Logo

Səhvlər, az qala, gözə girir – Sevda Sultanova yazır...

05.09.2022 22:06 350 baxış
IMG

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Tətildə mütaliə etdiyim kitablardan ikisi dilimizə tərcümə olunmuş əsərlər idi: Andrey Tarkovskinin “Həkk olunmuş zaman” və İnqmar Berqmanın “Sehirli fənər” adlı memuarları. Berqmanın memuarlarını lap çoxdan “İnostrannaya Literatura”da oxumuşdum. Əsərin Azərbaycan dilinə tərcüməsini yenidən oxumaqla yaddaşımı bir daha təzələdim.

Hər iki kitabın əhəmiyyəti və tərcüməsinin keyfiyyəti ilə bağlı fikirlərimi, xüsusən, kino sahəsinə marağı olanlarla paylaşmaq istəyirəm...
“Azərbaycan” kinoteatrında gənc rejissorların filmlərinin nümayiş zamanı, müzakirə hissəsində müəlliflərdən biri Əfsanə Yusifova tamaşaçıların suallarını cavablandıranda bir neçə dəfə, üzr istəyərək Tarkovskidən sitat gətirdi. Əslən Cənubi Azərbaycandan olan rejissor Ərturan Nəcəfi Göl

Tarkovskinin fikirlərindən sitat çəkəndə üzr istəməyi anlamadığını dedi. İzah etdik ki, Tarkovskinin yaradıcılığı haqda səthi təsəvvürlərə malik bir qism kino adamının rejissordan onu anlayırmış kimi iqtibas gətirməyi qıcıq doğurur. Və gənc rejissor qıcıq doğuracağını nəzərə alaraq üzr istəyir.
Tarkovskinin kino konsepsiyasını dərindən, həqiqətən dərk etmək istəyən oxuculara,

Azərbaycan Kinematoqrafçılar İttifaqıyla “Parlaq İmzalar” nəşriyyatının ortaq layihəsi əsasında yayımlanan “Həkk olunmuş zaman”ı oxumağı mütləq tövsiyə edirəm. Kitab Tarkovskinin kinoya baxışlar sistemi, sənətkar əqidəsi haqdadır, müəllif filmlərinin məzmununu, ideyasını açır və kinematoqrafik nöqteyi-nəzərdən təhlil eləyir. Burda eyni zamanda Tarkovskinin ölüm və həyat, dinlə bağlı metafizik, fəlsəfi fikirləri də yer alıb. Hərçənd, onun poetik kino, montaj, səhnə mizanları, kinomatoqrafik obraz, musiqi, təsvir həlli, ssenarinin ilkin versiyası ilə rejissor ssenarisi arasında fərq haqda fikirləri, ümumiyyətlə, kino təcrübəsi daha əhəmiyyətli bilgilər verəcək.

Əlbəttə ki, rejissorun bəzi məsələlərə münasibətini mübahisələndirmək də olar, montajın funksiyasının, əhəmiyyətinin böyüdülməsinə, sənətdə eksperimentlərə skeptik yanaşması və s. Lakin bütün hallarda “Həkk olunmuş zaman” vacib kitabdır. Onu da deyim ki, kitab müəyyən bir kino bazası, ədəbi, təsvir bilgilərinə malik adamlar üçün daha rahat qavranılandır.

Tərcüməni, bu sahədə illərin təcrübəsini toplamış Azad Yaşar edib. Azad Yaşarın müxtəlif ədəbi tərcümələrini böyük zövqlə oxumuşam. Həmçinin, “Həkk olunmuş zaman” kimi spesifik dilə malik və kino sahəsində bilgi tələb edən əsər peşəkarcasına çevrilib. Kino sahəsinin adamı olmasına baxmayaraq, Azad Yaşar rejissorun fikirlərinin kontekstini dəqiq tutub. Çünki bir əsəri çevirməkdən ötrü hər iki dili mükəmməl bilmək kifayət deyil, mütləq əsərin kontekstini dərk etmək, duymaq vacibdir. İstənilən sahəyə aid əsəri həmin sferanın mütəxəssisi redaktə edəndə ortaya daha yaxşı iş çıxır.

Redaktor Toğrul Musayev sahə üzrə mütəxəssis olmasa da, kinoyla bağlı ona qaranlıq qalan hər detalı araşdırdığını deyir. Zatən tərcüməçiylə yanaşı redaktorun məsuliyyətli yanaşması kitabda görünür. Xırda-para yanlışlıqlar olsa da, (xüsusi isim və film adlarında) kontekstin düz olduğunu bir daha deməliyəm.

Berqmanın “Sehirli fənər”inə gəlincə. Berqman o rejissorlardandır ki, onun filmləri haqda təsəvvürün formalaşması və dərki üçün bioqrafiyasına nəzər yetirmək zərurəti yaranır. Rejissorun bioqrafiyası, eyni zamanda, ciddi həyat təcrübəsi baxımından maraqlıdır. Berqmanın yaradıcılığının əsas mövzuları ailə institunun, ər-arvad, valideyn-övlad, qardaş-bacı, dini münasibətlərinin fonunda fərdin böhranıdır. Və onun filmlərində şəxsi təcrübəsi müxtəlif variasiyalarda bədii həllini tapır. Bu mənada onun memuarları yaradıcılığı ilə bağlı müəyyən ipucları verəcək.

Əsəri istedadlı yazıçı Həmid Piriyev çevirib. “Sehirli fənər”in stilistikası, dili “Həkk olunmuş zaman”la müqayisədə nisbətən asandır. Lakin kitabı oxuyanda belə təsəvvür yaranır ki, onun əvvəlini və sonrasını iki fərqli adam çevirib. Əvvəli daha keyfiyyətlidir, ikinci hissədə isə redaktə (Orxan İmanov) səhvləri, az qala, gözə girir. Bəzi film adlarında yanlışlıqlar da həmçinin. Konkret misallar verib, söhbəti uzatmaq istəmirəm. “Alatoran nəşrlər evi”nin rəhbəri Rasim Qaraca ilə qısa söhbətimiz oldu, qeydlərimi göndərəcəm, növbəti nəşrdə, yəqin ki, nəzərə alınacaq.

Təəssüf ki, ölkədə kino sahəsində ədəbiyyat azdır və bu mənada hər iki kitabın nəşri əhəmiyyətlidir. Əlbəttə ki, keyfiyyət faktorunu nəzərdən qaçırmamaq şərti ilə.

Xəbər lenti