Kulis.az Nilufər Hacılının tərcüməsində dövrümüzün aparıcı poeziya tənqidçilərindən biri olan Marcori Perlofun (Marjorie Perloff) 2007-ci ilin aprelində Texas A&M Universitetində "Amerika poeziyası" mövzusunda keçirilən konfransda dilçi Enrike Mallenə verdiyi müsahibəni təqdim edir. Müsahibədə M.Perlof dilçi Mallenlə şeirin dilin proseslərinə təsirindən, poeziyada sözlərin əhəmiyyəti və mənasından, kontekstdən və qrammatik ziddiyyətlərdən nümunələr vasitəsilə bəhs edir.
- Sizcə, müasir "eksperimental" poeziya nədir?
- Əvvəla, qeyd etmək istərdim ki, "eksperimental" sözünə heç bir əhəmiyyət vermirəm, çünki bu, sözügedən şeirin sadəcə bir eksperiment olduğunu və buna görə də uğursuz ola biləcəyini nəzərdə tutur. Təsəvvür edin, Bodleri (fransız şair Şarl Pyer Bodler - tərc.) "eksperimental" şair adlandırırlar, ya da Rembonu (fransız şair Artur Rembo - tərc.)... Mən daha çox "radikal", "müxalif" və ya bizə daha çox tanış olan "avanqard" deyimlərinə üstünlük verirəm.
- Müasir poeziya Vitgenşteynçi (avstriyalı filosof Lüdviq Vitgenşteyn - tərc.) "qrammatikaya inamsızlıq" və "sualını mətnçiliyə çevirən poetika" vasitəsilə mədəni dil təcrübələrini tənqid edən "eksperimental strukturalist poeziya" olmalıdır, demisiniz. Bu barədə ətraflı məlumat verə bilərsinizmi?
- Bəli. Hesab edirəm ki, indiki çap dünyasının birbaşa ardıcıl cümlələri ilə şeir yazmaq bu gün mümkün deyil. Ətrafımızda o qədər çox dil var ki, bunlar bizi az qala bombardmana tutur. Ona görə də poeziyanın vəzifəsinin hakim dil praktikalarını məhv etmək olduğunu, onu sorğu-sual etməli və ona mədəni tənqid gətirməli olduğunu düşünürəm. Digər tərəfdən, məncə, ayrı qalmağın və ya sintaksisi tərk etməyin təkbaşına mənası yoxdur. Böyük tənqidçi Hyu Kenner istehza ilə qeyd edirdi ki, hər şey kimi, avanqard da yorucu ola bilər. Bunu xatırlamaq həmişə faydalıdır. Bu gün, dildəki bağlayıcıları çıxarıb söz sırasını pozanda maraqlı şeir yarana biləcəyinə inanan adamlar var. Bunun əksinə, Vitgenşteynin (avstriyalı filosof Lüdviq Vitgenşteyn - tərc.) mənə dəqiq öyrətdiyi bir şey varsa, o da sadə görünən bir cümlənin kontekstdən asılı olaraq olduqca maraqlı ola bilcəyidir. Nümunə aldığım insanlardan biri Samuel Bekketdir və o, "Vatt" romanında "Cənab Knot qolunu yerə atdı", kimi sadə cümlələrdən istifadə edir. Qolunu yerə atmaq nə deməkdir? Bu barədə necə danışmaq olar?
- Elə isə xüsusi bir ifadəyə diqqət yetirməliyik?
- Bu, əsasən kontekst məsələsidir. Məncə, kontekst həyati əhəmiyyət daşıyır. Bir şeyi kontekstə necə qoya bilərik? Bir ifadə bu və ya digər kontekstdə nə mənaya gəlir? Bir kontekstdə tamamilə ağlabatan ola bilər, digər kontekstdə isə yox. Vitgenşteynin ağrı haqqında fikirləri buna gözəl nümunədir. "Ağrım var" deyəndə nəyi nəzərdə tutduğunu harda bilirsən? Mən səni aldada bilərəmmi? Ağrılarımın şiddətini, təbii ki, əgər mən ağrıyıram deyib səni aldatmıramsa, heç vaxt bilməyəcəksən. "Oxumaq" sözü də eynidir. "Sənə bu hekayəni oxuyacağam" dediyim vaxt, bəlkə də bu hekayəni əzbərləyib beynimdən köçürdüm. "Oxumaq" əslində nə deməkdir? Ən sadə sözlər və cümlələr belə olduqca mürəkkəb ola bilər.
- Növbəti sualım Gertruda Stayn və "qrammatik hərəkət" adlandırdığımız şeylə bağlıdır. Sizin açıqlamanıza görə, Staynın "Yumşaq düymələr" ("Tender Buttons") əsərində təqdim etdiyi yenilik "sözlərdəki görünən şeylərin strukturunu ön plana çıxarmaqdır".
- Əlbəttə. Staynın işlətdiyi üslubda qrammatik uyğunsuzluğu Corc Oppen, Lui Zukofski və Çarlz Bernşteyndə görə bilərik; lakin Stayn özünəməxsusdur. Onun "Qızarmış kartoflar" adlı şeiri var, ümumilikdə üç sözdən ibarətdir: "Üçün kartof qızartması" ("Roast potatoes for"). Kimin üçün və ya nə üçün? Bu kartof qızartması nahar üçündür, yoxsa mənim üçün? Buradakı "for" sözü "four" sözünə, yəni fransızcadakı "soba" sözünə işarədirmi? "Pommes du four": "Kartof qızartması"? Siz Staynda inanılmaz şifahi strukturlar tapa bilərsiniz. Ancaq hamısı qrammatikadan kənar deyil. Məsələn, Gertruda Staynın məşhur sirli sitatını götürək: "Ağ bir ovçu az qala dəlidir". Bunun nə demək olduğunu heç kim bilmir. Əvvəlcə, adamın ağlına gəlir ki, "Heminqueydən bəhs edir". Elə ötən gün 16 yaşlı böyük nəvəm atası və bibisiylə Oaxaka səfərindən danışarkən dedi: "Atam məni dəli edir. Böyük papaq geyinir. Xarabalıqlara gedərkən belə geyinmək uyğun deyil". O, atası ilə çalxantılı münasibətdə olduğu yaşdadır. Onun dediyi "Atam məni dəli edir" ifadəsi idi. Ona dedim ki: "Bilirsənmi, bu sitat mənə Gertruda Staynın "Ağ bir ovçu az qala dəlidir" misrasını açdı. Hazırda atanın görünüşü məhz belədir. Staynın cümlələri insanı valeh edir, onların sirri bizi izləyir.
Eyni zamanda, dəqiqlik haqqında, Ezra Paund kimi demək olarsa "tam dəqiqlik" haqqında danışa bilərik. Siz dilçi olduğunuz üçün bu sizin maraq dairənizə girir, xüsusən də Paundun tezində dediyi kimi, ən qrammatikaya zidd və modern şeirdə belə dəqiqlik deyə bir şey olmalıdır. Əgər şeirdə söz işlədirsənsə, o sözü işlətmək üçün səbəbin olmalıdır. Siz heç bir sözü boşuna işlədə bilməzsiniz. Bu yaxınlarda Amerika Poeziya İcmalı ("American Poetry Review") jurnalında qocalıq və yetmiş yaşına çatmağın çətinliklərindən bəhs edən bir şeir oxudum. Şair "Və bilirsən, yaddaşın yox olur" kimi bir cümlə qurmuşdu. Sonra da belə əlavə etmişdi "Amma yenə də hər gün günəş yox olur və ertəsi gün yenidən geri qayıdır". Lakin reallıqda günəş yox olmur, sadəcə, xüsusi yerlərdə gözlə görünmür. Burada "yox olmaq" birləşməsi tam da yerində deyilmiş söz deyil.
- Eyni zamanda, "Yeni poetika üçün başqa mənbələrdən alınan söz və ifadələrin uyğunlaşdırılması yayılmış metoddur", demisiniz. Bu vacibdirmi?
- Əlbəttə. Məsələn, Çarlz Bernşteynin keçən il Brayn Ferneyholf ilə yazdığı bir opera üçün bəstələnmiş "Kölgə zamanı" ("Shadowtime") mahnısının sözlərini götürək. Bu sözlər mətndən asılı olmayaraq da oxuna bilər və Valter Benjaminin həyat və yaradıcılığından bəhs edir. Çarlzın burada etdiyi şey Benjaminin həqiqətən də istifadə etdiyi sözləri götürüb mətninə daxil etməkdir. Bu mətnin kiçik bir hissəsində Çarlz Benjaminin məşhur "Marseldə sirr" yazısından on cümlə götürür və onları dəyişdirib yaxın mənalı sözlərlə əvəz edərək yeni mətn yaradır. Müasir yazıda çoxlu sitat və intertekstuallıq var.
- Bu kontekstdə ağla gələnlər arasında Pikassoya qarşı plagiatlıq ittihamları da var, onun digər rəssamların fikirlərini oğurladığı deyilirdi. Amma bir çox rəssamlardan parçalar götürüb orijinal şəkildə emal edəndə yeni bir formasiya yaranmazmı?
- Maraqlı sualdır. Düşünürəm ki, bu əslindən daha da irəli getdi. Yəni şair və rəssamların başqa əsərlərindən sitatlar götürüb onları yeni üslubda təqdim etdiyini deyə bilərsiniz, lakin bu gün yeni yaranan mətnin hamısını hardansa götürülmüş mətn, ya da yeni formada çərçivəyə salınmış uyğunlaşma ola bilir. Borxes də belə edib, yəni bu, yeni şey deyil. Təbii ki, əksər oxucular belə mətnləri sevmir. "Filankəs heç bir orijinal söz işlətmir", dediklərini eşitmişəm; lakin mənbə mətnin surətini çıxarmaq asan deyil.
- Stayna qayıtsaq, Gertruda Staynın Pikassodan təsirləndiyi, kubizmdən bəzi fikirlər götürərək ədəbiyyata tətbiq etdiyi düşünülür. Amma indi bunun birtərəfli olmadısı barədə fikirlər var. Deyilənə görə, Pikassonun ingilis dilini oxuya bilməməsinə baxmayaraq, o, eyni dərəcədə Stayndan təsirlənmiş ola bilər.
- Eynilə, Marsel Düşan kimi bir çox insana təsir edib. "Qeyri-müəyyənliyin poetikası" (1981) (Poetics of Indeterminacy) əsərimdə Pikasso vasitəsilə Staynın kubizmini yazdım, lakin bu terminin onun yaradıcılığına aid olub-olmadığına artıq əmin deyiləm. Staynın Pikassodan ilham aldığı açıq-aydın görünür, lakin Marsel Düşan Stayndan təsirlənməyə daha yaxşı nümunədir. Biz bilirik ki, Düşan onun əsərlərini oxuyub yüksək qiymətləndirib, lakin Pikasso bu əsərlərə baxmayıb belə. Pikasso onu böyük himayədar kimi görürdü. Pikasso Staynın salonunu sevirdi və Stayn onun rəsmlərini alırdı. Düşan onu başa düşürdü, çünki onların estetikası oxşar idi. Stayn, necə ki "yumşaq düymələri" kontekstdən çıxarıb şeirdə işlətmişdi, Düşan da "butulka rəfi" və ya "paltar asılqanı" kimi adi əşyaları kontekstdən çıxarmışdı. Bu da, şübhəsiz ki, estetik inqilab idi.
- ABŞ-da poeziya tənqidinin hazırkı vəziyyəti haqqında nə düşünürsünüz?
- Məncə, vəziyyət o qədər də ürəkaçan deyil. Əllinci və altmışıncı illərin əksinə olaraq, bu gün məsələ artıq "çiy" və "bişmiş", meynstrim və müxalif kimi məfhumlar ətrafında getmir. Ona görə də hər kəs şeirin hər növünə qarşı "ədalətli" olmağa çalışır. Nəticədə, diskurs ümidsiz və tənqiddən tamamilə uzaq qalır.
Bununla yanaşı, nəzəriyyəçilər artıq poeziyadan, heç olmasa çağdaş poeziyadan danışmaq istəmirlər. İnsanlar müasir poeziya haqqında mühakimə yürütməkdən qorxurlar. Xüsusən də azlıq şairlərini tənqid etməkdən qorxurlar. Bu, acınacaqlı haldır, çünki Latın Amerikasında böyük əsərlərin yarandığı düşünülsə də, Amerikada yazılan şeirlərin də yaxşı olduğunu söyləməliyik. Halbuki digər Amerikada, sərhədin cənubunda hansı cür şeir olduğunu bilmirik.