Kulis.az Rəvan Cavidin ““No war” – no peace…” yazısını təqdim edir.
Bu gün sosial şəbəkələrdə ən populyar həştəq “no war”dır (bir də olmasın). “No war”, yəni müharibəyə yox! Bu ifadənin döyüş şəraitində olan Azərbaycanın vətəndaşı tərəfindən məlum məsələlər haqqında deyilməsi həm siyasi savadsızlığın göstəricisidir.
Çünki “No war” işğalçı bir ölkənin əhalisi tərəfindən səsləndirilən şüardır.
Gəlin daha sadə izah edim. Məsələn, Rusiya-Ukrayna müharibəsində “no war” şüarını səsləndirəcək cəmiyyət rus cəmiyyətidir. Çünki ruslar birmənalı şəkildə ukraynalıların ərazisini işğal edir, mülki əhalini öldürür, dağıntılara səbəb olur. Rusiyanın bu müharibədə hərbi etikası da yoxdur. Ona görə də, ruslar ölkəsinin işğalçı kimi tanınmasına mane olmaq, ölkəsini, ordusunu bundan çəkindirmək üçün sülh çağırışları edir.
Bəs Ermənistan-Azərbaycan münaqişəsində məsələ nədir? Mən İkinci Qarabağ müharibəsində sosial şəbəkələri izləyə bilməmişəm. Ancaq “facebook”un yaddaş kitabçası müharibə ərəfəsində azərbaycanlı gənclərin də “no war” çağırışları etdiyini xatırladır.
Otuz il torpaqları işğal altında qalan bir millətin müharibə dövründə “biz sülh istəyirik, biz erməniləri öldürmək istəmirik” çağırışları kənardan gülünc və xəcalətli görünür. Bu həmin gənclərdir ki, bütün günü haqlarının tapdalanmasından, insan hüquqlarının pozulmasından, şəxsiyyətlərinin alçaldılmasından ağız dolusu danışırlar. Bu o gənclərdir ki, dünyada haqq-ədalətin bərqərar olunmasını istəyirlər. Ancaq öz ölkələri başqa bir ölkənin ordusu tərəfindən işğal olunur, cəbhə xəttindən kilometrlərlə uzaq sivil şəhərləri (Gəncə, Bərdə, Mingəçevir) bombalanır və onlar bu raketləri görməzdən gəlirlər.
Ermənilərin “10 Noyabr Bəyannaməsi”nə əməl etməyərək minalanmış ərazilərin xəritəsini verməməyi, işğaldan azad olunmuş ərazilərdə hələ də mina təhlükəsinin qalması, sərhəd ərazilərdə erməni terrorçularının yerləşdirilməsi, müharibədən sonra da atışmaların davam etməsi, siyasi heyətin sülh çağırışlarının cavabsız qalması nə dərəcədə düzgün idi?
Bu gün kütləvi şəkildə propaqanda apararaq “no war” çağırışı ilə ordu sıralarında döyüşən əsgərlərin döyüş əhval-ruhiyyəsini sındırmaq istəyənlər ermənilərin Birinci Qarabağ müharibəsində və ondan sonrakı otuz il müddətində “Bakıya qədər gələcəyik!”, “Axırıncı türkü də öldürəcəyik!” şüarlarını eşitmirdimi? Və bunu erməni əsgərlər, zabitlər yox, məhz erməni vətəndaşları, sivilləri deyirdi. Ermənilər üçün bu müharibə Azərbaycanı yer üzündən silinənə qədər davam etməli idi. Hazırda da Naxçıvan üçün dəhliz vermək istəməyən ermənilər yaxın tarixdə öz liderlərini sülh istədiyinə görə linç etmədilərmi?
Bu gün Azərbaycanı haqsız mövqedə görənlərin hansı kriteriyalarda sülh istədiklərini başa düşmək olmur. Dedikləri, istədikləri bütün prinsipləri birinci ermənilər pozduğu, sülh sazişlərinə əməl etmədikləri halda nəyə görə döyüş əməliyyatlarında ordumuz haqsız adlandırılmalıdır?
Sülh hər iki tərəf sakitləşəndə, hər iki tərəf atəşkəsə əməl etdikdə başlayır. Ermənilərin təxribatı davam edirsə, sülhdən söhbət gedə bilməz. Bunu başa düşmək üçün politoloq olmaq lazım deyil. Sadəcə hadisələri diqqətlə izləmək, yaxın və uzaq tarixi yaxşı oxumaq lazımdır.
Necə olur ki, rusların işğal siyasətini qınayanlar erməni işğalı qarşısında “sülh” istəyir? “No war” çağırışları edəcək cəmiyyət ermənilər olduğu halda, (əlbəttə, sağlam düşüncəli ermənilər də var və onlar da sülh istəyir) bunu torpaqları işğal olunmuş, dünya ölkələrinin öz ölkəsinə qarşı cəbhə almış vətəndaşlar edir.
Məsələnin bir başqa tərəfi də həmin gənclərin BMT-nin Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəslində vurğulanan “Sülhə məcburetmə” anlayışından bixəbər olmasıdır. Bu, döyüş şəraitində olan iki ölkədən birinin sülh sazişini pozması və ya döyüşə davam etməsi dövrünə aid edilir. BMT-nin Təhlükəsizlik Şurasının nizamnaməsində “Sülhə məcburetmə” belə ifadə olunur:
“Hərbi gücün əksər halda döyüşən tərəfin iradəsinə zidd olaraq bir münaqişədə sülhün bərpa olunması məqsədilə tətbiq edilməsi”.
Ermənistan iki il qabaq imzaladığı sülh sazişini pozursa, yenidən təcavüzə meyllənirsə (Sentyabr hadisələri), mülki əhalini hədəf alırsa, Azərbaycanın Ermənistanı islah etməsi üçün hərbi gücdən istifadə etməsi tamamilə BMT nizamnaməsinə uyğundur.
Azərbaycanı bugünkü döyüşlərdə işğalçı adlandıran gənclərin siyasi müstəvidə nə qədər kasad biliklərinin olmasının təzahürüdür ki, hələ də ermənilərin yerinə “no war” çağırışları ilə kimlərəsə yarınmağa çalışırlar.
Bu gün azərbaycanlıları məhz bu mövzuda tənqid edən avropalılar 1991-ci ildə Körfəz müharibəsində İraqa qarşı cəbhə almışdılar. Ona görə ki, qəbul edilən qətnamələr və sazişlər İraq hökuməti tərəfindən pozulmuşdu (bax: İraq-Küveyt müharibəsi). Otuz yeddi ölkə İraqı “tənbeh” etmək üçün koalisiya yaratdı. Tarix bu və ya başqa formada özünü təkrarlamağı sevir. Otuz il sonra Cənubi Qafqazda baş verənlər İraq-Küveyt böhranından o qədər də fərqlənmir. Belə çıxır ki, dünya həm güclü, həm ədalətli bir cəmiyyətin olmasını həzm edə bilmir.
Bu gün “No war” çağırışı edənlər anım günündə – sentyabrın 27-si mənimlə bərabər II Fəxri xiyabanda şəhid məzarlığında idi. Mənim eşitdiyim fəryadları onlar da eşidirdi. Mənim gördüyüm mənzərə ilə onlar da göz-gözə gəldilər. O anaları, o ataları, o yetim qalmış körpələri onlar da gördü. Bəs belə mənzərələrin artması nə dərəcədə ədalətlidir? Düşmənin islah olunmadığı təqdirdə daha çox şəhidin olacaq, daha çox ana gözüyaşlı qalacaq. Hərbi etikası olmayan, sazişlərə əməl etməyən bir düşmənin varsa, əlbəttə, ona şillə çəkəcəksən ki, yerini bilsin.
İkinci Dünya Müharibəsindən sonra Çörçill ruhdan düşmüş, yaxınlarını itirmiş sosialistlərə ürək-dirək verəndə bunları deyirdi:
“Bir dövlət hərb və xəcalət arasında qalıbsa və xəcaləti seçirsə, o dövlət həm müharibədə iştirak edəcək, həm də xəcalətli qalacaq. Yox, müharibəni seçirsə, əlbəttə, o güclü və qürurludur”.
Dünyanın sülh içində firavan olması hamımızın istəyidir. Heç kim ölüm-itim istəmir. Amma müharibə başlayıbsa, döyüşməli, qalib olmalı və haqqın olanı almalısan.