər axşam evimizin yaxınlığında yerləşən pekarnidən otuz, qırx çörək alıb iki iri çantaya yığar, sonra qardaşımla köməkləşib metroların birinin qarşısında satardılar. Çörəkləri satandan sonra gecə on ikidə evə qayıdardılar. Üstəlik atam hər gün özümüzün də çörək payını gətirərdi. Amma dolanışıq yenə də çətin idi (“Müəllimin ölümü)”.

“Müəllimin ölümü” həqiqi dəyəri ilə yaşayış tərzi arasında uyğunsuzluq olan obrazın daxilən yaşadığı iflas, son problematikasını mətnaltı məna və daxili səs qüdrəti ilə açan mətndir. Ümumiyyətlə, Samirənin hekayələrinin obrazları üçün iki səslilik xarakterikdir. Biri ünsiyyətdə, başqaları ilə söhbətdə meydana çıxan, biri isə daxildə danışan, obrazın öz “mən”ində gizlənən və onun həqiqi mahiyyətini meydana çıxaran səs. “Yapon yaylığı” hekayəsini götürək. Hekayə demək olar ki, bu səsin addımbaaddım obrazın davranışında, ruhunda, yaddaş qatında əsk-səda verməsi üstündədir. Bəzən adi bir detal, adi bir söz insan həyatının dərinliyə gömdüyü hisslərini dilləndirib onu ömrün son pilləkəninə gətirəcək qədər poetik simvoliklik qazanır. Kitaba layiqli ön söz yazmış Cavanşir Yusifli hekayələrdəki daxili səs və əşya-detalların xüsusi mahiyyət daşıdığını, çox mənalı və çox funksiyalı olduğunu dəqiq xarakterizə edib. Bura üçüncü – rəng amilini də əlavə etmək olar: “Mağazanın qapısının üstündə, çərçivədə qırmızı boya ilə “Xatirə” sözü yazılmışdı. Qırmızı rəngi xatirələrə heç cür yaraşdıra bilmirdim. Keçmiş mənim gözümə həmişə ağ-qara rənglərdə görünürdü. (“Eybəcər”)”; yaxud “Boz rəngli soyuducumun özü ilə gətirdiyi soyuqluq, kölgə məni ondan uzaqlaşdırır” (“Soyuducumun kölgəsi”).

Samirənin hekayələrində əşyalar, səslər, rənglər və digər başqa işarələrin hər biri hadisə içində öz simvolik məntiqi olmaqla vacib süjet funksiyasını yerinə yetirirlər. Və bu süjet məntiqi qəhrəmanların ömür, tale məntiqini tamamlayır. Bir yapon yaylığına görə həyatı, düzəni darmadağın olan jurnalistin yaşadığı son aqibət kimi: “Günəş şərqdən çırtlayıb göyün üzünə qalxanda, Yaqubgilin eyvanından asılan yapon yaylığı ipdən sürüşüb döşəmədə uzanıqlı qalan Yaqubun üzünü örtdü” (“Yapon yaylığı”). Yaxud nakam ömrün metaforası sayıla biləcək “Saturasiya” hekayəsinə diqqət edək. Bu hekayədəki təhkiyə texnikası - səs obrazında kodlaşan tale yolu, şüuraltı axın kimi baş verən yada salma aktı, səsin xatırlama dalğasında mövcud olan hadisələr gerçəkliyin sərhədlərini dağıdan, yaddaşın mistik-ezoterik formasını yeni biçimdə təqdim edən başlanğıc məqam olaraq dərk edilir. Danışan qəhrəmanın düşüncələridir, predmet – qəhrəmanın həyatı.

Keçmiş Samirə Əşrəfin hekayələrindəki obrazları üçün hər zaman diridir. Zamanın çağdaş ritmi ilə eyni anda addımlayır, bəzən önə keçir, geriyə yol olmasa belə irəlidə də ümidverici nəyinsə qalmadığına işarə kimi qüvvətli bir cizgi kəsb edir. Obrazlar da sanki dünənlə sabahın arasında var-gəl edib heç nəyin əvvəlki kimi olmayacağı, yaşanmayacağı qənaətini özlərinin ayılma, özünüdərketmə məqamlarının gətirdiyi situasiyalarda aydın əks etdirmiş olurlar.

Bəlkə buna görə Samirənin hekayələrində vidalaşma, ayrılma situasiyasını şərtləndirən və səciyyələndirən obraz və motivlərə geniş rast gəlinir. Kitabdakı demək olar ki, bütün hekayələrdə ayrılma, nisgil, səssiz axan göz yaşı hakimdir. “Saturasiya”da ananın, “Müəllimin ölümü” və “Açılmayan çətir”də atanın, “Sonuncu yayın sonatası” və “Müharibə bitən gün”də sevdiyi oğlanın, “Yapon yaylığı” və “Rektorun ölümü”ndə qəhrəmanların ölümü, “Eybəcər”də keçmişi simvolizə edən sinif yoldaşı ilə vida, “Dolabın sonuncu siyirməsi”ndə abort edən ananın içindəki boşluq – hər biri polifunksional çaları ilə kədər və hüznü motivləndirir. Bu hüzn və nisgil təhkiyədə də metafizik aurasını qoruyub saxlayır, ovqat duyğusu kontekstində əksini tapır. Düzdür, Samirənin bəzən təhkiyənin ciddi tonuna, hekayənin süjetinə yumor, replika, istehza, komik çalar qatdığı məqamlar da olur və qeyd edək ki, mətndə çox ustaca yer alan bu məqamlar hər hansı psixoloji halın monolit işarəsinə çevrilir. Buna baxmayaraq, bu gülümsəmə anidən baş tutur, ilğım kimi yanıb sönür və yerini pərdələnməsi heç cür mümkün olmayan acı həqiqətlər tutur: “Sonuncu yayın sonatası” hekayəsi bu mənada, gülüş və kədərin antitezi olması baxımından yaxşı material verir. İlk məhəbbət, ilk duyğu, titrəyiş, sevdiyi oğlan üçün pianoda mahnı çalmaq bacarığını sərgiləyib fərəhlənmək arzusu... Qəhrəmanın bu istəyi valideynlərinin pianonu qonaq otağına deyil, uşaq otağına qoymaları ilə əngəllənir və qızın çaldığı musiqinin səsi “dərin quyu qədər qaranlıq, mübhəm uşaq otağından” eşidilməz olur. Qəhrəmanın “qisas planı” işə düşür: “Eybi yoxdur. Mən indi səndən, bəlkə də səni sevdiyi üçün nakam qalıb heç kimə ərə getməyən, bu günə qədər qız qarıyan Gülarə xalanın da, özümün də qisasını alaram!

"Dünən pianomun yanından bir məktub tapmışam. Atamın Gülarə adlı tələbə yoldaşından gəlmişdi."

Atam dik atıldı. Anam çaydanı zərblə sobaya çırpdı.

Aman Allah, evimizdə yaradacağım "zəlzələnin" bu qədər şiddətli olacağını mən də təxmin etməmişdim.

Atam:

Nə səfehləyirsən? Dur, rədd ol. Dərsə gecikirsən.

Özümü suyu süzülmüş kimi göstərərək mətbəxi tərk etsəm də, sevincimin hüdudu yox idi. Qisas planımı müvəffəqiyyətlə yerinə yetirmişdim. Bəli, Əkbər bəy. Sən götür, mənim pianomu apar, quyunun dibinə tulla. Bütün arzularımın önünə üç otaqdan hasar çək, mən də bunun acığını səndə qoyum? Olmaz! Hər kəs layiq olduğu cəzanı almalıdır!”.

Hekayə boyu duyulan bu xəfif təbəssümü, mətnə estetik həzz aşılayan hazırcavablığı, zarafat və atmacaları zamanın acı gerçəkliyi yarıda kəsir. Həyat eşqi, ümid işığı, yaşamaq sevdası bədbinlik və ümidsizliklə əvəzlənir: “Gecədən başlayan atışma səhərə yaxın daha da gücləndi. Anam tez-tələsik əlinə keçən paltarları kuloka yığır, atam evimizin və bizim sənədlərimizi götürürdü.

Mən... Son dəfə pianom olan otağa keçdim. Etibarasızlıq göstərdiyim uşaqlıq dostumun qapağını qaldırdım. Barmaqlarımı pianonun dilləri üzərində ehmalca gəzdirib, onları sığalladım. Əmin idim ki, titrəyən əllərimin həniri mənim etibarsızlığımı bağışladacaqdı. Gələcək arzularımı, ümidlərimi, bir də ilk sevgimin xatirələrini pianonun dilləri üzərində gizlədib, qapağı örtdüm. Bizi gözləyən taksi son dəfə uzun-uzadı siqnal verdi. Elə bil hardasa nəsə qırıldı, yarımçıq qaldı...”

Samirənin kitabında on iki hekayənin hər birində sanki ön plana çəkilmiş bir əsas obraz var. Torpağı işğal edilmiş, yurd yerini tərk edib müxtəlif sığınacaqlara pənah gətirmiş, bu faciədə uşaqlığını salıb itirmiş, keçmişin hördüyü yaddaş hasarı önündə acı və nisgil dolu bir titrəyişlə daim itirdiklərini soraqlayıb ömrü yola verən bu obrazla əslində, yazıçının “məni”i danışır. Ona görə hekayələrdə obrazın daxili səsi kimi meydana çıxan bir çox sualların cavabı yoxdur. Çünki yazıçı üçün bu sualların cavabı məlumdur artıq. Cavab - zamanın gətirdiyi iztirablardır, barışmağa məhkum olduğu taleyidir. Ona görə bu obrazların özü ilə münaqişəsi, çırpıntısı hiss olunmur. Sanki hər şeyi həll edib ruhi tarazlıq vəziyyətinı gəliblər. Bu toxdaqlığı müəllifin öz qələminə münasibətdə də qeyd edə bilərik. İllərdir içində daşıdığı yurd itkisi, daim ünsiyyətdə olduğu şəhid və qazi ailələri, onlarla söhbətdən içinə yığılıb qalan mənəvi-psixoloji yük Samirənin nasir kimi yetişməsində cəbbəxana rolunu oynayıb. Bura çalışdığı qəzet və saytlardakı jurnalistika “üniversiteti”ni də əlavə etsək, insanlarla canlı təmasının, həyat hadisələrinə bələdliyinin, yiyələndiyi yazı və dil vərdişlərinin, eləcə də mütaliə şövqünün onun bugünkü yazıçı obrazının hasilə gəlməsində az iş görmədiyini vurğulaya bilərik. Q.Markes müsahibələrinin birində jurnalist kimi fəaliyyətinin həyatındakı önəmini belə vurğulamışdır: “Bir yazıçı kimi informasiyanı mən həmişə jurnalistikadan almışam. Jurnalistika mənə gerçəkliklə daim əlaqə saxlamağa imkan yaradır. Əsl müəllim həyatdır, qalan müəllimlər onun yanında heç nədir”.

Bu mənada, “Mənim üçün qızılgül” kitabındakı hekayələr, buradakı hərəkət enerjisi, güclü emosiyaya malik yığcam epizodlar monolitliyi, detal və təfərrüat sıçrayışları ilə gələn təhkiyə yolu Samirənin illərlə qazandığı həyat təcrübəsinin nəsr formasına çevrilişidir. Bu təcrübənin daha böyük janrda və təzə bədiiyyatda öz sözünü deyəcəyinə inamım böyükdür.

Xəbər lenti